İmişlidə pandemiya dövründə bazarın açıq olduğunu lentə alan şəxs şərlənərək həbs edilib

42

Redaksiyamıza təqdim edilən səs yazılarından məlum olur ki, Elməddin Əliyevin əməllərində şantaj xarakteri yoxdur

Ramil Əliyev: İşi bilərəkdən Lənkəran Rayon Məhkəməsinə göndərdilər, çünki İmişli Rayon Məhkəməsinin hakimi artıq bunların insanlara qurduğu tələdən xəbərdar olduğu üçün işə baxmırdı

İmişli rayonu Qızılkənd kəndinin sakini Ramil Əliyev “Hürriyyət”ə müraciət edərək, qardaşı Elməddin Əliyevin şərlənərək həbs ediliyini bildirir.

O qeyd edir ki, “Maketseel” ASC-nin rəhbəri Zakir Uğurluyev qardaşı Elməddin Əliyevi bacısının obyektinə görə ödənilməli pulu almaq üçün bazara dəvət etmiş, lakin pulu alıb çölə çıxan anda polis tərəfindən həbs edilib. Əlində qardaşı Elməddin Əliyevlə bazar rəhbəri Zakir Uğurluyev arasında olan səs yazılarının olduğunu qeyd edən Ramil Əliyev, qardaşının şərləndiyini qeyd edir:

“Qardaşım Elməddin Əliyevə haqsız olaraq 6 il həbs  cəzası verilib. İmişlidə yerləşən Ticarət Mərkəzi təmirə bağalanan zaman hamının bazarda yerləşən bölməsini qaytardılar. Lakin, bacım Hüsniyyənin obyektini qaytarmadılar. Bununla bağlı bir sıra media orqanlarına məlumat verdik, gəlib işıqlandırdılar. Bazarın sahibinə də müraciət etdik. Lakin, işimizə baxmadılar. İmişlinin icra başçısına da məlumat vermişdik. Bundan əlavə, hüquq-mühafizə orqanlarını da məlumatlandırmışdıq. Lakin, heç bir nəticə olmadı. Maraqlıdır ki, heç kimin obyektini əlindən almadılar. Yalnız, bacımın obyekti əlindən alınıb. Qardaşım Elməddin Əliyev məsələylə bağlı həm hüquq-mühafizə orqanlarına müraciət etdi, həm də mediada işıqlandırıldı. Qarşı tərəf mediada yayımlanmış videoları sildirmək üçün bizə pul da təklif etdi. Daha sonra isə dedilər ki, bizim obyekti başqa şəxs götürdüyünə görə, obyektin müqabilində 6000-7000 ödəniş edəcəyik. Hazırda əlimizdə yetərincə səs yazıları da var. Qardaşım da pulu almağa gedəndə əvvəlcədən planlaşdırılmış şəkildə polis əməkdaşları tərəfindən həbs edilib. Guya ki, hədə-qorxuyla və şantajla pulu alıb. Halbuki, orda şahidlər də var. Heç bir hədə-qorxu və ya şantaj olmayıb. Qardaşıma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.2.2 və 182.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. İşi bilərəkdən Lənkəran Rayon Məhkəməsinə göndərdilər. İmişli Rayon Məhkəməsinin hakimi artıq bunların insanlara qurduğu həbs tələsindən xəbərdar olduğu üçün işə baxmırdı. İmişlidə proses olan zaman 4 ay ev dustaqlığı vermişdilər. Sonradan işi Lənkəran Rayon Məhkəməsinə göndərdilər. Haqsız olaraq 6 il iş verilib”.

Məhkəmədə dindirilmiş Əliyev Elmədin Şəhadət oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bacısı Hüsniyyənin mərhum əri Şükürov Raqif Ərəstun oğlu uzun müddət İmişli şəhəri ərazisində yerləşən “Marketcel” ASC-yə məxsus olan bazarda 44 kv.m sahəsi olan mağazada kişi paltarları satmaqla məşqul olmuşdur. Raqif aylıq olaraq bazarın sahibinə 200 manat yer haqqı vermiş, lakin 2007-ci ildə vəfat etdikdən sonra onlar bacısı Hüsniyyəyə kömək etmək məqsədi ilə həmin mağazanı işlətmişlər. 2016-cı ildə onlar mağazanı işlədə bilmədiklərindən, onu işlətmək üçün Sultanov Rasif Abbas oğluna hər ayda bacısı Hüsniyəyə 50 manat vermək şərti ilə icarəyə vermişdir. 2020-ci ilin iyun ayının sonlarından başlayaraq bazarda aparılan təmir işləri ilə bağlı Rasif mallarını mağazadan çıxarmış, təmir işləri qurtarandan sonra Zakirin onlara məxsus yeri digər şəxslərə pay verdiyi məlum olmuşdur. O, Zakirin yanına gedib ondan nə üçün başsız qadın olan bacısının yerini başqa şəxsə verdiyini soruşmuş və bazar ərazisində onlara yer verə bilməyəcəyi halda, bacısının əri Raqifin həmin bazarda 2000-ci illərdə yer alarkən Zakirə verdiyi 8000 ABŞ dolları məbləğində pulu geri qaytarmasını tələb etmiş, Zakir ona bacısına bazar ərazisində yer veriləcəyini bildirmişdir. 2 sentyabr 2020-ci il tarixdə saat təxminən 11 radələrində o, İmişli rayonu mal bazarında video görüntü çəkərək, həmin mal bazarına nəzarət edən Zakirin orada olan insanların maskasız, bazara buraxıldığına iradını bildirmiş və görüntünü 7 sentyabr 2020-ci il tarixdə axşam “Kanal 13” “Youtube” sosial şəbəkəsinə göndərmişdir. Videogörüntünü sosial şəbəkəyə yerləşdirdikdən sonra Zakir ona həmin görüntüləri sosial şəbəkədən sildirməyi və buna görə ona 400 manat pul verəcəyini demişdir. O isə 400 manat pulu video görüntünü sildirmək üçün Bakı şəhərində hazırda adını xatırlamadığı, “Kanal 13” kanalının jurnalistinə verəcəyini ona bildirmişdir. Zakir 10 sentyabr 2020-ci il tarixdə ona zəng edərək gedib pulu götürməsini demişdir. O, yaşadığı Qızılkənd kəndində olduğu üçün bazarda olan əmisi oğlu Qabildən pulu Zakirdən götürməsini xahiş etmiş, Qabil də pulu Zakirdən alıb gətirib, ona vermişdir. O, pulu aldıqdan sonra Bakıda jurnalist işləyən Sevda xanımla danışmış, lakin Sevda xanım pulu götürməkdən imtina etmişdir. Ona görə də o 400 manat pulu bacısı Hüsniyyəyə vermiş, amma pulu kimdən aldığını ona deməmişdir. Bundan sonra o, Bakı şəhərinə gedib orada jurnalistə verdiyi şikayətini geri götürəcəyini dediyi üçün Zakir ona yol pulu kimi əlavə 200 manat da vermişdir. Bakı şəhərinə getməkdə məqsədi isə jurnalistə verdiyi şikayəti geri götürmək olmuşdur. Amma Zakirdən aldığı 200 manatı da bacısı Hüsniyyəyə vermişdir. Bundan sonra Zakir ona bacısının bazarda olan yerinə görə 7000 manat pul verəcəyini demiş, onun fikri isə həmin pula bacısına iş düzəltmək olmuşdur. 15 sentyabr 2020-ci il tarixdə o, Zakirin işlədiyi ofisə getmiş və Zakir ona 6000 manat pul vermişdir. O, pulu Zakirdən alıb oradan çıxdıqdan sonra polis əməkdaşları onu tutmuş və polis şöbəsinə gətirmişlər. O əlavə olaraq ifadəsində göstərmişdir ki, o “Kanal 13”ün jurnalistinə verdiyi video görüntünü sildirmək üçün Zakirdən iki dəfəyə 600 manat almışdır, ondan hədə qorxu ilə pul tələb etməmişdir. Onun yeznəsi obyekti almaq üçün bazarın sahibi Əzizə 8000 ABŞ dolları vermişdir. Bazarı işlətdiyi üçün yeznəsinin verdiyi 8000 ABŞ dolları pulu o Zakirdən tələb etmişdir. Lakin həmin pulun verilməsinin şahidi olmamışdır.

Redaksiyamıza təqdim olunmuş səs yazılarından məlum olur ki, Elməddin Əliyevin əməllərində şantaj xarakteri yoxdur. Bundan əlavə, şəxsin özünə məxsus olan obyekt qanunsuz olaraq bazar rəhbərliyi tərəfindən aylıq ödəniş alınmaqla arendaya verilib. Lakin, məhkəmə faktları araşdırmamış və sübuta yetirməmiş Elməddin Əliyevin həbsinə qərar vermişdir. Digər tərəfdən, ölkə üzrə pandemiya tətbiq edildiyi halda niyə sözügedən bazar fəaliyyət göstərib? Məhkəmə niyə bu faktı araşdırmır? Ən əsası niyə rayon polis idarəsi buna göz yumub? Təqdim edilmiş səs yazılarından görünür ki, qarşı tərəf özü Elməddin Əliyevi görüşə dəvət edir və bacısının obyektinə ödənilməli olan pulu vermək istəyir. Daha sonra deyilən vaxtda Elməddin Əliyev bazara getmiş və Zakir Uğurluyevlə görüşüb pulu almışdır. Guya ki, polis əməliyyat keçirib. Bu da onu deməyə əsas verir ki, Elməddin Əliyev mal bazarının işlədiyini video lentə alıb, “Kanal 13″də yaymaqla həm də İmişli rayonu polis rəisinin etimadına zərbə vurub.  Nəzərə alsaq ki, polis rəisinin müavini Elməddin Əliyevlə də qohumluq əlaqələri olub. Hətta qohumluq münasibətləri də nəzərə alınmayıb. Çünki, Elməddin Əliyev onların maraqlarını ayaq altına atıb. Hörmətli daxili işlər naziri Vilayət Eyvazovun nəzərinə çatdırıb bildirmək istəyirik ki, ölkədə pandemiyaya qarşı aparılan kəskin mübarizəyə baxmayaraq, İmişli mal bazarının rəhbərliyi ölkə başçısının sərəncamlarını və göstərişlərini nəzərə almayaraq satışla məşğul olub. Hətta, İmişli Rayon Polis idarəsinin rəisi Daxili İşlər Nazirliyinin bu məsələdə birbaşa məsul şəxs olmasını nəzərə alamayaraq, karantin müddətində bazarın fəaliyyət göstərməsinə şərait yaratmışdır.

Nəzərə alsaq ki, keçən il İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılmışdı. Həmin rayonunun polis rəisi polkovnik Füzuli Şıxəliyevin də hələ nələrə göz yumduğunu düşünmək o qədər də çətin deyil. Çünki həbs olunan icra başçılarının qanunsuz əməlləri, eləcə də digər sahibkarların qanunların tapdalanmasının məsuliyyətini rayonlardakı hüquq-mühafizə orqanları daşıyır.

“Hürriyyət”