İnsan hüquqları üzrə müvəkkil insan hüquqlarını necə pozur ?

264

Koronavirus rejiminin yumşaldılması əfv məsələləri komissiyasının  müraciətlərə baxmaq üçün toplaşmasına nədən olub. Komissiyaya (və komissiya üzvlərinə) müraciətlər isə bəlli rejim nədənindən, başlıca olaraq, elektron qaydada həyata keçirilir . Əfvlə bağlı insanların ən çox üz tutduğu qurumlardan biri də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilidir  .

1932-21

Məcburi köçkün Qarabağ qazisi ailəsinin oğlu Elməddin Mehdi oğlu Kərimovun 16 yaşının içində olanda 15 yaşın içində olan məktəb yoldaşı qızın sevgi mesajına qarşılıqlı cavab verməsinə görə 5 il həbs cəzasına məhkum edilməsinin 4 ili bu ilin mayın 19-da tamam olur. Ailə dördüncü  ildir uşaqlarının “yetkinlik yaşına çatmadığını bilərək seksual  (sevgi mesajı) əxlaqsızlığının” cəzasından bağışlanılmasını diləyir . “Sevgi (mesajı) məhbusu”nun anası Diləfruz Bayram qızı Baxşıyevanın döymədiyi qapı qalmayıb. Pandemiya çağı qapı döymək yasaq edildiyindən biçarə ana “online döyəcləmə” yolunu seçib. Prezident Administrasiyasından ananın müraciətinin əfv komissiyasına daxil olduğunu,  komissiyanın üzvü, Prezidentin köməkçisi Fuad Ələsgərova verildiyini bildiriblər. Ombudsmanın bağlı qapısını da “online rejim”də döyən” məhbus anasına ötən gün- 17.02.2021 tarixli, 2/3215-21 saylı məktubla  Ombudsman Aparatının rəhbəri yazıb ki,  əfvə köməklik göstərilməsi haqqında ərizədə imzanın olmadığı müəyyən edilib . Ərizəni imzalayıb yenidən müraciət etməyi bildirən Ombudsman Aparatının rəhbəri əlavə olaraq bildirib ki , MÜVƏKKİLƏ www.ombudsman.gov.az rəsmi internet səhifəsindəki “online müraciət” bölməsi vasitəsilə də müraciət ünvanlaya bilərsiniz . Sözügedən internet səhifəsindəki “online müraciət” bölməsindən yararlanmağa isə qadağa qoyulub. “Bölmə”ni “döyəcləyən” yararlanıcılar -istifadəçilər 3 dildə “Sessiya müddəti bitmişdir” qadağası ilə üzləşmək özbaşınalığında qalırlar.

Müraciət etmək hüququ Konstitusiyanın 57-ci maddəsi ilə doğrulanan əsas insan və vətəndaş hüquqlarındandır. Hüquqa hər hansı yolla qadağa qoyulması isə yolverilməzdir. Nə yazıq, insan hüquqlarını pozan elə insan hüquqları üzrə müvəkkilin özüdür. Belədə hansı hüquqdan danışmaq olar?

 

Məğrur Bədəlsoy