İŞİD Mozambikin Palma qəsəbəsini ələ keçirdi – küçələrdə qan su yerinə axır

21

Hurriyyet.org xəbər verir ki, İŞİD terror təşkilatının üzvləri Mozambikin Palma qəsəbəsini ələ keçiriblər. Məsələ ilə bağlı açıqlama verən rəsmilər vəziyyətin ciddi olduğunu, küçələrin cəsədlərlə dolduğunu bildiriblər.

Palma şəhəri çərşənbə günündən bəri terrorçular tərəfindən mühasirəyə alınmışdı. Şəhərdə atışmalar davam edirdi. Qəsəbə xalqının bölgəni boşaltmasından və ordunun dünən axşam saatlarında ərazini tərk eləməsindən sonra İŞİD  Palma qəsəbəsini ələ keçirdiyini bildirib.

Mozambikin Müdafiə Nazirliyinin mətbuat katibi Omar Saranqa terrorçuların mühasirəyə aldıqları bir oteldə qalmış yeddi nəfərin qaçmağa çalışdığı zman öldürüldüklərini bildirib.

Palma qəsəbəsinin sakinləri meşələrə, ətrafdakı qəsəbələrə qaçmağa çalışıblar, dəniz sahilindəki onlarla qayıq qaçqınlarla dolub.

İŞİD terror təşkilatı 2017-ci ildən bəri bu bölgədə terrorçuluqla məşğuldur. Bu səbəbdən indiyə qədər 2500 nəfərdən artıq insan həlak olub, 700 min nəfərdən artıq sakin yurdundan qaçıb.

İŞİD terrorçuları Palma qəsəbəsində əcnəbi fəhlələrin də daxil olduğu  onlarla insanın öldürüldüyünü bəyan ediblər. İŞİD terrorçuları uzun müddət davam edən döyüşlərin ardından Amaq informasiya agentliyinə açıqlamada qəsəbəyə nəzarətin ələ keçirildiyini və hərbçilər də daxil olmaqla, ən azı 55 nəfəri qətlə yetirdiklərini bildiriblər.