İslamı aşağılamaq heç kimin həddinə deyil!

33

Heç bir millətçilik, milli dövlət qlobalizmin gətirdiyi burulğanın qarşısını ala bilməz! Yalnız və yalnız Allahın göndərmiş olduğu din bu təlatümün qarşısını ala bilər!

Dünyanın idarə olunması üçün icad edilən və ya tərtib olunan “proyektlər nəzəriyyəsi” göstərir ki, baş verən heç bir hadisə təsadüf deyil. Meydana atılan istənilən layihə istər ideoloji doktrina, istər ictimai-siyasi formasiya, istərsə də texniki ixtira olsun, təsadüfən yaranmır. Hər bir proses müxtəlif adamlar və ya qruplar tərəfindən detallarına qədər işlənilir və reallaşması üçün mühit yaradılaraq, addım-addım mərhələlərlə həyata keçirilir.

Düynanın feodalizm quruluşu dövründəki idarə olunduğu formasiya soylu, əsil-nəcabətli monarxlar tərəfindən yönəldildiyi dönəm idi və dövlətlər qan xəttinə, irsiyyət prinsipi ilə idarəçiliyə əsaslanırdı. Bu idarəçilik də müxtəlif nəzəriyyələrdən qaynaqlanırdı; Xilafət projesi, Qərb projesi, Xazariya projesi, Yeni İsrail projesi, Böyük İsrail projesi, Turan projesi və s. Hansı projenin uğurlu olması və həyata keçməsi onu dəstəkləyən qüvvələrin gücündən asılı olur. Məsələn, islam xilafəti – xilafət projesinə əsaslanırdı. Hazırda isə Qərb projesinin nə olduğuna və millət anlayışının necə ortaya çıxdığına işıq salmağa çalışacağıq.

Yuxarıda dediyimiz kimi, orta əsrlər dünyasının idarəçiliyi əsil-nəcabətli monarxların hakimiyyətinə əsaslanırdı. Bu dövrdən daha əvvələ getməyə hələ ki, hacət yoxdur. O zamankı dövrün ideologiyası və birləşdirici amili də din idi. Necə ki, Avropa monarxlar tərəfindən idarə olunsa da, əsas hakim kimi kilsənin rəhbəri Roma Papası çıxış edirdi. Bu fakta sübut kimi dəfələrlə islam ölkələrinə qarşı səlib yürüşlərini göstərə bilərik. Millətin və milli dövlətlərin tarix səhnəsinə çıxması isə Qərb projesinin sayəsində baş tutdu. Çünki onları elə bu proje siyasi subyektlər səviyyəsinə çıxardı. Milli dövlətlər dünya səhnəsində əsas qəhramanlar oldu və hələ ki, belədir.

İndi “Qərb sivilizasiyası” deyilən məfhumun meydana çıxması iki gücün toqquşması ilə baş verdi. Birinci güc dövlət və yarı dövlət quruluşlar idi (Venesiya, Cenova və digər İtalyan şəhər dövlətləri, Müqəddəs Roma İmperiyası, Fransa, Osmanlı İmperiyası, İspaniya və İngiltərə). İkinci güc isə sosial və siyasi qüvvələr (kübar ailələr, katolik kilsəsi, protestant hərəkatları, yəhudi quruluşları və müxtəlif gizli cəmiyyətlər) idi.

Avropanın siyasi həyatı müəyyən həddə qədər  demək olar ki, İtaliyanın təsiri ilə müəyyənləşmişdi. Apennin yarımadasından gələnlər Avropaya özlərinin cəmiyyət-dövlət vizyonlarını gətirmişlər ki, müxtəlif sülalələr, kilsə qurumları (monastır ordenləri kimi), iri feodallar, azad şəhərlər, dini birliklər, peşə-sənət emalatxanaları, qeyri-dövlət və millətlər üstü qurumlar siyasi subyektlər olaraq cəmiyyəti təşkil edən tərkib hissələri idi. Ancaq vaxt gəldi ki, fransızlar buna qarşı çıxdı. IV Gözəl Filipp (1285-1314) dövründən başlayaraq Fransa “yeni dünya düzəni”nin – milli dövlətlər dönəminin – carçısı oldu. “Tampliyerlər ordeni”ni məhv edərək, “Papaların Avignon Əsirliyini” düzənləyib, feodalları cilovlayaraq və sərt mərkəzləşmiş güc quraraq “Dəmir Kral”– IV Gözəl Filipp gələcək dövlət quruluşunun təməlini qoydu. Qərb layihəsi belə başladı. Fransa, sözün müasir mənasında, tarixdəki ilk milli dövlət oldu və bu inqilabi dəyişiklik onu dərhal “birinci səviyyəli oyunçu” dərəcəsinə yüksəltdi. Rəngarəng qaskoniyalıların, şampanlıların və normandların, burgundların vahid siyasi millət çətiri halında birləşməsi onların ərazilərinin kapitalizmləşdirilməsini artırdı. Buna görə, qalxan status Fransa krallarına o dövrün hökumət sisteminə meydan oxumağa imkan verdi. Bunu əvvəlcədən görən “Köhnə dünya” ingilis Plantaqenet sülaləsini irəli sürərək, 1337-ci ildə Fransız Valua sülaləsinə qarşı müharibə başlatdı. Amma dəyişikliklər zamanı yetişmişdi və bu müharibədə (daha sonra Yüz İllik müharibə adlandırıldı) Valua deyil, Fransa dövləti və Fransa milləti, Janna Dark qalib gəldi. Fransızlar “millət dövləti” anlayışını əvvəlki vəziyyətin sonunu gətirdilər. Əlbəttə, dərhal yox. Güclü krallar IV Henri və XIV Lui, hiyləgər kardinallar Rişelye və Mazarini, bir çox iradəli və uzaqgörən insanlar 300 ilə yaxın bu sahədə çalışdılar. Ancaq buna dəyərdi və 17-ci əsrin ortalarında Avropa siyasəti kəskin şəkildə dəyişdi. Vestfaliya beynəlxalq münasibətlər sisteminin məqamı çatdı. Yeni dünya düzəninin əsas ideyası hakimiyyət haqqının tarixi varislik üzərində dayanması prinsipinin rədd edilməsi idi. Ayrıca, Vestfaliya sistemi “milli dövlət suverenliyi” prinsipini elan etdi ki, bu prinsipə görə ərazisi üzərində yalnız milli dövlət tam gücə sahibdir. Hakimiyyətin belə kəskin ideologiya dəyişdirməsinin nəticəsi dinləri və hər hansı digər ideoloji konstruksiyaları siyasət amili hesab etməkdən imtina idi. Bir zərbə ilə qeyri-dövlət qurumlarının dünyanın idarə olunmasında iştirak etmək iddialarının kökü kəsildi. Bu, böyük bir irəliləyiş idi. Avropada sülalə, qəbilə və konfessional qurumların hakimiyyətə iddia etməsi dayandırıldı. Və sülalələr “yer altına” çəkildi, amma yox olmadı.

Burada bir haşiyə çıxaraq bildirək ki, bu yaxınlarda Putinin həyata keçirdiyi “sıfırlama” əməliyyatı da monarxiyanı bərqərar etməkdən başqa bir şey deyil. Amma kimin üçün? Putinin ömrü ən çoxu iki seçim müddətində hakimiyyətinə imkan verə bilər. Onun kim üçün isə yol açması təəccüblü gəlmirmi? Dünya əvvəlki axarına qayıdır, amma bu barədə daha sonra…

Fransızlar ABŞ-dakı separatçı hərəkatları dəstəklədi və bununla da digər geosiyasi rəqibini – Britaniya İmperiyasını zəiflətdi. Fransa olmasaydı, Corc Vaşinqton və tərəfdarlarının qələbə qazanmaq şansı olmazdı. Beləliklə, Fransanı milli dövlətin qurulduğu ilk məkan olaraq misal çəkdik. Hər hansı bir milli dövlətinin yaradılması millətin yaradılması ilə yanaşı gedir. Belə bir dövlət millət olmadan mövcud ola bilməz və əksinə, millətin formalaşması milli dövlət qurmaq prosesində həmişə paralel gedir. Dövlətlərin taleyində millətin və ya dini ideologiyanın nə qədər rol oynadığına baxsaq, ən bariz nümunələrdən birini Osmanlı İmperiyasının taleyində görə bilərik. Osmanlı İmperiyasını etnik olaraq türklər qurduğuna baxmayaraq, “dövləti-aliyyə” sonradan islam çoğrafiyasını əhatə edərək, İslam Xilafətinə çevrildi. Osmanlı İmperiyasının qurucuları türklər olsa da, müxtəlif millətlərdən olanlar idarəçiliyin ən yüksək pillələrinə qədər yüksələ bilirdilər. Çünki insanların etnik kimliyinə deyil, dövlətin yüksəlişi üçün nə qədər əməyi, sədaqəti, payı olduğuna diqqət verilirdi. Məsələn, Sultan Süleyman Qanuninin vəziri olmuş İbrahim Parqalının mənşəcə yunan olması dövlət yanaşmasını əks etdirir. “Dövləti-aliyyə” idarə etdiyi coğrafiyada – milli-etnik-dini ayrı-seçkilik qoymurdu və ərazisində yaşayan hər kəs “Osmanlı” idi. Osmanlı dövləti, milli dövlət yox, ümmət dövləti idi. Digər millətlərdən olan fərdlər məhkəmə işlərini də öz dinlərinə uyğun həll edirlər. Bizans imperiyasını yıxmaq, 1453-ün qisasını almaq istəyən qərbli qüvvələr- Habsburqlar başda olmaqla, yezuitlərin dini himayəsi altında – yıxım və içəridən dağıtma hərəkatına yol tapa bilmədiyindən, hətta dini baxımdan da səbəb, bəhanə təşkil edə bilmədikləri üçün o zaman erməniləri millət kimi formalaşdırmağa başladılar. Tarixdə bunun barəsində mənbələr var, istəyən tapa bilər. Osmanlı dağıldıqdan sonra yerdə qalan ərazilərdə də o zaman üçün labüd olan milli dövlət quruldu. Çünki dünyanın ümumi istiqaməti Qərb projesinin tarixin axarına saldığı milli dövlətçiliyə doğru idi. Odur ki, Ziya Göyalpın  əməkləri ilə “Türkçülük” ideoloji konsepsiya kimi ortaya qoyuldu.

Xatırladaq ki, milli dövlət xətti millətin formalaşmasını, siyasi müstəvidə siyasi subyekt kimi yaradılmasını zəruri edir. Necə ki, ermənilərdən siyasi səhnədə Osmanlıya qarşı istifadə üçün erməni etnosu erməni millətinə dönüşdürüldü və siyasi iddialar irəli sürməyə hazır hala gətirildi. Çünki siyasi iddianı yalnız siyasi cəhətdən yetkinləşmiş toplum irəli sürə bilər. Erməni millətçiliyi belə meydana gəldi. Türkiyə dövlətini də yaradarkən istər-istəməz “siyasiləşmiş türkçülük” zəruri hala gəldi. Ümmət dövləti Osmanlıdan milli dövlət Türkiyəyə keçid baş verdi. Göyalpın irəli sürdüyü “Turan” nəzəriyyəsi siyasi gündəmə çıxdı. Amma gəlin baxaq, görək hal-hazırda qloballaşmaya gedən, milli dövlətçilikdən korporasiyalara keçidə başlayan dünyada millətçilik nə qədər aktual və ya uzunömürlü ola bilər? Hazırda, dünya yenidən bölünür və bölgələr yenidən vahid bir-neçə əl altında birləşdirilir. Məsələn, Türkiyənin artan təsirini – həm Mərkəzi Asiyaya, həm Yaxın Şərqə doğru yayılmasını görə bilərik. Yəni hər bir diqqətli şəxs bunu görə bilər…

Yeri gəlmişkən bir məqamı qeyd edim ki, Turan, Türkçülük tərəfdarlarının bəziləri türkçülüyün kuliminasiya nöqtəsini İslamı küçümsəməkdə görürlər. Maraqlıdır, onların fikrincə, Osmanlı bir milli dövlət olsaydı və ya millətçilik ideologiyasına dayaqlansaydı, 600 il ömrü olardımı?

Burada daha bir haşiyə çıxaraq bildirək ki, Rusiya çoxmillətli ölkədir və zopası olmasa, sərgilədiyi şovinizmə görə çoxdan dağılardı. Rusiyanın konstitusiyasında son edilən dəyişiklilərdə rus etnoniminin vurğulanması təsadüfdürmü? Əlbəttə, xeyr, çünki çoxmillətli Rusiyada millətçilik məntiqlə mütləq dağılma ilə nəticələnəcək. Doğrudur, bu, millət dövlətin ərazisində yaşayan etnosların qaynaşması nəticəsində yaranır. Amma çoxmillətli ölkədə birləşdirici amil kimi dini amil daha effektiv rol oynayır. İranın illər boyu dağılmasına imkan verməmək üçün şiəlikdən istifadə etməsi təəccüblü deyil.

Hazırda da bəzilərinin Turan məsələsində türklüyü ön plana çəkməsi, fikrimcə, doğru deyil. Türkiyə prezidenti R.T.Ərdoğanın apardığı siyasətdə də milli, amma milli amilin yanında da dini amilə önəm verildiyi gün kimi aydındır. Düşünürəm ki, Türkiyə dövlətinin həyata keçirməyə çalışdığı yeni proje həm Turanı, həm keçmiş Yaxın Şərqi birləşdirən “islam ümməti” projesi olacaq. Ona görə, Turanda islamın yerini görməyənlər və ya görmək istəyənlər heç də düzgün yolda deyillər! Doğrudur, Osmanlının dağıdılmasında erməni etnosu amilindən istifadə özünü göstərdi, bu məsələdə dövlət diqqətli olmalı idi. Amma bu o demək deyil ki, dövlətin mərkəzləşdirilmiş amil kimi güclənməsində dini amilə yer verilməli deyil. Özlərini türkçü, Turançı sayan bəziləri isə sanki islamı geridəqalmışlıq amili kimi görürlər. Xüsusən də islamın mahiyyətindən bixəbər olan “densizlər”.

İnsanların inancına görə, onları qınamaq və ya aşağılamaq yanlışdır, amma yuxarıda dediyim kimi, dini amil möhkəmləndirici əsas amillərdən biridir. Nədənsə, Osmanlının süqutunun, tənəzzülünü islamda görürlər. Bu meyl elə o vaxtkı türkçülərdə də var idi. Çox təəssüf ki, aradan uzun zaman keçsə də, müasir türkçülərimiz də eyni düşünür.

Osmanlının tənəzzül dövründə Avropada Fransisken və Dominiken təriqətləri universitetlərdə mərhələli olaraq əldə etdikləri kürsülərlə kilsənin kanonik hökmranlığını yıxmış və Avropada intibah dövrünü başlatmış, bu dövrün sonunda da elmi əlində rəhbər edən Qərb dünyası yeni texnologiyalar meydana gətirmiş, əldə etdiyi yeni texnikalar və silahlarla dünyada müstəmləkə imperatorluqları qurmaq uğrunda yarışa girmişdir. Deyilənə görə, “Avropada bunlar yaşanarkən, Osmanlı dövlətində islam alimləriXızır peyğəmbər sağdırmı, ya ölüdürmü, tütün küfrdürmü, yeməyi qaşıqla yemək islam dininə görə caizdirmi, sənət haramdırmı?” mövzusunu müzakirə etmiş, mədrəsə təhsili olmayan bir çox insana elmi rütbələr verilmiş, “beşik uləması” meydana gətirilmiş, elm adamlarının yeni doğulan uşaqlarına elmi rütbə verilmiş və onlara maaş təyin olunmuş, cahillərdən ibarət olan üləma təbəqəsi bəzən hərbçilərlə əlbir olaraq saraya hücum etmiş, bəzən də əsgərlərə qarşı vuruşmuşdur. Tariximizin ibrətamiz nümunələrindən biri isə arı mumundan düzəldilən kanatla Qalata qülləsindən Üsküdara keçməyi bacaran Hezerfan Əhməd Çələbinin padşah tərəfindən zəhmətinə görə bir kisə qızılla mükafatlandırılması, sonra da “sən başımıza bəla açacaq bir insana bənzəyirsən” deyərək Şeyxülislamın fətvasıyla sürgün edilməsi hadisəsidir. Göründüyü kimi, xaricdən göstərişlər alan islam üləması adı altında olan müəyyən şəxslər çox təəssüf ki, Osmanlı dövlətinin geriləməsinə səbəb olmuşlar. Amma bu, xarici qüvvələrlə Osmanlı dövlətinə qarşı əlbir olan şəbəkənin günahıdır, yoxsa islamın? Əgər oğrular, canilər, korrupsionerlər Konstitusiyaya görə cəzalanacaqlarını bilə-bilə kirli, pis işlərə bulaşırlarsa, bu, konstitusiyanın günahıdır, yoxsa insanlığını itirən adam cildində gizlənən canavarların? İslamın türkçülükdə də, bizim mənsub olduğumuz milli dəyərlərin yaranmasında da misilsiz rolu var. Misal üçün, MHP-nin öndərlərindən olan Alparslan Türkeş deyirdi: “Sizi küçələrdə ispanaq qiymətinə satılan demokratiya və qazanc gətirən iqtisadiyyata deyil, haqq yoluna, Allah yoluna çağırırıq. Özünə qayıt!”, “Biz heç vaxt İslamdan, humanizmdən, Türkçülükdən imtina etmirik. Biz siyasətçi deyilik, bir davanın ardıcıllarıyıq”, “Bu gün gördüyümüz kimi, Allahdan qorxmayan, ancaq insanlardan qorxan adamlardan cəmiyyətə fayda gəlməz”, “Türklüyü və İslamı bir-birinə zidd olaraq göstərmək istəyənlər, Türk millətini məhv etmək istəyən satılmışlardır”,  “Kim Türklərin və Atatürkün düşmənidirsə, bilsin ki, Malazgirtdə, İstanbulun fəthində, Çanaqqalada, İstiqlal Döyüşündə, Anadoluda məğlub olduğumuz şeylərin toxumlarıdır”,  “Tanrı dağı qədər Türk, Hira dağı qədər müsəlmanıq”,  “Türklük bədənimiz, İslam ruhumuzdur. Ruhsuz bədən cəsəddir”.  Hazırkı qloballaşma prosesində isə insanlığın milli, dini fərqləri olmayan kütlə halına gətirilməsi prosesindən qurtulmaq üçün həm milli, həm dini xüsusiyyəti saxlamaq vacibdir. Özünə fəxrlə deist deyən, İslama həqarət edən kimsələr, deizmin kapitalizmin uydurması olduğunu bilirsinizmi? Qlobalizmin gətirdiyi yeni düzəndə adət-ənənələrin yox olduğu, milil-mənəvi dəyərlərin maddiyyatın altında əzilidyi, humanizm adı altında əxlaqi dəyərlərdən vaz keçildiyi, transhumanizmin bəh-bəhlə yuxarı başa keçirildiyi yeni quruluşda övladlarınız, nəvələriniz gəlib “mən cinsimi dəyişmək istəyirəm” deyə iddia ortalığa qoysa və ya istədiyi hər şeydə bizə aid olan əxlaqi-etik normaları tapdamaq istəsə, onu hansı yöntəmlə fikrindən daşındıracaqsınız? Millətçilikləmi? Heç bir millətçilik, milli dövlət qlobalizmin gətirdiyi burulğanın qarşısını ala bilməz! Yalnız və yalnız Allahın göndərmiş olduğu din bu təlatümün qarşısını ala bilər! Odur ki, Türkiyə türkcəsində desək, “ayağınızı denk alın!”.

 

Ülviyyə ŞÜKÜROVA

P.S. Mövzunu davam etdirəcəyik.