Kocaelidə Azərbaycan-Türkiyə qardaşlıq meşəsi salınıb

90

Türkiyənin Kocaeli vilayətində Azərbaycan-Türkiyə qardaşlıq meşəsi salınıb. Aprelin 2-də adıgedən ərazidə ilk ağac tinglərinin əkilməsi mərasimi keçirilib.

Meşəlik ərazinin salınması Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşəbbüsü ilə baş tutub.

44 günlük Vətən müharibəsi zamanı da “Bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyə arasındakı əlaqələrin daha dərinləşməsinə töhfə vermək və bu qardaşlığı növbəti dəfə dünyaya nümayiş etdirmək məqsədilə salınan meşəlik ərazi Kocaelinin Başiskele Bələdiyyəsinin ərazisində qurulub.

Ölkəmizin İstanbuldakı Baş Konsulluğunun konsulu Zaur Allahverdi-zadə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Kocaeli üzrə sədri Aydın Ünlü, Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri Tahir Büyükakın, Milliyyətçi Hərəkat Partiyasının, bələdiyyələrin, Azərbaycan-Türkiyə dərnəklərinin nümayəndələri və başqaları tədbirdə iştirak ediblər.

Çıxış edənlər keçirilən aksiyanı iki qardaş ölkə arasındakı tarixi bağların növbəti nümunəsi və dünya ölkələri üçün nümunəvi addım olduğunu bildiriblər. Vurğulanıb ki, hər zaman olduğu kimi, Azərbaycanın şanlı Zəfərlə nəticələnən Qarabağ müharibəsində də Türkiyə qardaşının yanında olduğunu bütün dünyaya bəyan etdi. Kocaelidə salınan bu yaşıllıq zonasının qardaş birliyinin Türkiyədəki növbəti nümunəsi olduğu qeyd edilib.

Ümumi sahəsi 60 min kvadratmetr olan qardaşlıq meşəsində 4 573 ədəd müxtəlif növ ağacın əkilməsi nəzərdə tutulur. \\Report