İrandan Ermənistana yenə də rus silahı göndərilir

498

Tehran rejimindən Ermənistana “genealoji” dəstəyin səbəbləri…

Azərbaycan Respublikası 30 ildir Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün ötən ilin payızında genişmaşstablı antiterror əməliyyatları keçirdi. Bununla da 30 illik erməni ekspansionizminə nöqtə qoydu. 44 gün Vətən torpaqları uğrunda davam edən bu savaşda yeddidən yetimişə qədər hamılıqla xalqımız Milli Orduya dəstək verdi. “Milli azlıqlar” və ya saxtakarcasına “öz müqəddaratını təyin etmə” adı altında bölücülük siyasəti yürüdən bütün güclərə bu şanlı qələbə həm də böyük bir dərs oldu. Moldova, Gürcüstan, Ukrayna, Qazaxıstan, Rumıniya və digər dövlətlərdə bu möhtəşəm uğurlar dövlət və xalq səviyyəsində coşqularla qarşılandı. Bu qələbə Avropada etnik separatizm təhlükəsi ilə daim üz-üzə qalan İspaniya, İtaliya, Belçika, İngiltərə, Almaniya və digər dövllər üçün də örnək oldu.

Bu qələbədən narazı qalan  adını “İran İslam Respublikası” qoymuş və türk düşmanlığı siyasəti yürüdən Tehran rejimi və qondarma Ermənistan adlı ölkə oldu. Ermənistan bu savaşda nəinki hərbi arsenalını, həm də qoşunlarının böyük itkisini vermiş oldu.


Embarqo altında inləyən Tehran rejiminin rəzaləti

Son illərdə Tehran mollakratiya rejiminə qarşı beynəlxalq səviyyədə tətbiq olunan iqtisadi embarqoların nədəni olaraq, ölkənin illik 650 milyard dollarlıq gəliri 340 milyard dollar qədər enib. Digər yandan, embarqoların sonucu olaraq, ölkədə dəhşət saçan iqtisadi böhran yaşanılır. Əhali daha da kasıb durumla üz-üzə qalıb. Kiçik və orta biznes sektoru tamamilə çöküb. Ölkənin iri sənaye müəssisələri də ağır durumdadır. Hətta nəhəng zavod və fabriklərin çoxu bağlanılıb. Bütün bunlara baxmayaraq, Tehran mollakratiya rejimi dövlət gəlirlərinin 40 il öncə olduğu kimi “İslam İnqilabının İxracı” konsepti ilə hərəkət edir. İraq, Nigeriya, Ermənistan, Suriya, Sudan, Yəmən, Əfqanıstan, Gürcüstan, Livan və digər ölkələrdə “şiəliyi yaymaq” projesi altında “Bozorge İran” (Böyük İran) imperiya hədəflərini önə sürməkdədir. Azərbaycan Respublikasına qarşı olan kininin səbəbi budur. Ona görə də Ermənistana qardaşlıq nümayiş etdirir. 2018-ci ildə yaranışının tarixində ilk dəfə olaraq ermənilərin terrorçu siyasi partiyası “Daşnaksütyun” mərkəzi qərargahını İrəvandan Tehran və İsfəhana  köçürməsi təsadüf sayılmır. Suriya, Türkiyə, Pakistan, Əfqanıstan və Azərbaycan məsələsində daşnaklar Tehran rejimi üçün yedəkçi terror birləşmələrinin yanında yer alacaq. Bunun qarşılığında Tehran rejimi daşnakların Orta Doğudakı gəlir qaynağı olan silah və narkotika biznesinə dəstək verəcəkdir. Bununla yanaşı, Tehran Güney Azərbaycanın Urmu vilayəti üzrə erməni-kürd işbirliyi ideologiyasına söykəmli olan antitürk konseptlə hərəkət etməyi düşünür. Bu amacla da Güney Azərbaycan torpaqlarında “qədim erməni mədəniyyəti və abidələri” projesini gündəmə gətiribdir.


Güney Azərbaycana göz dağı vermək üçün yeni hədəflər

Tehran rejimi insan hüquqlarının pozulmasına, ana dilində təhsil almaq istəyənlərin tələblərinə və digər milli hüquqlara tüpürərək istədiyi kimi rəzaləti davam etdirməkdə israrlıdır. Bunun üçün yeni taktika seçib. Tutuqlanan fəallara böyük məbləğdə cərimələr kəsməklə onları ömürlük borc bataqlığına sürükləyir. Borcunu ödəmək imkanı olmayanlara isə cəzaevlərində işgəncələr tətbiq edir.
Azərbaycan dövlətinin Ermənistan tərəfindən 30 ildir işğal etdiyi öz torpaqlarını azad etmək üçün hərəkətə keçəndə Güney Azərbaycan Milli Hərəkatının bütün fəalları hamılıqla dəstək aksiyalarına başladı. Yəni qanı qanımızdan, ruhu ruhumuzdan, dili dilimizdən olan canbir qardaşlarımızın yanındayıq dedilər. Bunun qarşılığında isə, Tehran və manqurt əlaltıları milli fəalları tutuqladılar. Hətta məhkəmələrdə onlara cəza kəsildi. Güney Azərbaycan Milli Hərəkatının fəallarından Həkimə Əhmədi, Yasəmən Zəfəri, Sədullah Sasani, Rəhim Sasani və Mehdi Pur Əli Xurmalu Təbrizin 2-ci Cinayət Məhkəməsinin 112-ci şöbəsində onlara cəza verilməsi hokum çıxarılıb.  Məhkəmənin 112-ci şöbəsinin rəisi hakim Məhəmməd Əli Piri, “ictimai asayişi pozmaq, qanunsuz toplanmaq və məmurlara itaətsizlik” ittihamı ilə milli fəalların hər birinə bir il şərti həbs və altmış qamçı cəzası verib. 2013-cü ildə qəbul edilmiş İslam Cəza Qanununun 46, 49 və 54-cü maddələrinə istinadən verilmiş iddianamə “dörd il” dayandırılıb. Xanım Əhmədi məhkəmədə iştirak etmədiyinə görə, haqqında hökm qiyabi verilib. Hakimin verdiyi iddianamədə “Şərqi Azərbaycan Əyaləti İntizam Komandanlığının Kəşfiyyat və İctimai Təhlükəsizlik Polisinin və İran İslam İnqilab Keşikçiləri korpusunun Kəşfiyyat Təşkilatının hesabatına əsasən adı çəkilən şəxslərin cinayəti sübut edilmiş” hesab etmişdir. Xatırladaq ki, milli fəallar iyulun 16-ı, 2020-ci il tarixində, Azərbaycan Ordusuna dəstək olmaq və Ermənistanın Tovuz şəhərinə qarşı təxribatı qınamaq üçün Azərbaycan Respublikasının Təbrizdəki konsulluğu qarşısındakı aksiyada iştirak etdikləri üçün həbs edilmiş, ağır vəsiqələr qarşılığında məhkəmə işinin yekunlaşmasına qədər müvəqqəti azadlığa buraxılmışdılar.


Rejimin Ərdəbil rəzaləti

Ərdəbildə milli fəallar Əli Xeyrcu və Meysəm Colani 2-ci Cinayət Məhkəməsinin 110-cu şöbəsi tərəfindən bötüvlükdə 8 ay həbs və 40 zərbə qamçı cəzasına məhkum ediliblər. Onlara məhkəmə qərarı ilə bağlı 2-ci Cinayət Məhkəməsi tərəfindən verilən bildirişdə adı çəkilən şöbənin rəisi “Səccad Həbibi” 1996-cı ildə qəbul olunan “İslami Cəza Qanunu”nun 618-ci maddəsinə əsasən Əli Xeyrcu və Meysəm Colaninin həbs cəzalarında dəyişiklik edilərək 8 ay həbs və 40 qamçı zərbəsinə məhkum edildiklərini bildirib. Fəalların məhəkəmə işinə 1 dekabr 2020-ci il tarixində Ərdəbilin 2-ci Cinayət Məhkəməsinin 110-cu şöbəsində baxılıb. Əli Xeyrcu və Meysəm Colani təhlükəsizlik qüvvələri tərəfindən 1 oktyabr 2020-ci il tarixində evlərində saxlanılıb. Onlar Ərdəbilin “Ciral Park”ı məhbusları ilə birlikdə, hər biri 300 milyon tümən girov müqabilində məhkəmə prosesi bitənə qədər “Şam Əsbi” cəzaevindən müvəqqəti azadlığa buraxılmışdılar. Onlar həm də üç ayrı ittihamla günahlandırılırdı. Digər iki ittihama baxılması üçün inqilab məhkəməsinə göndərildi. Sosial şəbəkələrdə yayımlanan video və fotoşəkillərdə görünür ki, təhlükəsizlik qüvvələri Əli Xeyrcunu həbs etmək üçün məhkəmə qərarı olmadan evin duvarından aşaraq mənzilə basqın edərək, milli fəalı və ailə üzvlərini döyür və təhqir edirlər. Xeyrcu tutulduqdan sonra “Ceneral Parkı” məhbuslarının anaları və Xeyrucunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə yaxınlarının durumunu öyrənmək üçün prokrorluğun 10-cu şöbəsinə müraciət ediblər. Onlar hakim “Nonəhal” tərəfindən təhqir olunaraq oradan uzaqlaşdırılıblar. Əfsanə Əkbərzadə hakim “Nonəhal”ın tərbiyəsiz davranışına, söyüş və təhqirlərinə və həbs olunan milli fəalların saxlanılmasının qanunsuzluğuna etiraz etdiyi üçün, adı çəkilən hakimin göstərişi ilə 24 saatlığına həbs olunmuşdur. Xatırladaq ki, 1 oktyabr 2020-ci ildə milli fəalların Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsinə dəstək olaraq dinc aksiyaya çağırışından sonra təhlükəsizlik və hüquq-mühafizə qüvvələri Güney Azərbaycan şəhərlərinin meydanlarına yeridildi. Urmu, Təbriz, Zəngan, Sulduz, Ərdəbil və Tehrandakı milli-mədəni fəallara qarşı zor tətbiq edib, heç bir məhkəmə qərarı olmadan çoxlarını qanunsuz həbs etdilər. 2020-ci ilin ilin iyul ayında Tehran, Təbriz, Urmu şəhərlərində keçirilən oxşar mitinqlərdə bir sıra fəallar və vətəndaşlar həbs edildi, bəziləri girov müqabilində müvəqqəti sərbəst buraxıldı. Ermənistanın ekspansiya siyasətinə qarşı çıxan Güney Azərbaycanda və Tehrandakı əksiyalarda əsas məqsəd Azərbaycan Respublikasının ordusuna göstərilən mənəvi dəstəkdən ibarət olub. Ancaq bunun qarşılığında Tehran rejimi bu aksiyaları yatırtmış, yüzlərlə milli fəala işgəncə vermiş və həbs etmişlər. Güney Azərbaycanda Qarabağa dəstək mitinqləri ilə əlaqədar yeni həbslər baş verib. Təbrizdə “gəl qardaşım meydana, silah gedir İrəvana, Azərbaycan yan-yana, Nurduz gərək bağlana” şüarı ilə aksiyaçılar İran və Ermənistan arasındakı Nurduz sərhəd məntəqəsinin qapadılmasını tələb ediblər. Sosial şəbəkələrdə paylaşılan görüntülərə istinadən “Qarabağ bizimdir, bizim olacaq”, “Ermənistana himayət, cinayətdir, cinayət” və “Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndirilib.

Ənzəli limanından Ermənistana Rusiya silahı göndərilir

Güney Azərbaycanın Sərab şəhəri üzərindən Ermənistana göndirilən silahlarla bağlı çoxsaylı video-süjetlər yayılıb. Rusiyaya aid hərbi Kamaz maşınlarının Ermənistana getdiyinə hər kəs şahid olub. Ənzəli limanı vasitəsilə Ermənistana göndərilən hərbi texnikanın sayının 150-dən çox olduğu müşahidə olunub. Qarabağın azad edilməsi uğrunda aparılan əməliyyatlar zamanı və ondan sonra İran vasitəsilə Ermənistana silah və hərbi texnika yardımı davam edib. Güney Azərbaycanın bir çox şəhərində etiraz aksiyaları keçirilib. Çox sayda milli fəallar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.Onlar qondarma ittihamlarla həbs ediliblər. Proses davam edir.

 

Andranikin adına küçə…

İranın hakim dairələrinin yadına düşüb ki, bəs 40 il əvvəl inqilab zamanı bir erməni də şəhid olubmuş. Amma onun adını harasa verməmişik. Bunu etməsək milli azlıqlara hörmətsizlik olar. Ermənilər isə, bizə tənə vurarlar. Tehran İslam Siyasi Şurası fikirləşərək bir ünvan tapıb. İRNA xəbər agentliyi isə, Şura üzvü Məhəmməd Cavad Haqşinas Siyasi Şuranın adlandırma komissiyasının şəhərdəki Mirzaye Şiraz və Səna küçələrinin kəsişdiyi yerə erməni Andranik Mkrtçyanın adının verildiyini deyib. Küçənin açılış törəninə İran parlamentinin təmsilçiləri və erməni təşkilatlarının fəalları qatılıblar.

Ənvər BÖRÜSOY