İranın iki kəşfiyyat qurumu arasında ixtilaf: İkisindən biri MOSSAD-a işləyir

75

İranın Nətənz şəhərindəki uran zənginləşdirmə zavodunu hədəf alan hücumun planlaşdırıcısı ölkəni tərk edib.

Ovqat.com xəbər verir ki, məlumat rəsmi şəxslər və onlara bağlı media orqanları tərəfindən təsdiq olunub.

İran İslam İnqilabı Korpusuna (SEPAH) bağlı yarırəsmi “Tasnim” Xəbər Agentliyinin məlumatına görə, İran parlamentinin Milli Təhlükəsizlik Şurası sədrinin müavini İbrahim Əzizi Nətənz hücumunu planlaşdıran şəxsin (teror aktının “beyni”) “ölkədən hava yolu ilə qaçdığını” və “bunu təşkil edənlərin mütləq ağır bədəl ödəyəcəyini” bildirib.


Nətənz AES: Qəzadan əvvəl və sonra

İran dini lideri Əli Xameneiyə yaxın olan “Keyhan” qəzeti isə şübhəlinin İnterpol vasitəsi ilə tutularaq İrana gətirilməsinə çalışıldığı bildirərək, faktı təsdiqləyib. İnterpolun veb saytında isə bununla bağlı hər hansı açıqlama verilməyib.

Hava yoluna ciddi nəzarətin olduğu, hər kəsin təpədən-dırnağa qədər yoxlanıldıqdan sonra təyyarəyə ötürüldüyünü nəzərə alsaq, cinayətdə şübhəli bilinən şəxsin hansısa böyük qüvvə tərəfindən aradan çıxarıldığı şübhə doğurmur. SEPAH-a bağlı media qurumlarının bu işi təşkil edənlərin mütləq cəzalanacağını bəyan etməsi o anlama gəlir ki, “inqilab keşikçiləri” hansısa paralel qurumu hədəf göstərir. Paralel qurum isə sözsüz ki, İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) ola bilər.

Xaricdəki İran müxaliflərinə bağlı “Radio Farda” radiosu da bu ehtimalı qüvvətləndirən məlumat yayımlayıb. Məlumatda bildirilir ki, İranın Nətənz nüvə zavodunu hədəf alan hücum səbəbilə SEPAH və İTTİLAAT arasında yeni bir böhran başlayıb. “İranda güclü nüfuza sahib olan iki qurum bir-birini qarşılıqlı olaraq təhlükəsizlik xidmətlərinin zəifliyində və koordinasiyanın olmamasında günahlandırırlar”, – məlumatda deyilir.

Radionun iddiasına görə, qarşılıqlı ittihamlara hətta İranın nüvə alimi Möhsin Fəxrizadənin öldürülməsi də daxil edilib.

Xatırladaq ki, bu ayın 11-də Nətənz Atom Elektirik Stansiyasında qəza baş vermiş və ölkənin vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bunu “nüvə terroru” adlandırmışdı. Daha sonra İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif mediaya açıqlama verərək “nüvə terroru”nun İsrail tərəfindən həyata keçirildiyini bildirmişdi.

İsrail də bu faktı inkar etməmişdi. Ölkənin “Kan” telekanalı adlarının çəkilməsini istəməyən bir neçə daxili və xarici təhlükəsizlik mənbəyinə istinadən bildirmişdi ki, “Nətənz nüvə müəssisəsində baş verən partlayış və yanğın, eləcə də təsisatda quraşdırılmış yeni sentrifuqaların işinə xələl gətirən hücum əməliyyatı İsrailin kəşfiyyat orqanı MOSSAD tərəfindən reallaşdırılıb.

Jerusalem” qəzetinin rəsmi saytı da yaydığı məlumatda İranın Nətənz nüvə obyektinə qarşı hücumun İsrail kəşfiyyatı tərəfindən həyata keçirildiyini təsdiqləmişdi. “İran rəsmilərinin məsələni kiçik və əhəmiyyətsiz göstərməyə çalışmasına baxmayaraq, gerçəkləşdirilən kiber hücumda yeraltı Nətənz təsisatına ağır ziyan vurulub”, – “Jerusalem” bu iddianı irəli sürmüşdü. Bildirilirdi ki, rəsmi Tehranın açılışını etməsindən bir gün sonraya təsadüf edən Nətənz təsisatına hücumun fəsadlarını aradan qaldırmaq və onun fəaliyyətini yenidən bərpa etmək üçün ən azı 9 ay vaxt lazım olacaq.

İndisə məlum olur ki, Nətənz atom stansiyasına edilən kiber hücumun təşkilatçısı İranda imiş və hansısa yerli təhlükəsizlik orqanı onun ölkəni tərk etməsinə köməklik göstərib. 

Xatırladaq ki, İran Silahlı Qüvvələri, o cümlədən kəşfiyyat orqanları iki paralel qurum şəklində fəaliyyət göstərir. Xüsusi xidmət orqanlarından biri İran İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETTELAAT), digəri isə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı Bəsic Qüvvələridir. SEPAH birbaşa dini liderə bağlı olduğundan İranın ən elit hərbi və kəşfiyyat qüdrəti sayılır. İran İslam İnqilabı qələbə çaldıqdan sonra dini lider ayətullah Xomeyni rəsmi silahlı qüvvələrə çox etibar etmədiyindən bu qurumu yaratmış və təşkilata ən sadiq insanları cəlb etmişdi. SEPAH İranın idarə olunmasında və iqtisadi həyatında ən böyük paya sahibdir.

Görünür, İranın təhlükəsizlik zəifliyi də elə bu ikitirəlikdən qaynaqlanır. Ərəblər demişkən, “bir aşın iki aşbazı olanda, yemək ya çox duzlu, ya da ümumiyyətlə duzsuz olar”.

Ovqat.com