“İSKƏNDƏR”LƏRİ AZƏRBAYCANA RUSİYA ATIB? – “Ermənistan ordusunda “M” indeksli model yoxdur, deməli…”

225

İkinci Qarabağ savaşından sonra Azərbaycanda “İskəndər” raketləri Şuşa istiqamətində iki ərazidə aşkar edilib.

Bu haqda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin operativ qərargahın rəisi İdris İsmayılov deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşa ərazisində martın 15-də aşkar olunub: “Raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib. Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı onun “9M723” raketi aid olunduğu müəyyən olunub, hansı ki, bu kod “İskəndər”ə məxsusdur.

Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 mm-dir. Bildiyiniz kimi bu raketin bir neçə növü vardır. Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib. Hazırda bu raketin hansı növə aid olduğu istiqamətində dəqiqləşdirmələr aparılır”.

“Raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA əməkdaşları tərəfindən araşdırmalar aparılır. Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun tam olaraq qalıqları aşkarlanıb”, – deyə İdris İsmayılov qeyd edib.

Raketlərin cəmi 10 faizi partlayıb?

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə olunduğu, amma onların cəmi 10 faizinin partladığı haqda bəyanatını təkzib etmişdi. İ.Konaşenkov bildirmişdi ki, 44 günlük müharibə zamanı Ermənistan bir “İsgəndər” raketindən belə istifadə etməyib. İndi bu məsələnin ortaya çıxması bir tərəfdən Paşinyanı haqlı çıxarır, Rusiyanın isə təkzibini heç edir. Bu, Rusiyanın yalanını üzə çıxarır, həm də Ermənistanın müharibədə məkrli niyyətini ortaya qoyur.

Ermənistandan etiraf

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da “Armnyus” telekanalına müsahibəsində etiraf edib ki, Qarabağda müharibə zamanı Ermənistan “İsgəndər” raketindən istifadə edib: “Bu müharibənin son dönəmində olub və raket Şuşa istiqamətinə atılıb. Müharibənin əvvəlində nə üçün bu silaha əl atılmadığının səbəbini deyə bilmərəm. Məncə, cavab atəşindən qorxublar. Yəni Ermənistanın hansı ərazisindən bu raket atılsa idi, Azərbaycan ora başqa bir raketlə dəqiq cavab zərbəsi endirəcəkdi. ”İsgəndər” raketi müharibənin dördüncü günü atılmalı idi, Azərbaycan Horadizdə canlı qüvvə və texnika cəmləyəndə…”

Ermənistan ordusunda “M” indeksli model yoxdursa…

“Caliber”in yeni süjetində isə bildirilir ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “M” modifikasiyasına aid olması ciddi suallar doğurur.

Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur və “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İsgəndər”lərin üzərindəki “M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir. Süjetdə həmçinin Şuşaya atılan “İsgəndər”lərin partlamadığı da qeyd olunur.

Sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu da qeyd edib ki, həmin identifikasiya kodu Şuşaya atılmış “İskəndər E” deyil, “M” tipli raketə aid olmasını göstərir: “Belə raket isə Ermənistanda yoxdur və olmayıb. Rusiya istehsalı olan ”İsgəndər”in Ermənistana satılmış versiyası E olub, M tipli “İsgəndər”lər isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda, Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur.

Amma bunun ardınca Bakı üzərində vurulmuş “İsgəndər”in haradan atılması sualı da üzə çıxır.

Bunun da cavabı prinsipcə bəllidir, çünki “İsgəndər E” raketinin maksimum uçuş məsafəsinin 250-280 km arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 km-lik məsafə demək idi”.

Ə.Oruclunun sözlərinə görə, məlumatlı mənbələr müharibə dövründə Azərbaycan ərazisinə bir neçə “İsgəndər” atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də, hələlik bu haqda rəsmi məlumat yoxdur: “Amma baxır nəyi rəsmi məlumat saymaq olar. Məsələn, Paşinyanın bu raketlərlə bağlı ilk bəyanatı həmin məlumatla təxminən üst-üstə düşür. Demək, düşmən ölkənin baş naziri bir o qədər də yalan danışmamışdı. Onun bəyanatına Rusiyanın isterik reaksiyası da Paşinyanın haqlı olmasına işarə kimi qəbul edilə bilər. Qalır məsələni dərindən araşdırmaq və bunun üçün də ANAMA-nın ortaya qoyduğu və müvafiq foto ilə təsdiqlənən fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir. Moskva isə hələlik susur…”

“Rusiya Ermənistandakı “İskəndər”lərin nəzarətini öz əlində saxlayır” – MÜSAHİBƏ

Hərbi ekspert, Gürcüstan Strateji Analiz Mərkəzinin analitiki Laşa Dzebisaşvili isə Caliber.Az-a verdiyi müsahibədə qeyd edib ki, “İskəndər-M” operativ-taktiki raketinin zəngin istifadə spektri var – canlı qüvvənin məhvi, düşmən ərazisinin dərinliklərinə zərbələrin endirilməsi, anbar və qərargahların məhvi:

“Ona görə, nə qədər ki, müharibə davam edirdi, erməni tərəfi istənilən hədəfə istədiyi vaxt raket ata bilərdi”.

 

Ekspert hesab edir ki, Moskva raketlərin atılmasını qeydə almaya bilməzdi.

“İskəndər” OTKR-nın Ermənistana verilməsi ciddi şəkildə tənzimlənirdi və Rusiya bu mürəkkəb sistemlər üzərində nəzarəti öz əlində saxlayırdı. Ona görə, istənilən halda, Rusiyada nə vaxt və hansı hədəflərə zərbələrin endiriləcəyini bilirdilər. Bu məsələdə demək olar ki, heç bir şübhə yoxdur”, deyə L. Dzebisaşvili qeyd edib.

Qeyd olunduğu kimi, Ermənistana “İskəndər”in “E” ixrac versiyası satılıb.  Ancaq Azərbaycan ərazisinə Ermənistan ordusunun deyil, Rusiya ordusunun arsenalında olan  “İskəndər-M” modifikasiyalı raket düşüb. Onlar haradan atıla bilərdi, bəlkə, Gümrüdəki bazadan?

Bəli, həqiqət budur ki, Gümrüdə geniş çeşidli silahlar cəmləşib. Ancaq raketin buraxılışının dəqiq yerini dəqiqləşdirmək üçün kəşfiyyat məlumatlarına ehtiyac var. Mən düşünmürəm ki, zərbə Gümrüdən endirilib, izləmə sistemlərini nəzərə alaraq bunu dərhal aydınlaşdırmaq olardı. Lakin Ermənistanın silahlı qüvvələri Rusiyanın Qafqazdakı silahlı qüvvələrinin məntiqi davamıdır, bu nəzərə alınmalıdır. Mənim fikrimcə, “İskəndər”lər Azərbaycan-Ermənistan sərhədinə gətirilib və buradan raketlər buraxılıb”.

Yeri gəlmişkən, raketlər partlamayıb. Sizcə niyə?

“Buna qəti cavabım yoxdur. Mən “İskəndər”in sınaqlarının nəticələrini görməmişəm. Atışın neçə faizinin müvəffəqiyyətlə bitdiyi məlum deyil. Ancaq görünən odur ki, Ermənistan baş naziri Nikol Paşinyan “İskəndər”in 10 faiz effektivliyindən danışarkən haqlı idi. Əlbəttə, sonradan N.Paşinyan öz sözlərini geri götürdü, ancaq o, Baş Qərargahın və ya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanmadan ilkin açıqlamalar verə bilməzdi”, – deyə ekspet bildirib.

Niyə “İskəndər E” deyil, məhz “İskəndər-M” raketləri atılıb?

 

“Taktiki və texniki xüsusiyyətlərdə detallara varmadan fərziyyələrimi bildirəcəyəm. Aydındır ki, “İskəndər M”in hərəkət radiusu “İskəndər E” dən daha böyükdür, buna görə də böyük ehtimalla İrəvan “ekonom klass” “E”ni deyil, Azərbaycan ərazisində istənilən hədəfi vurmağa imkan verən “M” variantını əldə etməyə qərar verib. Mən təsadüfən qeyd etmədim ki, Ermənistan silahlı qüvvələri Rusiya silahlı qüvvələrinin Qafqazdakı davamıdır, çünki, onların hədəf və obyektləri Türkiyədədir. Buna görə, Azərbaycana zərbə vurmaq üçün “İskəndər M” raketlərindən istifadə edildi, çünki Ermənistanda məhz bu raketlər olub”, gürcü ekspert bildirib.

 

Rusiya və Ermənistandan reaksiya

Bu arada, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağda “İskəndər” raketlərinin qalıqlarının tapılmasına münasibət bildirib.

 

Bu barədə Rusiya mətbuatı yazıb.

“Bu yeni informasiyadır. Bu barədə məlumatım yoxdur. “İskəndər”lər konflikt zamanı tətbiq olunmayıb və bu, təsdiqlənib”, – deyə D.Peskov bildirib.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan isə 2020-ci ilin payızında Dağlıq Qarabağdakı münaqişə zamanı Ermənistan tərəfinin “İskəndər” raket sistemlərindən istifadə etməsi barədə şərh verməkdən imtina edib.

Bu barədə “İnterfaks” xəbər yayıb.

“Heç bir şey deyə bilmərəm, çünki bu məlumatın açıqlanması nəzərdə tutulmayıb”, – deyə erməni baş qərargah rəisi bildirib.

Hazırladı: İ.SABİRQIZI