Kimlər Azərbaycanda dövlət çevrilişinə cəhd edib?

492

İlqar Altay: “Bütün antimilli məmurlar “tərksilah” edilib, həbs cəzası almalıdırlar”

“Rusiyanın bütün postsovet respublikaların hakimiyyəti, müxalifəti və cəmiyyətinin içində, onun imperiya maraqlarına xidmət edən “5-ci kolon” şəbəkəsi var”

Bugünlərdə modern.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bildirib ki, Azərbaycanda təmizləmə prosesi getməlidir. Deputat bu fikrini əsaslandırarkən Qarabağda rus sülhməramlıları yerləşdiriləndən sonra Azərbaycanda “5-ci kolon”un dirçəldiyini, sanki onlara ikinci dəfə nəfəs verildiyini əlavə edib: “Öz “böyükləriylə” məsləhətləşmələr apararaq, Azərbaycanda müəyyən oyunlar qurmağa başladılar. Kifayət qədər pulu, gücü olanlar dövlət çevrilişi etmək niyyətinə düşdülər. Amma xalq, əhali prezidentin arxasındadır. 44 günlük müharibə bir daha Ali Baş Komandanın əzmini sübut etdi. Ona görə də kimsə hansısa niyyətə düşsə, dərhal cavabını alaraq, yerində oturdulacaq”.

Qeyd edək ki, millət vəkilinin “hakimiyyət çevrilişi” vurğulu çıxışı cəmiyyətdə ciddi reaksiyaya, mediada, o cümlədən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. “Hürriyyət”in məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay bildirib ki, Rusiyanın bütün postsovet məkanı respublikaların hakimiyyəti, müxalifəti və cəmiyyətinin içində, onun imperiya maraqlarına xidmət edən “5-ci kolon” şəbəkəsi var: “Bu, onun sovetlər dağılandan sonra müstəqilləşmiş dövlətləri öz təsirində və təhdidində saxlamaq üçün mühüm vasitələrdən biridir. Rusiyanın bu “kolonları” əsasən üç Cənubi Qafqaz respublikasında hər zaman güclü olub. Son illər bir qədər zəifləsə də, Azərbaycanda hələ müvazinətini saxlamaqdadır. Ancaq burada bir məsələ var. Yəni, belə bir təhlükə sağlam fikirli ehtiyatlımı, ya ictimai təşviş, qarışıqlıq səviyyəsində narahat olma həddindədir? Ölkəmizin təhlükəsizlik məsələsini daim diqqət və nəzərdə saxlayan biri kimi müşahidə və analizimlə deyə bilərəm ki, bu “çevriliş” söhbəti bu saatkı dövr real narahatedici, təşviş vahiməli təhlükə yox, dövlətimiz, xalqımız tərəfdən anındaca önlənə bilən ehtiyatedici ehtimal dərəcəsindədir. Niyə? Birincisi, dövlət başçısı həm hərbi, həm siyasi cəhətdən kifayət qədər təkmil liderdir ki, belə bir çevriliş reallığı olan halda həm öz daxili hakimiyyət, həm xalq-cəmiyyət, həm xarici Azərbaycantərəfli ölkələr, qüvvələr dəstəyini cəmləyib, işə salıb belə bir halın qarşısını alsın. Özü də ki, sərt. Bizim yenicə müharibədən çıxmış igid ordumuz, XTQ və xüsusi xidmət, təhlükəsizlik orqanları da buna təlim, təkmilli hazırdır”.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbərinin sözlərinə görə, xalqımız, cəmiyyətimiz 44 günlük müharibədə göstərdi ki, kifayət qədər Vətən və milli mənafe sevərdir: “Yəni, təşviş və həyəcan, stresə varmayaq. Bununla belə, təbii ki, bir dəqiqə belə arxayınlaşmayaraq nəzəri, ehtimallı təhlükələrə qarşı ehtiyatı əldən verməməliyik. Ölkədə və xüsusən də dövlət hakimiyyəti içində az, ya çox dərəcədə hakimiyyət və resurs imkanlı, Azərbaycanı istəməyən təzyiq təhdidli dövlətlərin qarşısında öhdəlikli olan məmurlar, onların “5-ci kolon” şəbəkəsinin olması, dövlətimiz, xalqımız, ölkəmizin suverenliyi üçün daim təhlükə mənbəyidir. Belə davamlı olmaz, ölkə və dövlət üçün. Biz, Tanrının və talenin bəxş etdiyi dövlət müstəqilliyi kimi tarixi şansımızı boş dayanıb əldən verə bilmərik ki, bizi yenə də 100 illərlə imperiya sıxıntısı altında saxlama niyyətli dövlət gətirib öz Köçəryan, ya Muradov tipli buxovunu vətənimizin boynuna keçirtsin. Qəti yox! Fikrimcə, burada iki yol var. Ya həmin məmurlar “silahı” yerə qoyub, təslim olub, prezident və xalq qarşısında günahlarını etiraf etməklə istefa verməli, qeyri-qanuni topladıqları vəsait və varidatı dövlətə, xalqa qaytarmalıdırlar. Ya da vətənsevər dövlət və xalqın birliyində necə, Qarabağ işğalı üzərinə gedildi, elə də bütün antimilli məmurlar, qüvvələrin üzərinə gedilib “tərksilah” edilib, həbslə cəza almalıdırlar. Onlar bilməlidir ki, tutduqları yol hüquq və vicdanla, Vətənə xəyanətdir”.

Valeh TÜRKSOY