Kamikadze dronun DƏHŞƏTLİ SƏSİ

87
THE DRIVE, ABŞ
22.04.2021

Müəllif: Tomas Nyudik
Bir videogörüntüdə Azərbaycanın qonşusu Ermənistana qarşı ötən il apardığı müharibədə İsrail istehsalı olan “Harop” hərbi avadanlığından, yaxud başqa adı ilə desək, kamikadze drondan istifadəsi əks olunub. Video “Harop”un qısa çəkmiş bu qanlı müharibədə necə psixoloji effekt yaratdığı haqda təsəvvürün formalaşmasına kömək edir. Bəli, kamikadze dronlar bu müharibədə əsas silahlardan idi…

Qaranlıqda çəkilmiş videoda “Harop”un dəhşətli səsi eşidilir. Az sonra kamikadze dronun sürətini artıraraq, demək olar ki şaquli vəziyyətdə hədəfə doğru şığıdığı görünür. Deyilənə görə, dronun zərbə endirdiyi hədəf ermənilərin hərbi forpostu imiş. Həmin vaxt ona bölgədə qanunsuz elan olunmuş qondarma “Dağlıq Qarabağ Respublikası” (dırnaq işarəsi bizə aiddir – WM) nəzarət edirmiş.

Sözügedən video “Caucasus War Report”un “Twitter” səhifəsində yerləşdirilib. Kadrlarda “Harop”un hədəfə çırpılmazdan əvvəlki son anı əksini tapıb. Saatda 250 mil sürətlə hərəkət edən kamikadze dron sonda şaquli vəziyyət alaraq, hədəfə çırpılır.

Kadrların paylaşıldığı “Twitter” səhifəsində yazılıb ki, “Harop”un son hücum manevrindəki səs İkinci Dünya müharibəsi zamanı Almaniya Hərbi Hava Qüvvələrinin istifadə etdiyi “Yunkers Yu-87” bombardmançılarının gurultusunu xatırladır. “Yunkers Yu-87” bombardmançıları İkinci Dünya müharibəsinin ilk illərində terror aktlarında istifadə olunmuş silah kimi tanınıb və belə bir bədnam ad qazanıb.

“Harop”a gəlincə, o, pilotsuz təyyarələrlə ənənəvi raketlər arasındakı hüdudları aradan qaldıran silahlardan biridir. O, Azərbaycanın uzun illər ərzində əldə etdiyi çox saylı dronlardan biridir. Bakı İsraildən başqa pilotsuz uçuş aparatları da alıb.

“Harop”lardan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti də istifadə edir. Qurumun Ermənistanla ötən il aparılmış müharibə çəkilmiş videolarında da “Harop”un tükürpədici səsini eşitmək mümkündür.

“Israel Aerospace Industries” şirkəti “Harop”u “Harpy” kamikadze dronunun əsasında yaradıb. “Harop” yük maşını və ya gəmidə quraşdırılan qurğudan buraxıla bilər. Onun havadan buraxılması üçün tez bir zamanda konfiqurasiya olunması da mümkündür.

“Harop” havaya çıxan kimi, qanadları açılır. Bundan sonra onu istər avtomatik, istərsə də əl ilə idarə etmək mümkündür. Əl ilə idarə zamanı “Harop”un “gördüyünü” operator da görür. Nəticədə drondakı kamera operatora hərəkətli hədəfləri izləmək və nişan almaq imkanı yaradır. Bundan başqa, “Harop” radar sistemlərinin aşkar edilməsi, ona zərbə endirilməsi üçün passiv radar axtarış sistemi ilə də təchiz oluna bilər.
Bu kamikadze dronların daha bir funksiyası var: hədəfə alınmış radar sistemi şüalanmanı dayandırdığı təqdirdə belə, “Harop” onu nişan ala bilir. Bu halda operator dronun elektro-optik sensoruna nəzarət edir.

“Harop” kamikadze dronununda 50 funtluq döyüş başlığı olur. Dron hədəfi tapa bilmirsə, buraxıldığı nöqtəyə qayıdır. Başqa sözlə, ondan təkrar istifadə etmək mümkün olur.

“Harop” valehedici dayanıqlılığa malikdir. O, təxminən 600 mil məsafəni qət edə və havada 6 saat qala bilir. Bu dronu elə konfiqurasiya etmək olar ki, yanacağı azaldığı təqdirdə o, geri qayıtsın və ya harayasa eniş etsin.

Əslində, “Harop” Azərbaycanda Dağlıq Qarabağda ötən il baş vermiş müharibədən qabaq də rekordlara imza atıb. Azərbaycan onlardan daha əvvəl baş vermiş toqquşmalar zamanı da istifadə edib. Deyəsən “Harop” operator tərəfindən ilk dəfə yenə də Dağlıq Qarabağda, lakin 2016-ci ildə baş vermiş müharibə zamanı idarə olunub. Məluma görə, Azərbaycanın bu pilotsuz uçuş aparatları müharibə zamanı düşmən artilleriyasına, hava hücumundan müdafiə sistemlərinə, bir dəfə isə erməni döyüşçüləri daşıyan avtobus daxil olmaqla, çox sayda hədəfə uğurla zərbələr endirib.

Hələ 2018-ci ilin aprelində yayılmış videoda da Azərbaycan Silahlı Qüvvələrinin “Harop” dronlarından istifadə etdiyi görünür. Həmin musiqili klip Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həsr edilib. Yenə də 2018-ci ildə – avqust ayında bu kamikadze dronlar Azərbaycanın Xəzər dənizində həyata keçirdiyi hərbi təlimlərdə peyda olmuşdu. Həmin təlimlər Azərbaycanın başqa hissəsində, Dağlıq Qarabağdan əks istiqamətdə keçirilirdi.

Beləliklə, Ermənistanla Azərbaydan arasında ötən ilin sentyabrında başlamış və bir neçə ay davam etmiş hərbi əməliyyatların əsas amillərindən biri məhz “Harop” kamikadze dronları olub. Həmin vaxt “The War Zone” bu müharibə haqda geniş məlumat vermişdi.
Azərbaycan tərəfi “Harop”un düşmənə təsirini yaxşı bildiyindən, onun psixoloji effektindən maksimum yararlanmağa çalışıb. Məsələn, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti təbliğat məqsədilə yaydığı ən azı 2 qısa videodan birində yalnız “Harop” dronu görünür. Videoçarxda kamikadze dronun səsi ilə bərabər, “Qarabağ Azərbaycandır!” şüarı eşidilir.

Artıq amikadze dronların, həmçinin digər növ pilotsuz uçuş aparatlarının potensial olaraq oyun qaydalarını dəyişə biləcəyini ABŞ-ın rəsmiləri də qəbul edir. Məsələn, “Air Force Magazine” nəşri yazır ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri general Kennet Makkenzi döyüş başlıqları daşıya bilən kiçik pilotsuz uçuş aparatlarının Yaxın Şərqdəki Amerika ordusuna davamlı və ciddi təhdid olduğunu qəbul edir. Söhbət, o qədər də baha olmayan dronlardan da gedir. Belə PUA-lar İŞİD daxil olmaqla, müxtəlif qruplaşmaların əlinə keçə bilər. Döyüş meydanında onlar da “Harop” kimi təhlükəlidir. Bir sözlə, ucuz, dayanıqlı və hədəfi dəqiq vuran dronlardan geniş istifadə oluna bilər. Onların kiçik ölçülərinə rəğmən, çox effektli olacağına şübhə yoxdur.

“Hərbi əməliyyatların həyata keçirildiyi bölgələrdə kiçik və orta ölçülü pilotsuz uçuş aparatlarının yayılması bizə, həmçinin müttəfiq və tərəfdaşlarımıza yeni və ciddi təhdiddir”, – deyə general Makkenzi ABŞ Konqresi Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində aprelin 21-də etdiyi çıxışı zamanı bildirib: “Biz Koreya müharibəsindən bəri ilk dəfədir ki, havada tam hökmranlığa malik deyilik”.
General Makkenzi hesab edir ki, artıq dronların köməyi ilə mübarizə texnologiyası əsas prioritetlərdən birinə çevrilib.

Beləliklə, yazının əvvəlində bəhs etdiyimiz video döyüş meydanında “Harop”la üzləşməyin nə ilə nəticələnə biləcəyini aydın şəkildə ortaya qoyur. Odur ki, son Dağlıq Qarabağ müharibəsindən sonra dronlara marağın bir anda artması təəccüblü deyil.

(İngilis dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: THE DRIVE