KİVDF -dəki mənimsəməyə prokurorluq niyə göz yumub ?Bəs Hesablama Palatası hara baxırdı?

678

Keçmiş KİVDF –nin keçmiş sədri Vüqar Səfərlinin büdcə vəsaitlərinin mənimsənilməsi və digər ittihamlarla həbs olunması toplumda, özəlliklə mətbuata dövlət dəstəyindən qıraqda qalan və bu dəstəyin təyinatı üzrə xərclənməməsindən narazı qalan media qurumlarında haqlı  sual doğurur :BƏS PROKURORLUQ, HESABLAMA PALATASI HARA BAXIRDI? Baş prokurorluğun baş verənlərdən xəbərsiz olduğunu iddia etmək absurddur. Əksinə, KİVDF ilə prokurorluğun, özəlliklə, obyektiv  tənqidə söykənən mətbuatı haqq etdikləri mənzillərdən məhrum etmə sahəsində açıq, qaydaya salınan iş birliyi mövcuddu. Keçmiş prezident köməkçisinin, KİVDF sədrinin “mənzil iştahı” elə ağlasığmaz qaydalar tətbiq edirdi ki! Bunlardan biri də prokurorluğun xəbərdarlıq etdiyi mətbuat orqanına mənzil(lər) verilməsindən imtina edilməsi idi! Absurda baxın, mənzil bölgüsü ərəfəsində prokurorluq  KİVDF -nin, prezidentin köməkçisinin barmaq işarəsi ilə “xoşagəlməz” mətbuat orqanına xəbərdarlıq edərək, çoxillik mənzil  ümidlərini bir xəbərdarlıqla öldürürdü. Yəqin ki, yaddaşlı şəxslərin yadından çıxmaz, KAXCP sədri  Mirmahmud Mirəlioğlunun “Hürriyyət”də müsahibəsinin dərc olunması və müsahibədəki bəzi fikirlərin prokurorluğun xoşuna gəlməməsi ilə sözügedən KİV orqanı tam heyətlə mənzil hüququndan məhrum edildi. Hətta Mirmahmud bəyin onun fikrinə  görə mətbuatı cəzalandırmağın yolverilməzliyini vurğulaması da sonucsuz qaldı.

Fikirləşmək olar ki, media nümayəndələri özləri də baş verən qanunsuzluqlar haqqında prokurorluğa, digər hüquq mühafizə orqanlarına, Hesablama Palatasına, Ombudsmana müraciət etməkdə maraqlı olmayıblar. Ən azı, belə müraciət hüququndan yararlanma ilə prokurorluğun xəbərdarlığını almaq qorxusundan . Düzdür, mənzilsiz, yardımsız qalmaq qorxusu böyük önəm daşıyır, amma qorxunu gözünə alanlar da az deyil. Onu da vurğulayaq ki, Hesablama Palatasının büdcə vəsaitlərinin düzgün xərclənməsini yoxlamasına heç bir müraciət tələb olunmur. Eləcə də baş prokurorluğa. Yəni, indi məlum olan yeyinti, mənimsəmə mexanizmi əvvəlcədən razılaşdırılıb və hərə öz payını da alıb. Bir də Prezidentin köməkçisinin işini “yuxarı”dan göstəriş olmasa, kimin həddi nədir yoxlasın?

Bu sətirlərin yazarının Prezidentin keçmiş köməkçisi Əli Həsənovun, KİVDF sədrinin qanunsuzluqlarından ali dövlət və mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə orqanlarına, Ombudsmana, Hesablama Palatasına çoxsaylı şikayətlərinə indiyədək baxılmayıb. Baş prokurorluq (eləcə də digərləri)  isə şikayəti qanunun tələbinə zidd olaraq  barəsində şikayət edilən KİVDF sədrinə göndərib, “müraciət müəllifinə cavab verməyi” xahiş edib! (?) Fikir verin, KİVDF -dəki korrupsiyaya hüquqi qiymət verilməsini tələb edən vətəndaşın şikayətini baş prokurorluq korrupsiyaya yol verən qurumun və vəzifəli şəxsin  özünə göndərir və XAHİŞ EDİR Kİ,  RÜŞVƏT MƏMURU VƏTƏNDAŞA CAVAB VERSİN! (?) Ona görə də, necə deyərlər, xiyar əyri bitir də!

İndi isə baş prokurorluq keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində KİVDF sədrinin onlarla milyon manatlıq mənimsəmə faktında şübhəli olduğunu bildirir. Vaxtında vətəndaş müraciətlərinə baxılması qanunauyğun şəkildə baş versəydi, heç bu qədər dövlət vəsaiti mənimsənilməz, KİVDF sədri də   həbs olunmazdı . NƏ ƏCƏB BAŞ PROKURORLUQ VÜQAR SƏFƏRLİDƏN BU DƏFƏ MƏNZİL XAHİŞİ ETMƏYİB? Yəni, mənzil -ev dustaqlığı seçilməsi qətimkan tədbirini?

Baş prokurorluğun, yanındakı korrupsiyaya qarşı mübarizə idarəsinin olanlara göz yumması antikorrupsiya siyasətinin iflasa uğramasını deməyə əsas verir.

Məğrur Bədəlsoy