İranda Azərbaycan türkü 9 aylıq mübarizədən sonra qızına öz dilində ad qoya bildi

168

İranda azərbaycanlılar övladlarına öz dillərində ad qoya bilmirlər: “Uşağı evdə başqa, məktəbdə başqa adla çağırırlar”

Hurriyyet.org xəbər verir ki, İranda Azərbaycan türkü olan bir ailə övladı üçün türk adı yazılmış şəxsiyyət vəsiqəsi uğrunda mübarizədə 9 ay sonra qalib gəlib.

İranın Ərdəbil şəhərində yaşayan, Azərbaycan türkü, görmə problemi olan musiqici Səccad Colani “Anadolu Agentliyi”ə müsahibəsində yeni dünyaya gələn qızına türk dilində “oyanmaq” və “ayağa durmaq” mənasını verən “Ayıl” adını vermək üçün 9 ay mübarizə apardığını söyləyib. Colani deyib: “Təqribən üç həftə əvvəl Qeydiyyat İdarəsinə getdim və bildirdim ki, qızım Ayılın kimliyini verməsələr, ailəmlə birlikdə idarə binasının qapısının qarşısında oturaq aksiya keçirəcəyəm. Məndən lüğətdə Ayıl sözünün mənasını tapıb gətirməyimi istədilər, mən də apardım. Yenə nəticə olmadı. Onlara oturaq aksiya niyyətimin qəti olduğunu söylədim. Nəhayət, 9 ay sonra övladımın kimliyini verməyə razı oldular”.

Bu prosesdə ona dəstək olan hər kəsə təşəkkürünü bildirən Colani İranda övladlarına türk adları vermək istəyən ailələrin problemlərinin dərhal həll ediləcəyinə ümidvar olduğunu bildirib.

Colani deyib: “İranda yaşayan türklərin övladlarına türk adları qoymaq məsələsində problemləri olub. Bir çox ailə bu problemlərlə qarşılaşır, lakin təzyiqlər üzündən məsələni mətbuata çıxarmaqdan çəkinirlər. Bəzi uşaqların valideynləri dövlət idarələrində çalışdıqları üçün bu məsələdə israr etdikdə işdən çıxarıla bilərlər. Türk dilində ad qoya bilməyən bəzi ailələr uşaqlarının vəsiqəsinə fars dilində ad yazdırırlar, amma evdə türkcə adı ilə çağırırlar. Uşağın məktəbdə başqa, evdə başqa adı olur. Bu məsələ ölkəmizdə sosial və psixoloji problemlər yaradır. İran rəhbərliyinin bu problemi dərhal həll eləməsini istəyirik”.