İNGİLTƏRƏNİN QARA DƏNİZ HƏDƏFİ… – Böyük Britaniyada “taxt savaşı”nın detalları və ingilislərin ABŞ-dan kənarda yeni dünya düzəni qurmaq planı…

117

Rusiya ilə Ukrayna arasında münaqişənin gərginləşməsinin əhəmiyyətli fazası Krım yarımadasının yerləşdiyi Qara dənizdə yaşanır. Böyük Britaniyanın Ukraynaya dəstək üçün Qara dənizə hərbi gəmilər göndərməsi xəbəri artıq reallaşmaqdadır. ABŞ-ın da Qara dənizə gəmi göndərməsi aktual idi, amma Türkiyənin F-35 proqramından kənarlaşdırılmasından sonra çətin ki, bu, baş tutsun. Bundan əvvəl də Möntro anlaşmasnın ABŞ-ın Qara dənizə gəmi yollasa belə, uzun müddət orada qalmasına çətinlik yaradacağı bəlli idi.

Fikrimizcə, Birləşmiş Krallıqla vəziyyət fərqli ola bilər. Ümumiyyətlə, 20-ci əsrin super gücü olan ABŞ-ı arxa plana itələməkdə olan Böyük Britaniya, zəifləyən mövqelərini yenidən geri qaytarmaqdadır. Eləcə də İingiltərə taxtının sahibinin ömür-gün yoldaşı olan şahzadə Filippin vəfatından sonra, artıq Kraliça Elizavetanın da ölümü ilə vəziyyətin necə dəyişəcəyi müzakirə olunmaqdadır. Dünyanın siyasi nəbzini idarə edən bu krallıq və ailəsinin daxili aləmi, ümumiyyətlə burada baş verənlər çox maraqlıdır. Çünki bu kral ailəsində alınan qərarlar dünyanın siyasi həyatının istiqamətinin müəyyənləşməsinə yön verir. Bu səbəbdən məsələyə bir neçə tərəfədən baxa bilərik.

İlk öncə 2021-ci il aprelin 9-da şahzadə Filippin vəfatından başlayaq. Şahzadə Filipp alman əsilli Olderburq monarxiya şəcərəsinin Qlyuksburq qolundan şaxələnən, 1863-1906-cı illərdə hökmdar olmuş Danimarka kralı IX Kristianın oğlu Yunansıtan kralı I Georqun kökündən gəlmədir. Bizlərə sovet dövründə elə monarxiya sülaləsinin nümayəndələrinin itib-batdığını, yoxa çıxdığını, bir-birini öldürüb-sonlarına çıxdıqlarını aşılasalar da, bu, qətiyyən doğru deyil.

Danimarka kralı IX Kristian isə ingilis kralı V Georqun və rus imperatoru II Nikolayın babasıdır. Araşdırma aparan şəxs onların bir-birinə qohum olduqlarını və ağacın budaqları kimi bir kökdən törədiklərini görə bilər. Filipp də Yunanıstan kral şəcərəsinə aid idi və şahzadə-konsort (yəni dövləti idarə etmə imtiyazı yox idi) idi. Diqqət etsək, Filippin ölüm tarixi xüsusi tarixə “təsadüf etdi”. 9 aprel 2021-ci lin 1 yanvarından hesablasaq 99-cu gündür və mərhumun da 99 yaşında öldüyü bildirildi. Amma 2017-ci ilin 4 may tarixində Britaniya mediasında onun həmin ilin payızından etibarən vəzifələrini artıq yerinə yetirməyəcəyi, dəvətlərdə, səfər və tədbirlərdə iştirak etməyəcəyi barədə mətbuat açıqlama verilmişdi. O, 780-dən artıq təşkilatın üzvü idi.

Hazırda 95 yaşında olan kraliçaya gəldikdə isə, onun öz hakimiyyətinin “qürub dövrü”nə girdiyi deyilir. Krallıq ekspreti Anna Vaytlok bildirir ki, Edinburq hersoqunun ölümü “gələcəyə keçid”dir.

London universitetinin Müasir monarxiyaları tədqiqat mərkəzinin direktoru Royal Hallovey isə bildirir ki, “kraliça hakimiyyətinin hazırkı və gələcək dövründə qüruba qərq olub. O, indi duldur və məlum deyil ki, bunlara necə reaksiya verəcək. Konstitusiyaya görə, şahzadə Filippin ölümü heç nəyi dəyişmir, amma kraliça 95 yaşına qədəm qoymaq üzrədir. O, yaşlanır və kövrəkdir”.

Hallovey də Vaytlokun sözlərini təkrar edərək deyir ki, Filippin ölümü kraliçanın da hakimiyyətinin “sonunun başlanğıcı” deməkdir. “Aydındır ki, Filippin ölümü gələcəyə keçidin və monarxiyanın bu fazasının bitməsi anlamına gəlir”, – deyə ekspert sözünü tamamlayır.

Tarixçi və yazıçı Ed Ouens əlavə edir: “Simvolik olaraq hakimiyyətin ötürülməsi başlamışdır. Mən bu yaxın illərdə şahzadə Çarlzı daha çox üzdə görəcəyimizi düşünürəm. Eləcə də onu gələcək kral rolunda görəcəyik. İllər boyunca hazırlanan məruzələr monarxların 95 yaşa çatarkən varislərini açıqlayaraq kənara çəkiləcəyini irəli sürdü. Məsələn, Filipp də 95 yaşında istefasını açıqladı”.

Ekspert Daniela Elser “Australian Daily Telegraph” da yazır: “2017-ci ildə şahzadə Filip ictimai həyatdan çəkiləndən sonra dəmir əsasını şahzadə Çarlza təslim etdi. Qaller şahzadəsi –Çarlz o zamandan tacı əhatə edən qarışıqlıq və böhranlara qarşı dövlətin gəmisini sakit sulara yönəltmək üçün mübarizə apardı. Bekinqem sarayının başını alan qara buludlar əlahəzrətin hiss etdiyindən daha çox uzağa gedib. 1997-ci ildə Uels şahzadəsi Diananın ölümündən sonra kral ailəsi son 6 həftə olduğundan daha çətin vəziyyətə düşməmişdi. Mart ayının əvvəllərində Harry və Meqan, Sasseks hersoq və hersoqinyası Ofra Vinfrey ilə iki saatlıq televiziya verilişində kral ailəsinin özlərinin ruhi sağlamlıq problemlərinə laqeydliyinə və irqçiliyə vurğular etdi. O vaxtdan bəri, saray aramsız araşdırma və monarxiyanın mövcud vəziyyəti ilə əlaqəli bir çox medianın hədəfinə çevrildi”(ABŞ-ın xüsusi cidd-cəhdi ilə).

Şahzadə Harri bu həftə babasının dəfninə gedərkən atası Çarlz ilə ayaqüstü görüşdü. Burada məntiqi mühakimə yürütsək sual verə bilərik ki, Meqan və Marklın Bekinqem sarayını irqçilikdə və laqeydlikdə suçlayaraq, körpüləri yandıracaq qədər münasibətləri pozmasının anlamı nə idi? Şahzadə Harri niyə atası ilə ayaqüstü görüşdü? Belə nəticəyə gələ bilərik ki, Britaniya taxının varisliyinə əsil-nəcabəti olmayan qadınla evlənmiş və Amerika cinahını təmsil edən Harrinin yaxın qoyulmayacağını yəqinləşdirən cütlük, əlindən gələn sonuncu zərbəni vurdu. Buna görə, görüş də ayaqüstü, qısamüddətli olub.

Vindsor qalasındakı dəfn mərasimindən sonra Harrinin Frogmore Kottecində atası Çarlz, qardaşı şahzadə Vilyam və Kembric hersoqinyası Keyt ilə qısa görüşə qatıldığı bildirildi. Bununla birlikdə, mənbələr qısa görüş zamanı “həll olunmamış məsələləri həll etmələrinin mümkün olmadığını” söylədilər.

“The Sun”ın yazdığına görə, “Vilyam, Keyt və Çarlz – hamısı təxminən iki saatdan sonra yola çıxdılar. Bu, ata və qardaşların yenidən danışıqlarına başlamaq üçün kifayət qədər uzun idi”. Bu o deməkdir ki, oğlu hamilə arvadı və Arçi ilə görüşmək üçün ABŞ-a qayıdanadək, onunla problemlərini həll etməmiş ola bilər.

Ofra ilə müsahibəsi zamanı Harri atasından maddi baxımdan asılılığa son verdiyini  söyləyərək, onu hədəf aldı. ABŞ-da Meqan və oğlu Arçi ilə yeni həyat qurarkən, mərhum anası şahzadə Dianadan miras qalan pula güvəndiyini də əlavə etdi.

Harri daha sonra kral ailəsində tələyə düşdüyünü hiss etdiyini deyərək, qardaşı və atasının halına yandığını bildirdi: “Atam və qardaşım, tələyə düşdülər. Onlar xilas edə bilməyəcəklər. Buna görə, onların halına yanıram”.

Meqan oğlu Arçinin şahzadə olmadığına görə “təhlükəsizliyik zəmanəti”nə sahib olmamasından da danışdı. Ardınca Arçinin V Georqun qoyduğu qaydalara əsasən, irqinə görə şahzadə olmağa haqqı olmadığını ifadə etdi.

Ofranın, “Sizcə, onun tituldan məhrum edilməsi irqinə görədir” sualını Meqan belə cavabladı: “Onlar Arçinin şahzadə olmasını istəmirdilər. Bu, protokola əks olardı”.

Bu məqamda deyək ki, ABŞ-ın Britaniya taxtına öz mənafelərinə uyğun varis yerləşdirə bilməsi cəhdi 2-ci Dünya müharibəsi ərəfəsində də baş vermişdi, amma qarşısı alınmışdı. Belə ki, kraliça II-ci Yelizavetanın atasından – VI Georqdan əvvəl kral olan VIII Eduardla artıq belə bir hal yaşanmışdı. Amerikalı Uollis Sipmsonla evlənmək üçün taxtından vaz keçən VIII Eduardın qalmaqallı həyatına 2010-cu ildə lentə alınmış “Kings speech” filmində də toxunulmuşdur. Deyilənə görə, Uollis Simpson və Kral Hitlerə qarşı simpatiya bəsləyən şəxslər olublar. Qəribədir ki, ingilis kralını başdan çıxaran qadın Uollis Sipmsonun şahzadə Harrinin seçimi Meqan Marklla sima cəhətdən çox bənzərliyi var. Çətin ki, burada təsadüf olsun. Əslində, bu, tamamilə İngiltərə taxtının ABŞ tərəfindən ələ keçirilməsi əməliyyatı ola bilərdi. U.Simpsona da əri Eduarda görə Vindzor qrafinyası adı verilsə də, heç vaxt titul almadı. Mümkündür ki, hər iki şəxs ingilis taxtını ələ keçirmək üçün çalışan ABŞ qruplaşmasıdır.

Bəs, taxtın namizədi şahzadə Çarlzın plana qarşı durmaq üçün fikri nədir? Yenə cavabı krallığın media xronikasından tapmaq olar. Belə ki, şahzadə Çarlzın varislərə sərf olunan “xərcləri azaltmaq” üçün uzun müddətli bir planla “Meqan və Harrini kral ailəsindən “necə atması” barədə söhbətlər gedir. Mənbələr bildirir ki, kraliça ailənin “çöl qismlərini”bir arada tutmaq və dəyişikliklərə meylli olmamasına baxmayaraq, Çarlz planlarından imtna etməyəcək. Bundan əlavə, kraliça dul qaldığına görə Galler şahzadəsi Çarlzın daha çox rol almağa başlayacağını şərh edir: “Şahzadə Çarlz çoxdan bəri pullara qənaət etmək və kral ailəsi üzvlərini vergilərdən alınan pula dəyər verməyə məcbur etmək üçün monarxiyada ixtisarlar aparmaq istəyirdi. Güman edirəm ki, bu Harri və Meqanın kral ailəsinin üzvləri olmaqdan çıxarılması ilə ola bilər”.

Aydındır ki, bu dəyişiklik alınmasa ABŞ cinahını təmsil edən Harri və Meqan cütlüyü heç bir halda taxta varis olmayacaq. Odur ki, Şahzadə Çarlz bunun üçün gərəkənləri edəcək. Ekspert Levin əlavə edərək bildirir ki, “2021-ci il 11 mayda Parlament açıldığı zaman şahzadə Çarlz orada olacaq və kraliçanı müşayiət edəcək. Amma kraliça vəzifələrini yerinə yetirmək istəsə də geri addım atacaq. Təbii, pandemiya və bütün təcrid tədbirlərindən sonra geri dönmək çox çətin olacaq. Əslində isə kraliça Çarlzın məsuliyyəti üzərinə götürməsinə görə ona minnətdar olacaq”. Levin, Çarlzın ictimai həyatda daha çox addımlar atmağa başlayacağını və kraliçanın “artıq Şahzadə Çarlza qarşı çıxmayacağını” iddia edir. İngilis cəmiyyətində artıq kraliçadan çox şahzadə Çarlza ümidin ifadə edilməsi, kraliçanın arxa plana keçirilməsi bəlkə də onu da artıq vəfat etdiyini amma hələlik açıqlanmadığını göstərir.

Avstraliyada yayınlanan “The Morning Show” verilişində jurnalist Melissa Hoyer Şahzadə Çarlzın İngiltərə tarixindəki kral olmağı ən çox gözləyən varis olmasına baxmayaraq, İngiltərənin növbəti monarxı olma ehtimalını müzakirə etdi. Şahzadə Vilyamın atasından əvvəl taxta çıxma ehtimallarının müzakirəsi zamanı, Hoyer ata və oğulun “ikiqat kral” şəklində krallıq vəzifələrini paylaşa biləcəyini irəli sürdü. Şazadə Çarlzın varislik xəttində Şahzadə Vilyam üçün kənara çəkilib-çəkilməməsi variantında Şahzadə Çarlzın “irəli addım atmağa” və kral rolunu oynamağa hazır olduğunu israrla irəli sürdü. Deyilənlərə görə, 2018-ci ildə kraliça Şahzadə Çarlzı Birləşmiş Krallığın rəhbəri təyin etmişdi.

Əhalinin içində keçirilən rəy sorğularında respondentlərin 47%-i Viyamın namizədliyini, 27%-nin isə Çarlzı dəstəklədiyini təsdiq etdi. Bununla belə, nəticələr əksəriyyətin içində Şahzadə Harrini növbəti monarx kimi görmək istədiklərini ortaya qoyan nəslin olduğunu önə çıxardı. Bu dəstəkçilərdən biri Barbadosun Birləşmiş Krallıqdakı səfiri Qay Hevitdir. Müsahibəsində “Xüsusilə gənc nəsil üçün Harri və Meqan monarx ailəsinə yenilik, modernləşmə gətirmək ümidinin simvolu ola bilər”, – deyə bildirmişdi. Maraqlıdır ki, diplomat Britaniyanın Birlik ölkələrinə münasibətini sorğulayır və Ofra ilə müsahibədə Meqanın uşağına vəliəhd titulunun verilməməsinin irqçiliklə bağlı olması söhbəti nahaq yerə ortaya atılmadı. İrqçilik söhbəti İngiltərənin bir zaman müstəmləkələri olmuş Birlik dövlətləri ilə münasibətini sorğulamaq, imperiyanı içəridən zəiflədən faktorun təsadüfən “irqçiliyin” seçilmədiyini göstərir.

Gətirilən misallardan görürük ki, Şahzadə Filippin vəfatının əslində 2017-ci ildə vəzifələrindən əl çəkməsini bəyan etməsi açıqlanan dövrdə baş vermiş olması daha çox realdır. Kraliça isə bir il sonra Şarlzı varis təyin edib. Bəs Filippin vəfatının 4 il sonra və əlamətdar təqvimdə elan edilməsi nə ilə bağlıdır? Güman ki, 3-cü dünya müharibəsi ərəfəsində prosesi yönəldəcək namizəd hələ tam bəlli olmadığı, yaxud varisin kim olacağı barədə ölkənin elitası tərəfindən tam razılaşma əldə olunmadığı üçün məsələ qeyri-müəyyən idi. Mümkündür ki, kraliça da elə 2018-ci ildə vəfat etmiş olsun, amma varis məsələsi üzərində tam razılaşma əldə olunmadığı üçün açıqlama verilmirdi. Filippin ölümünün elan edilməsi artıq varis məsələsinin yəqinləşdiyini göstərir. Çox güman ki, kraliçanın da vəfat xəbəri yaxın zamanlarda açıqlansın. Bu, həm də dünyanın İngiltərədən yönəldilməsi strategiyasını və yeni yüksəlişlə mövqelərini geri qaytarmağa iddialı olan krallığın həyatında yeni dövrə qədəm qoymağı simvollarla xəbər verən bəyanat olacaq.

Aprel ayının əvvəlində Misirdə kral və kraliça mumiyalarının Qahirədəki muzeydən Qizadakı muzeyə daşınması – “Fironların qızıl keçidi” mərasimi də İngiltərə taxtında yeni dövrün başlanğıcının simvolik nümayişi idi. Yeri gəlmişkən, kral ailəsinin Misir fironlarının nəslinə bağlı olması, ondan qan bağı ilə qaynaqlanması barədə də qeyri-rəsmi hekayələr mövcuddur.

Məlumdur ki, Böyük Britaniya Birləşmiş Krallıqdır, müstəmləkələrindən başqa tərkibinə 4 ərazi – İngiltərə, İrlandiya, Şotlandiya, Uels daxildir. İrlandiyanın krallıq halqasında uzun müddət zəif nöqtə olduğunu bilirik. Böyük Britaniyanın geri dönüşü baş nazir Boris Consonun “Qlobal Britaniya” strategiyasında əksini tapır. İmperiyanın gələcək siyasətini bəlirləyən 114 səhifəlik sənədin ortaya qoyulması həm də Harri və Meqana cavab oldu. Dünyanın ən inkişaf etmiş təhlükəsizlik və kəşfiyyat orqanlarına sahib olan ölkənin yeni “Qlobal Britaniya” strategiyası 2030-cu ilə qədər Elm və Texnologiya fövqəlgücünə çevirməyə əsaslanır. “Önümüzdəki illərdə inkişaf etməkdə olan texnologiyalarda lider rolunu oynayan ölkələr qlobal liderliyin ön sıralarında olacaq”, – deyən sənəd, kvant hesablama, süni intellekt, biomühəndisliyi və kiber sahələri diqqət mərkəzində saxlayır. Birləşmiş krallıq həddindən artıq işlədilimiş “xüsusi münasibətlər” termininin tozunu silmədən ABŞ-la əlaqələrə üstünlük verəcək və eyni zamanda beynəlxalq diqqətini Sakti okeana – Hindistan bölgəsinə “çevirə” bilər. Elə əvvəlki imperiya dövrünün də pikini Hindistanı əlinə alanda yaşamışdı.

Conson Avstraliya, Cənubi Koreya və Hindistan liderlərini iyun ayında keçiriləcək Yeddilik Qrup (G7) zirvəsinə qatılmağa dəvət etdi və apreldə dünyanın ən böyük demokratiyası ilə əlaqələri dərinləşdirmək səylərini artırmaq üçün 1947-ci ilə qədər Britaniya himayəsində olan Hindistanı ziyarət edəcək.

Göründüyü kimi, Britaniya yenidən sözünü deməyə başladı. Bəlkə də rus qoşunlarının Ukrayna sərhədlərindən geri çəkilməsində indiki məqamda Londonun vəziyyəti nəzarətdən çıxmağa imkan verməmək üçün Qara dənizə hərbi gəmilər göndərmək təşəbbüsü rol oynadı. Çünki London hadisələrin cığırından çıxmasına, planların alt-üst olmasına göz yuma bilməz. Və sözsüz ki, Qara dənzin “sülh dənizi” olması gərəkdiyini israrla deyən müttəfiqi Türkiyəni zərbə altına qoya bilməz. Rusiyalı strateji araşdırmaçı Andrey Devyatovun fikrincə, Britaniyanın “Yeni Yerusəlim” projesi mövcuddur və projeyə Krım da daxildir. Türkiyə də Krımın yerləşdiyi Qara dəniz ölkəsi olduğundan, avtomatik prosesin həlledici oyunçularından olmağa iddialıdır. Görünür, London bu amili nəzərə aldığından, vəziyyəti nəzarətdə saxlamaq üçün çəkişmə gedən bölgədə olmağa qərar verdi.

Üıviyyə ŞÜKÜROVA