İmişlinin polis rəisi ADP rayon təşkilatının sədrini məhkəməyə verdi

312

Məhbub Zülfüqarlı: “Cənab Prezident, ikinci məhbusluğumu Sizin tapşırığınızın əleyhinə polis rəisi Füzuli Şıxəliyev hazırlayır”

ADP İmişli rayon təşkilatının sədri, keçmiş siyasi məhbus Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu dərc edirik:

“Hörmətli Prezident!

İmişli rayon Polis şöbəsinin rəisi Füzuli Şıxəliyev, guya, şərəf və ləyaqətinin təhqir etdiyimi iddia edərək, məni məhkəməyə verib. 18 fevral 2021-ci ildə, saat 10:30-da yenidən məhkəmə prosesi keçiriləcək. Sonuncu prosesdə şahid Adil Quliyev bildirdi ki, “polis rəisi Məhbub bəyi bazar yaxınlığındakı ərazidə təhqir etdi, o isə susdu”.

Sahibkar-rəisin Ağammədli kəndində böyük mal-qara ferması var. Keçmiş müavini Sahib müəllimlə şərik olsa da, sonradan onu şəriklikdən azad etdi. Sahib müəllim hələ açıqlamadığım səbəbə görə şikayətçi olsa da, yuxarı instansiyalar rəis Fizuli Şıxəliyevin “vaxtını bir il artırıblar”.

Xarici ölkə mətbuatı siyasi məhbus amilinə görə ölkəmizi qınamağa bəhanə axtarır. Mən iyul 2017-ci ildə 147.1 maddəsi ilə məhkum edildiyimə görə, İngiltərə məni siyasi məhbus elan edib. 2-ci məhbusluğumu Sizin tapşırığınızın əleyhinə polis rəisi F.Şıxəliyev hazırlayır.

Cənab Prezident!

İmişlidə korrupsiya ilə məşğul olmayan məmuru, rəisi barmağla göstərmək olar. Polis şöbəsinin rəisi  haqqında göstərdiyim qısa faktların araşdırılmasına tapşırıq vermənizi Sizdən xahiş edirəm”.

Hazırladı: RƏŞAD

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.