“İşdən azad edilmiş məmurların “ətliyə” göndərilməsi məmləkət üçün ciddi təhlükələr yarada bilər” – NATİQ CƏFƏRLİ

795

“Əllərində külli miqdarda pul, imkan və hələ də böyük inzibati güc olan məmurlar gizli-açıq müqavimətə başlasalar, özünüqoruma instinktini işə salsalar ölkəyə böyük ziyan vura bilərlər”

“Köhnə, vurulmuş, işdən azad edilmiş məmurların növbəti “qırxılma” əməliyyatı gedir, ya da, buna hazırlıq başlayıb. Kənardan xoş görünsə, ürəkdən tikan çıxarmaq kimi təsir bağışlasa da, çox təhlükəli məqamdır. Bu sistemin özünün “kökəltdiyi” məmurları qanuni təməl yaratmadan, yeni “oyun qaydaları” elan etmədən “ətliyə” göndərilməsi məmləkət üçün ciddi təhlükələr yarada bilər”. Hurriyyet.org-un məlumatına görə, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli deyib.

REAL-ın icra katibi hesab edir ki, əllərində külli miqdarda pul, imkan və hələ də böyük inzibati güc olan məmurlar gizli-açıq müqavimətə başlasalar, özünüqoruma instinktini işə salsalar ölkəyə böyük ziyan vura bilərlər: “Müxalif düşərgədə marginal, deyingən, həyatından küsən, ambisiyaları ilə imkanları tərs mütanasib olan, istəkləri ilə ağılları təzad təşkil edən, prinsipləri olmayan, son 30 ildə elə o məmurlarla sistemdaxili oyunçular olub 100 oyundan çıxanlar, həmin o instinkt və küskünlüklə hərəkət edən pullu məmurlarla birləşib yenə də sistemi deyil də, isimi dəyişmək işinə girişə bilərlər. Rusiya əsgərinin torpağımızda olması həmin kəsimlərə əlavə stimul verə bilər, Qısası, təhlükəli vəziyyətdir. Prezident və onun yeni komandası eyforiyaya qapılmamalıdırlar. Artıq 3-4 ildi israrla, Vətən Savaşında möhtəşəm hərbi qələbədən sonra isə az qala qışqıraraq deyirik ki, köhnə sistem çürüyüb, işləmir, çalışmır, miladı dolub – gecikmədən, sürətlə yeni Ana Yasa, Yeni Konstitutsiya yazılıb qəbul edilməsi olazsa-olmazdır. Yeni ictimai saziş lazımdır, yeni təməllər atılmalı, yeni “oyun qaydaları” təsis edilməlidir”.

Natiq Cəfərlinin sözlərinə görə, məhz bundan sonra qanunun aliliyi şəraitində böyük maliyyə amnistiyası qəbul edilməli, ölkə sağlamlaşmalıdır: “Əgər hakimiyyət səmimi şəkildə bu işə girişsə, hər cür institutsional, intellektual dəstək verməyə hazırıq. Amma anlasınlar ki, sonra gec ola bilər, sonra demədiz-deməsinlər”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org