İslam və müasirlik: Azərbaycan – ilk nümunə

252
MUSULMANS EN FRANCE, Fransa
11.02.2021

Müəllif: Kərim İfrak (Paris Ali Tədqiqatlar Məktəbinin doktoru, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, mətnlər və çağdaş ideologiyalar tarixi üzrə mütəxəssis)

Qabaqcıl diyar

Üç keçmiş imperiyanın – Rus, Osmanlı və Sasani imperiyalarının sərhədlərində yerləşən Azərbaycan (əhalisi 10 milyon nəfər) keçmiş Sovet İttifaqının 6 müsəlman ölkəsindən biridir – Özbəkistan (32 milyon), Tacikistan (8,5 milyon), Türkmənistan (5,5 milyon), Qazaxıstan (18,6 milyon) və Qırğızıstan (6 milyon). Avropa ilə Mərkəzi Asiyanın arasında yerləşən, Qafqazın qədim diyarı olan bu ölkə həm də Xəzər dənizini sahilində yer alır. Nəticədə o, ticarət və tranzit limanı sayəsində “sənaye inqilabı”ndan (XVIII əsr) sonra tez bir zamanda beynəlxalq aləmə açıq intensiv iqtisadi fəaliyyətin mərkəzinə çevrilib.

Bir qədər sonra “milli dövlət” ideyasının hakim kəsildiyi “Odlar yurdu” müstəqilliyini qazandıqdan (1918-ci il) dərhal sonra parlamentli respublika quraraq, dünyəvilk və bərabərlik prinsipləri ilə yaşamağa başlayıb. Respublikanın Müstəqillik Bəyannaməsinin 4-cü maddəsində açıq şəkildə bildirilirdi ki, milliyyətindən, dinindən, sosial mövqeyindən və cinsindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının mülki və siyasi hüquqları tanınır. Qadınların səsvermə hüququnu tanımaqla isə Azərbaycan Xalq Cümhuriyyətini bu sahədə qabaqcıl ölkəyə çevirmişdi. O, qadın vətəndaşlarına bu hüququ İngiltərə (1928), Kanada (1940), Fransa (1944), İtaliya (1946), Belçika (1948) Yunanıstan (1952), ABŞ (1965), İsveçrə (1971) və s. kimi ölkələrdən tez verib. Müsəlman dünyasında o, heç şübhəsiz, bu prinsipləri qəbul etmiş ilk ölkədir.

Qafqazın incisi

Lakin müsəlman dünyasında dünyəvi və demokratik rejim qurmaq üçün edilmiş ilk uğurlu cəhdin ömrü yalnız 23 ay olub. 1920-ci ildə ölkə Qırmızı ordu tərəfindən işğal edilib. Bununla da Azərbaycanda təcrid dövrü, boğucu həyat başlayıb. Bu, 1991-ci il avqustun 30-na – SSRİ-nin dağılmasınadək davam edib. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edib və o vaxtdan dünyanın 166 dövləti bu Qafqaz ölkəsi ilə sıx diplomatik münasibətlər qurub. Bu gün Azərbaycanın dünyanın demək olar ki, hər yerində səfirliyi var – 56 səfirlik.

Azərbaycan həm də İsraillə diplomatik münasibətlər qurmuş ilk müsəlman ölkəsidir. O, 1992-ci ildə qurulmuş bu münasibəti qoruyub saxlayır.

Azərbaycan uzun illər davam etmiş Sovet işğalı zamanı ciddi zərbələr alsa da, hər şeyə sıfırdan başlayaraq, tez bir zamanda regional və qlobal geosiyasətin əsas aktorlarından birinə çevrilib. Neft yataqlarının istismarından qaynaqlanan maliyyə imkanlarına görə tez-tez Qətərlə müqayisə edilən “Qafqaz incisi”nə müxtəlif adlar, o cümlədən “Qafqazın Əmirliyi” ləqəbi də verilib.

Dünyəvilik və tolerantlıq

Ölkə əhalisinin 95%-i müsəlman olsa da, vətəndaşların doğma ölkəyə sıx bağlılığı milli birliyin qorunub saxlanmasına əhəmiyyətli töhfə verir. Azərbaycan müsəlman dünyası üçün son dərəcə nadir sayılacaq fenomendir: burada şiələrlə sünnilər arasında heç bir gərginlik yoxdur. Dünyəviliyə dəstəyin ən yüksək səviyyədə olduğu, heç bir dəstəyi olmayan radikal ideologiyaların hətta kiçik bir müvəffəqiyyət qazanmaqda çətinlik çəkdiyi Azərbaycanın nadir müsəlman ölkələrindən biri olmasının sirri məhz bundadır. Çoxmillətli, çoxmədəniyyətli və çoxkonfessiyalı ölkə olan Azərbaycan müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bəri də orada əsrlər boyu mövcud olmuş tolerantlıq ənənələrini, dünyəviliyə bağlılığı davam etdirir. Azərbaycan Konstitusiyasının 18-ci maddəsində göstərilir ki, din dövlətdən ayrıdır. “Azərbaycansayağı dünyəvilik” adlanan sistem və ruh buna əsaslanır. Beləliklə, burada bütün inanclar və etiqadlar qanun qarşısında bərabər sayılır və onlara eyni münasibət göstərilir.

Çox az sayda mütərəqqi və dünyəvi müsəlman ölkələrindən olan Azərbaycan həm də müasirliyə, incəsənətə və mədəniyyətə böyük dəyər verən azsaylı müsəlman ölkələri qrupuna daxildir.

Müdriklik, güc və gözəllik

İncəsənət və mədəniyyətə gəldikdə, Azərbaycanda xüsusilə musiqi və kinoya böyük diqqət var. 1920-ci illərdən gələn bu tendensiya Azərbaycan kinosunu dünyada öncül yerə çıxarıb. Bu ənənə bu gün də davam edir. Hər ilin sentyabrında Qafqazın ən böyük kino festivalı olan Bakı Beynəlxalq Film Festivalı keçirilir.

Azərbaycanda operaya da eyni dərəcədə həvəs var. Müsəlman dünyasında ilk opera tamaşasına ev sahibliyi etmək şərəfi məhz Bakıya nəsib olub. Şuşa şəhərindən olan dahi sənətkar Üzeyir Hacıbəylinin (1885-1945) rəhbərliyi ilə möhtəşəm “Leyli və Məcnun” əsəri hələ 1908-ci ildə səhnələşdirilib. Onun ardınca ölkədə bir-birindən dəyərli bir sıra əsərlər də səhnəyə qoyulub. Onların arasında 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnələşdirilmiş, ölkədə baletin inkişafında müstəsna rol oynayan, Azərbaycan musiqisi tarixində yeni dövrün başlanğıcı olan “Yeddi gözəl” baletini (Qara Qarayev, 1918-1982) qeyd etmək olar. Bu da son deyil. Məsələn, böyük şair Nizami Gəncəvinin (1941-1209) məşhur “Xəmsə”sindən ilham alan Nazim Hikmətin (1901-1963) librettosu əsasında Arif Məlikov (1933-2019) tərəfindən bəstələnmiş “Məhəbbət əfsanəsi” baleti. İlk dəfə 1961-ci ildə Leninqrad Kirov Teatrında oynanmış bu əsər 1965-ci ildə Böyük Teatrda uğurla səhnəyə qoyulduqdan sonra qısa müddətdə həm SSRİ-də, həm də Avropanın bir sıra ölkələrində böyük uğur qazanıb.

Nəhayət, “Min bir gecə” baleti (1979). Bu əfsanəvi balet simfonik muğam janrının banisi, böyük bəstəkar Fikrət Əmirov (1922-84) tərəfindən bəstələnib.

İncəsənət və mədəniyyətə olan böyük maraq və diqqət bu çoxmillətli ölkənin turizm potensialı ilə birlikdə Azərbaycanı hələ Sovet İttifaqında turistlərin ən çox səfər etdikləri sosialist ölkələrindən birinə çevirmişdi. Bu tendensiya indiyədək davam edir. Möhtəşəm mənzərəli düzənlik və dağlıq ərazilərdə yerləşən səfalı kəndləri sayəsində “Odlar yurdu” 2019-cu ildə dünyanın hər yerindən təxminən 3,17 milyon turist qəbul edib. Bu, 2018-ci illə müqayisədə 11% çoxdur.

Turistlərin Azərbaycana marağının getdikcə artması həm də onun dialoq, dünyaya açıqlıq istiqamətində göstərdiyi ciddi səylərdən qaynaqlanır. Məsələn, “Bakı prosesi” adlandırılan nadir tədbir İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurasına üzv dövlətləri mədəniyyətlərarası dialoqun gücləndirilməsi məqsədilə bir araya gətirir. Bundan başqa, iki ildən bir keçirilən Mədəniyyətlərarası Dialoq üzrə Qlobal Forum multikultural dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınır. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etməklə isə Azərbaycan keçirdiyi tədbirlərin siyahısını daha da zənginləşdirib.

Qadın hüquqları

Azərbaycan qadın hüquqlarının qorunması sahəsində də liderlik nümayiş etdirir. Burada bir çox sahədə qadınlara üstünlük verilir. 2020-ci ildə keçirilmiş parlament seçkisi isə Azərbaycanın siyasi həyatında qadınların sayının getdikcə daha da artacağını deməyə əsas verir. Bunu yeniyetmə qızların təhsilinə verilən əhəmiyyət də təsdiqləyir (UNESCO-nun statistikasına görə 94,54%). Beləliklə, Azərbaycan dolayısı ilə dünyada qadın tədqiqatçıların faiz nisbətinin ən yüksək olduğu ölkələrdən birinə çevrilir.

Əslində, Azərbaycanın tarixində qadınların fundamental hüquqları ilə bağlı məqama nəzər salsaq, qeyd olunanlar heç də təəccüblü deyil. Bu mütərəqqi dövlətdə təhsil həmişə azadlıqla eyni tutulub. Odur ki, Bakıda qızlar üçün ilk müsəlman məktəbi hələ XX əsrin əvvəlində – 1901-ci ildə açılıb. 1902-ci ildə isə qadın assosiasiyası olan “Qadınları Müdafiə Cəmiyyəti”nə öz məktəblərini açmaq hüququ verilib.

Vacib beynəlxalq aktor…

Geosiyasətə gəlincə, karbohidrogen ehtiyatları ilə zəngin, siyasi cəhətdən sabit ölkə olan Azərbaycan Brüsselin meyarlarına mükəmməl şəkildə cavab verir. Dünyada neft ehtiyatlarına görə 20-ci, qaz ehtiyatlarına görə isə 25-ci yerdə olan Azərbaycan daim yeni tədarük mənbələri axtarışında olan Avropa İttifaqının diqqət mərkəzindədir. 2006-cı ildə Xəzər dənizində yeni karbohidrogen ehtiyatlarının (“Şahdəniz” yatağı) kəşfindən sonra isə Aİ-nin ona marağı daha da artıb. Müasir dünyanın karbohidrogen daşıyıcılarına təlabatının artdığı bir dövrdə bu yataq kifayət qədər böyük həcmdə ehtiyata malikdir.

(Fransız dilindən tərcümə – WorldMedia.Az)

Mənbə: MUSULMANS EN FRANCE