İrəvanın “soyqırım bəyanatı”na can atmasının səbəbi…

291

Nə üçün “erməni soyqırımın tanınması haqqında” siyasi bəyanatlar və ya bəyannamələr tarixi hadisəyə münasibət bildirənin rəyindən o tərəfə keçmir, niyə onların siyasi və hüquqi nəticələri yoxdur?

Axar.az xəbər verir ki, bu sual ətrafında danışan politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfiqarov fikirlərini 5 bənddə sistemləşdirib:

“1. Soyqırım Cinayətinin Qarşısının alınması və ona görə cəza haqqında Konvensiya 1949-cu ilin dekabrında BMT Baş Assambleyası tərəfindən qəbul edilib və 1951-ci ildə qüvvəyə minib (bu günə qədər 141 dövlət tərəfindən ratifikasiya edilib);

2. Konvensiya onun qəbulundan əvvəlki hadisələrə şamil edilmir (yəni yalnız 1949-cu ildən sonrakı hadisələri ehtiva edir). Ona görə də İkinci Dünya müharibəsi illərində yəhudilərin soyqırımı “soyqırım” deyil, Holokost adlandırılır.

3. Soyqırım və insanlığa qarşı cinayətlərə görə məsul şəxslərin təqib edilməsi, hərbi cinayətlər, həmçinin təcavüz cinayəti üzrə ilk daimi beynəlxalq orqan 1998-ci ildə Roma statusuna əsasən təsis edilib və 2002-ci ildə Haaqada işə başlayıb (Bunu Haaqada fəaliyyət göstərən və BMT TŞ qətnamələri əsasında işə baxan BMT-nin Beynəlxalq Məhkəməsi ilə qarışdırmaq olmaz);

4. Beynəlxalq cinayət məhkəməsi yaradılmazdan əvvəl Ruanda və ya Yuqoslaviya üzrə Beynəlxalq Tribunal kimi xüsusi tribunalların yaradılması təcrübəsindən istifadə edilib (soyqırımları tanıyıb). İkinci Dünya müharibəsindən sonra da Nürnberq tribunalı var idi (Holokostu tanıyıb).

5. Birinci Dünya müharibəsindən sonra Osmanlı İmperatorluğunun vəzifəli şəxslərinin ermənilərə qarşı cinayətlərdə ittiham olunmalarına baxılması üçün (o zaman hətta “soyqırım” termini belə yox idi, o, hüquqi termin kimi sonradan meydana çıxdı) 1919-1920-ci illərdə Maltada xüsusi Tribunal keçirilib. Məhkəmə prosedurları ingilis ədalət məhkəməsinə uyğun olaraq, Böyük Britaniyadan olan hakimlərin iştirakı ilə baş tutub. Sübutlar və dövlət siyasətinin həyata keçirilməsində təqsirli olan etnik motivli kütləvi cinayətlər müəyyən edilməyib. Erməni əhalisinin deportasiyasının təşkili zamanı cinayət törətmiş bir neçə orta ranqlı məmur təqsirli bilinib”.

Politoloqun sözlərinə əsasən, sadalanan müddəalara görə, Osmanlı İmperiyasının və ya Türkiyə Respublikasının ali vəzifəli şəxslərinin ermənilərə qarşı soyqırım siyasətinin həyata keçirilməsində təqsirli olduğunu təsdiq edən hökmün qəbul olunduğu beynəlxalq məhkəmə qərarı yoxdur:

“Belə bir qanunauyğun sual yaranır: bəs ermənilər növbəti heç bir əhəmiyyət daşımayan bəyanat əldə etmək üçün niyə bu qədər qüvvə və vəsait xərcləyirlər?

Cavabım yoxdur…”