İtaliya ilə Rusiya arasında casus böhranı – dövlət sirləri satın alınırmış

33

Hurriyyet.org xəbər verir ki, İtaliya Rusiya üçün casusluq elədikləri ittihamı ilə donanmada çalışan bir zabit ilə Rusiya səfirliyinin əməkdaşını yaxalayıb. İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın Romadakı səfiri Sergey Razovu nazirliyə çağırıb.

İtaliya mətbuatının yazdığına görə, Roma Prokurorluğunun apardığı istintaq çərçivəsində İtaliya gizli xidməti ilə İtaliya jandarmasının dünən axşam Romada həyata keçirdikləri əməliyyat nəticəsində bir nəfər İtaliya zabiti ilə Rusiyanın Romadakı səfirliyində çalışan bir hərbi məmur gizli görüş zamanı yaxalanıblar.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, İtaliya zabiti rusiyalı hərbçiyə pul qarşılığında bəzi gizli sənəd və məlumatları ötürdüyü zaman cinayət başında yaxalanıb. Hər iki şəxs casusluq və dövlət təhlükəsizliyi ilə bağlı ittihamlarla günahkar hesab edilir.

Xəbərlərdə İtaliya donanmasının zabitinin tutulduğu, rus hərbi məmurunun isə diplomatik statusunun araşdırıldığı bildirilir.

İtaliya XİN məsələ ilə bağlı açıqlamasında Rusiyanın Romadakı səfiri Sergey Razovun nazirliyə çağrıldığını bildirib.

İtaliya mətbuatı bu hadisənin soyuq müharibə dövründən bəri iki ölkə arasındakı münasibətlərdə baş vermiş ən ciddi hadisə olduğunu yazıb.