Kasıblar pensiya da ala bilməyəcək…

381

Və yaxud Azərbaycanda pensiya haqqında qanun varlılar, məmurlar üçün qəbul edilib?

Ayda 250 azn maaş alanlar fasiləsiz 38 il 4 ay işləməlidir ki, əmək pensiyası ala bilsin…

İqtisadçı Qubad İbadoğlu: “Azərbaycanda 2,5 milyon nəfər 65 yaşına çatsa belə, onlara pensiya deyil, qocalıq müavinəti veriləcək”

İqtisadçı Rəşad Həsənov: “Azərbaycan vətəndaşını 65 yaşla pensiyaya çıxartmaq ədalətsizlikdir

İqtisadçı-ekspert Günay Hüseynova: “Təqaüdə çıxan insanlara dərman preparatları, tibbi vasitələr, nəqliyyat vasitələrində gediş haqqı və kommunal xidmətlər pulsuz olmalıdır

Sosioloq Aynur Hacıyeva: “İnsanların aldıqları pensiya onların yaşaması üçün yetərli deyil…”

“Azərbaycanda median əmək haqqı 343 manatdır. Bu o deməkdir ki, hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının – 845 min 900 nəfərinin maaşı 343 manat və ondan aşağıdır. Bu yalnız yaşam şərtlərinin çətinləşdiyi indiki şəraitdə dolanışığı pisləşdirmir. Həm də gələcəkdə pensiya təminatında problem yaradır”.

Bunu iqtisad elmləri namizədi, iqtisadçı Qubad İbadoğlu sosial şəbəkə hesabında bildirib. O, 250 manat maaş alan insanların minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il çalışması olduğunu deyib:

“Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.

Əgər sizlərdən kimsə işsizdirsə və iş axtara axtararaq qocalırsa, o, pensiya ala bilməyəcək.

Əgər sizlərdən kimsə günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa o da pensiya ala bilməyəcək.

Əgər sizlərdən kimsə əmək müqaviləsiz çalışırsa, o da pensiya ala bilməyəcək.

Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.

Əgər sizlərdən kimsə işləyirsə, ayda 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il çalışması gərəkdir.

Əgər sizlərdən kimsə işləyirsə, ayda 300 manat maaş alırsa onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il çalışması gərəkdir.

Əgər sizlərdən kimsə işləyirsə, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir”.

Qubad İbadoğlu mimimum pensiya məbləğinin 300 manata qədər artırlacağı təqdirdə, minimum pensiya kapitalının 43200 manata qalxacağını vurğulayıb:

“Bu hesablamar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq. Hazırda 28800 manat minimum pensiya kapitalını yığa bilməyənlər pensiyaya çıxa bilmirsə, onda 36 min manatı və ya 43200 manatı necə toplayacaqlar? Görün, kasıb əhali üçün necə tələ qurulub, bir tərəfdən istəyirik ki, minimum pensiya qalxsın ki, təqaüdçülərin yaşayışı yaxşılaşsın, digər tərəfdən də minimum pensiyanın artması başqalarının pensiyaya çıxmasını daha əlçatmaz edir.  Hesablamalar göstərir ki, işsizlik və aşağı əmək haqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər – əmək qabliyyətli əhalinin yarısı – hazırkı şərtlərlə və göstəricilərlərlə hətta 65 yaşına çatsa belə onlara pensiya deyil, qocalıq müavinəti veriləcək. Hazırda əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək qabiliyyəti olmayan şəxslər işləmədikdə yaşa görə 130 manat sosial müavinət (qocalıq müavinəti) almaq hüququ vardır”.

İqtisadçı Rəşad Həsənov da “Hürriyyət”ə müsahibəsində, pensiya kapitalı kimi təyin edilən 28 800 manatın mücərrəd rəqəm olduğunu deyib. O bildirib ki, minimum pensiya həcmi artdıqca rəqəm də dəyişir: “Əmək pensiyaları haqqında qanuna görə, 2017-ci ildə qanunvericilikdə edilən dəyişiklikdən sonra olan yeni sistemdir. Azərbaycanda vətəndaş iki halda pensiya ala bilər. Birincisi 25 il sığorta stajı olmalıdır. Buna əmək stajı aid deyil. Çox vaxt insanlar bunu qarışdırır. Burda sığorta stajından söhbət gedir. Yəni 25 il ərzində Dövlət Sığrta Fonduna ödəniş etməlidir. Digər tərəfdən isə, minimum pensiya kapitalı öhdəliyini yerinə yetirdiyinə görə pensiya ala bilər. Pensiya kapitalı kimi təyin edilən 28800 manat mücərrəd rəqəmdir. Çünki bu rəqəm dəyişə bilir. Hər il bu rəqəm dəyişir. Minimum pensiya həcmi artdıqca rəqəm də dəyişir. Minimum pensiya həcminin 144-ə vurulmasıyla alınan rəqəm həmin ilə olan minimum pensiya kapitalı hesab olunur. Bu baxımdan, bu standart rəqəm sayılmır. 250 AZN maaş alan insan minimum pensiya kapitalından pensiyaya çıxa bilmir. Onlar 300 ay sığorta stajı ödədiyinə görə pensiya hüququ əldə edir. Amma staja görə pensiya hüququ əldə edənlərin hər biri minimum pensiya həcmində pensiya alır.

Pensiyanın hesablanması qaydası belədir: Siz sığorta haqqı ödəyirsiniz. Sığorta haqqının 90 faizi sizin hesaba köçürülür, 10 faizi isə Sosial Müdafiə Nazirliyinin saxlanması xərclərinə yönəldilir. 90 faiz sığorta haqqı illik indeksasiya olunur. Nə vaxt sizin pensiya yaşınız çatarsa, toplanmış rəqəm 144-ə bölünür. Orta hesabla aya nə qədər pul düşürsə bu sizin pensiyanızdır. Amma minimum pensiya kapitalını toplamamısızsa bu işləmir. Qanunvericiliyə görə 144-ə böləndə sizə minimumdan az pensiya düşəcəkdir.  Bu baxımdan, 25 il minimum sığorta məhdudiyyəti qoyulub. Hökümət məhz minimuma çatdırılmalı olan hissəni dövlət büdcəsindən maliyyələşdirir. Məsələn, sizin 25 il sığorta stajınız olmasına baxmayaraq, pensiya kapitalnız 28800 manat yox 23000 manatdır. Burda sizə hər aya düşməli olan əlavə pul 30 manat edir. 30 manatı da dövlət üstünə əlavə edir və minimum həddə sizə pensiya təyin edir.

Burda torpaq mülkiyyətçiləri üçün də sığorta stajı mexanizmi işləkdir. Əgər torpaq mülkiyyətçisi mövcud şərtlərlə minimum pensiya kapitalıyla çıxmaq istəsə 494 ay işləməlidir. Onlar yalnız sığorta stajına görə pensiya hüququ əldə edirlər. İşləməyən şəxslər isə (onlar nə torpaq mülkkiyətçisi, nə də əmək müqaviləsiylə işləmir) pensiya hüququ əldə edə bilməyəcəklər. Onlar yalnız qocalıq müavinəti ala biləcək”.

İqtisadçı pensiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. O, pensiyayla bağlı göstərilən yaş həddinin aşağı düşməli olduğunu vurğulayıb:

“Bu mexanizm təşviqedici deyil. Dünya təcrübəsi göstərir ki, pensiya mexanizmləri təşviqedici olmadıqda, vətəndaşların bəziləri prosesdə maraqlı olmur. Bu da əmək bazarına mənfi təsirini göstərir. Digər tərəfdən, pensiya fondunun gəlirlərinə mənfi təsiri olur. Çünki 250 manat əmək haqqı indiki şərtlər daxilində çox aşağıdır. Burda söhbət 250 manatdan getmir. İş yerlərində 800-1000 azn maaş alan şəxslər 250 azn maaşla rəsmiləşdirilir. İnsanlar özü də bu işdə maraqlı olmalıdır. Pensiya mexanizmi kifayət qədər nöqsanlıdır. 2027-ci ildə qadınlar üçün pensiya yaşı 65 olacaq. Artıq kişilər 65 yaşla pensiyaya çıxmağa başlayıb. Bununla da gender fərqi aradan qalxacaq. Azərbaycan vətəndaşını 65 yaşla pensiyaya çıxartmaq ədalətsizlikdir. Burda hardasa aldadılma müşahidə olunur. İndiki dövrdə 1955-ci ildəkilər pensiyaya çıxa bilir. Əslində, vətəndaş pensiyaya çıxdıqda 6 il pensiya ala bilir, 12 il deyil. Yəni 65 yaşda pensiyaya çıxan adamın 71 yaşda orta ömür müddəti başa çatır. Altı il verilən pensiya 144-ə bölünüb verilməklə, sizin pensiyanız hökümət tərəfindən iki dəfə  azaldılır. Azərbaycan gözlənilən pensiya müddətinə görə, hətta MDB ölkələrindən də ən aşağı göstəricidədir. Adətən Azərbaycan pensiya yaşına görə digər ölkələrlə müqayisə aparılır. Bildirilir ki, pensiya yaşı Yaponiyada 67-yə yaxın, Almaniya 67-dir. Nəzərə almaq lazımdır ki, Yaponiyada orta ömür müddəti 89 il, Almaniyada isə 87 ildir. Azərbaycanda orta ömür həddi 71 ildir. Burda gözlənilən orta ömür müddətiylə real orta ömür müddətini qarışdırmaq olmaz. Gözlənilən orta ömür müddəti bu gün doğulanlar üçündür. Hökümət iddia edir ki, 2020-ci ildə doğulan üçün orta ömür müddəti 75-ə qalxıb. 2020-ci ildə doğulan adam hələ 70 ildən sonra pensiyaya çıxacaq. Hazırda işlək olan pensiya mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Düşünürəm ki, pensiyayla bağlı göstərilən yaş həddi aşağı düşməlidir”.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Digər tərəfdən, 2019-cu ilin əvvəlindən sosial təminat sistemində humanist yanaşma olaraq, sığorta stajı amnistiyası tətbiq olunub. Yəni yaşa görə əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara pensiya hüququ yaranması üçün tələb olunan qədər sosial sığorta stajı hədiyyə edilməklə avtomatik əmək pensiyası təyin edilir.

“Əgər sığorta haqları yüksəldilmirsə, təqaüdə çıxan insanlara dərman preparatları, tibbi vasitələr, həmçinin nəqliyyat vasitələrində gediş haqqı və kommunal xidmətlə pulsuz olsun”. Bunu isə “Hürriyyət”ə müsahibəsində iqtisadçı-ekspert Günay Hüseynova bildirib. O da vurğiuladı ki, Azərbaycanda minimum əmək haqqının 250 manat olması səbəbindən, hər bir şəxs təqaüd kapitalının toplanması üçün 38 il 4 ay çalışmalıdır:

“Azərbaycanda orta əmək haqqı 343 manatdır. Qanunvericiliyin tələbinə əsasən şəxsin təqaüdə çıxması üçün 25 illik sığorta stajı olmalıdır və ya minimum 28.000 manat təqaüd kapitalı olmalıdır. Bu göstəriciləri ödəməyən şəxslər isə təqaüd yaşına çatdıqda minimum məbləğdə pensiya alacaqlar. Başqa sözlə desək şəxs heç bir yerdə işləməyibsə, təqaüd yaşı çatdıqda 130 manat pensiya alacaq. Yəni yaşa görə təqaüdə çıxacaq. Bildiyimiz kimi, Azərbaycanda minimum əmək haqqı 250 manatdır. Şəxs minimum təqaüd kapitalını toplaması üçün 38 il 4 ay çalışmalıdır. Əsasən təqaüd hesablamalarındakı mexanizm Türkiyə ilə müqayisə olunur. Amma qeyd edim ki, Türkiyədə minimum əmək haqqı 2800 türk lirəsi( 398$), bir işçi üçün isə minimum sığorta bir aylıq 985 türk lirəsi( 140,22 $)dir. Pensiya məsələlərini tənzimləmək üçün bir neçə çıxış yolu var: Ya işçinin sığorta haqları yüksəldilməlidir ki, bu insanlar təqaüdə çıxdıqda normal yaşaya bilsinlər. Əgər sığorta haqları yüksəldilmirsə, elə bir sistem qurulamalıdır ki, təqaüdə çıxan insanlara dərman preparatları, tibbi vasitələr, həmçinin nəqliyyat vasitələrində gediş haqqı və kommunal xidmətlə pulsuz olsun. Yəni bu xərcləri dövlət qarşılasın. Onsuzda əgər şəxs 65 yaşında təqaüdə çıxırsa, bundan sonra onun nə qədər ömrü qalacaq?! Heç olmasa vətəndaş bilsin ki, ömrünün 25 30 ilini işləyibsə qalan 5-10 ilini rahat firavan yaşayacaq”.

Pensiya hüququ yaranması üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 28800 manatdan az olmamalıdır. Əgər vətəndaşın fərdi hesabının sığorta hissəsindəki kapital həmin məbləğdən azdırsa, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsinə əsasən şəxs, çatışmayan məbləği əlavə olaraq xüsusi hesaba ödəməklə pensiya hüququ əldə edə bilər.

“Hürriyyət”ə müsahibə verən sosioloq Aynur Hacıyeva isə burda ən çox öhdəçiliyin cəmiyyətin üzərinə düşdüyünü vurğulayıb. O, bir sıra özəl şirkətlərdə qeyri-rəsmi 800-1000 azn maaş alan şəxsin rəsmi əmək müqaviləsinə 250 azn qeyd edildiyini bildirib:

“Bu onun nəticəsidir ki, insanların aldıqları pensiya onların yaşaması üçün yetərli deyil. Azərbayanda insanlar gənclik dövründən aşağı maaşla çalışırlar. Pensiya yaşına çatanda da bu cür problemlər ortaya çıxır. Buna iki tərəfdən yanaşa bilərik. Dövlət müəssisələrinin bir çoxuna baxsaq görərik  ki, əmək haqqılar 300 manatdan başlayır. Bu da təqaüd üçün qoyulan məbləğin yığılması üçün 30 ildən çox vaxt tələb edir. Çünki elə şəxs var ki, 30 il ərzində işləmək qabiliyyəti olmur. Bu sağlamlığıyla və ya yaşıyla bağlı ola bilər. Qanunlara görə, dövlət və özəl sektorlar işçiylə rəsmi əmək müqaviləsi bağlamalı və maaş rəsmi ödənilməlidir. Son vaxtlar özəl sektorlar əmək müqaviləsinə əməl etməyə başlayıb. Artıq işçilərlə əmək müqaviləsi bağlanır. Lakin maaş rəsmiləşdirilən zaman 1000 azn maaş alan şəxsin əmək müqaviləsinə 250 AZN maaş aldığı qeyd edilir. Bu da minimum 250 AZN yaşayış həddinə görə götürülür. Əslində, bu sir deyil. Araşdırmağa da ehtiyac yoxdur. Ətrafımızda olan insanlardan soruşsaq qeyri-rəsmi 1000 azn maaş aldığını, lakin əmək müqaviləsində 250 AZN qeyd edildiyinin şahidi olaraq. Hazırda işsizliyin çox olduğunu götürsək, bir çox insan iş yerini itirməmək üçün buna göz yummaq məcburiyyətində qalır. Düşünürəm ki, idarələr və özəl sektorlar qanunlara əməl etməlidir. Burda ən çox öhdəçilik cəmiyyətin də üzərinə düşür”.

YƏHYA