“İnanıram ki, mövsümün sonunda çempion olacağıq”

180

“Bu klubda oynayacağım üçün çox xoşbəxtəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, xeyirlisi olacaq və mövsümün sonunda çempionluq əldə edəcəyik”.

Bu sözləri “Neftçi”nin Bolqarıstan MOİK-indən icarəyə götürdüyü futbolçu Əhməd Əhmədov klubun televiziyasına açıqlamasında deyib. 26 yaşlı türk əsilli hücumçu yeni komandası barədə yüksək fikirdə olduğunu bildirib: “Neftçi” böyük klubdur. Bu komandada daha yüksək nailiyyətlər qazanacağımıza ümidvaram”.

Hücumçu “Neftçi”yə keçidinin çox qısa müddətdə gerçəkləşdiyini də diqqətə çatdırıb: “Fevralın 9-da MOİK rəsmiləri ilə bir araya gəldik. Hər şey qısa müddətdə həll olundu. Klublar öz aralarında anlaşdıqlarından, mənim üçün də razılıq vermək çətin olmadı. Transferimə MOİK-in prezidenti razılıq verdi. “Neftçi”nin prezidenti ilə də danışdıq və məsələ qısa müddətdə həllini tapdı. Başqa klubların mənimlə maraqlanıb-maraqlanmadıqları önəmli deyil. Əsas məsələ odur ki, artıq “Neftçi”dəyəm”.

Əhmədov daha çox hücumda və bəzən hücumçuların arxasında çıxış etdiyini diqqətə çatdırıb. O, mərkəz hücumçusu kimi özünü daha yaxşı hiss etdiyini vurğulayıb. Yeni transfer hələ forma nömrəsi seçmədiyini də əlavə edib. O, kapitan Emin Mahmudova məxsus 8, hazırda boşda olan 9 və 23 nömrəli formalarda çıxış etməyi çox sevdiyini bildirib.

Hazırda Bolqarıstanda olan Əhmədov Bakıya gələn həftə gələcəyini deyib: “Bu, sənədləşmə işlərinin tamamlanacağı vaxtdan asılıdır. Ən qısa zamanda yeni komandama qoşulacağam”.

Əhmədov “Neftçi”nin fevralın 13-də lider “Qarabağ”la Azərbaycan Premyer Liqasının 15-ci tur matçını buraxacaq. Bununla belə, Əhmədov yeni klubunda çempionluğu hədəflədiyini vurğulayıb: “Çox danışmağı sevmirəm. İnanıram ki, klubum səfər oyunundan qalib ayrılacaq və mövsümün sonunda qızıl medal qazanacağıq. Uğurlu olmağa çalışacağam”.

Samir Abasov kimi tələbkar baş məşqçi ilə çalışmağı özü üçün qürur sayan Əhmədov birgə uğur qazanacaqlarına əminlik ifadə edib. Sonda o, “Neftçi” azarkeşlərinə sağlamlıq arzulayıb.