İordaniyada çevriliş cəhdi! Rusiya kralı dəstəklədiyini bəyan etdi

162

Hurriyyet.org xəbər verir ki, İordaniyada çevriliş cəhdi iddasından sonra Rusiya Kral II Abdullanı dəstəklədiyini bəyan edib.

İordaniyada çevriliş cəhdi iddiası ilə 20 nəfərin həbs edilməsinin ardından Rusiya Xarici İşlər Nazirliyi İordaniya kralı II Abdullanın ölkədə sabitlik səylərini dəstəklədiklərini bəyan edib.

Rusiya XİN açıqlamasında deyilir: “İordaniyada sabitliyi və təhlükəsizliyini baltalama cəhdi ilə bağlı hadisələri diqqətlə izləyirik. İordaniyanın qanuni hakimiyyətini və şəxsən Kral II Abdullanın ölkədəki sabitliyi və intizamı qorumaq cəhdlərini dəstəkləyirik”.

İordaniyada Kral II Abdullaya qarşı 3 aprel tarixində sui-qəsd cəhdi səbəbindən yüksək vəzifəli şəxslərin həbs edildiyi ilə bağlı xəbərlər yayılıb.

“Vaşinqton Post” qəzeti İordaniyada “ölkənin sabitliyinə təhdid yaratması səbəbindən” 20 nəfərin həbs edildiyini və Kral II Abdullanın qardaşı Şahzadə Həmzə ibn Hüseyin də Almaniyadakı evində nəzarətdə saxlanıldığını iddia eləmişdi.

İordaniyanın Baş Qərargah rəisi general Həmzə ibn Hüseynin həbs edilmədiyini, lakin ondan ölkənin sabitliyinə zərər verə biləcək  fəaliyyətini dayandırmasını tələb edildiyini bildirib.

İordaniyanın rəsmi PETRA agentliyində dərc olunan xəbərdə isə keçmiş Krallıq Divanı başçısı İbrahim Avadallah və onunla əlbir olan bəzi şəxslərin təhlükəsizlik səbəbindən tutulduğu deyilir.

Şahzadə ibn Hüseyn 1999-2004-cü illərdə vəliəhd şahzadə olub, lakin sonra bu məqama Kral II Abdullanın böyük oğlu Hüseyn ibn Abdulla keçib.