İlham Əliyevin ABŞ-a dəvət olunmaması və “xoşməramlı” yazarlarımız… – ELDAR SABİROĞLU YAZIR

21

İnsanın zəhmətini, çəkdiyi əziyyəti itirmək Allaha da xoş getməz. Lakin heç nəyin fərqinə varmadan biz itiririk. Və bəzən bundan fərəh də duyuruq. Millətimizə xas olan keyfiyyətlərdən, çox xoşagəlməz cəhətlərdən biri də budur. Konkret nümunə kimi 44 günlük Zəfər qələbəsindən sonra prezident İlham Əliyevin yerli-yersiz tənqid olunmasını qeyd edə bilərəm.

Vaxtaşırı sosial şəbəkələri izləyən birisi kimi özünü önəmli müxalif fikir daşıyıcısı hesab edən bir qrup yazarın ABŞ-da iqlimlə bağlı keçirilməsi planlaşdırılan zirvə toplantısına Azərbaycan prezidentinin dəvət edilməməsini xüsusi şəkildə vurğulayaraq, səbəb kimi İlham Əliyevin “diktatorluğu” ilə əlaqələndirmələri təpədən dırnağa qədər uydurma və qərəzlə yüklənmiş münasibətdir. Gürcüstan və Ermənistan da dəvət olunmayıb. Bunlar ki, “Soros”un etimad bəslədiyi ölkələrdir. Azərbaycanı başa düşdük. Bəs Cənubi Qafqazın digər ölkələri nə üçün kənarda saxlanılıb?!

ABŞ-dan yayılan reportajlarda isə hədəf götürülən ölkə rəhbərimizin əleyhinə o ki, var döşüyürlər və Baydenin onu diktator qismində tanıması ilə səciyyələndirilməsi ədalətli yanaşmadan tamamilə uzaq bir mövqedir. Bu, yalnız bir dəstənin fikri ola bilər. Gətirib də bütövlükdə xalqın adına bağlanılması heç bir halda səmimi hiss və düşüncə tərzi ilə yaxınlıq yarada bilməz.

Əgər ABŞ başqa bir vəziyyət nümayiş etdirib zirvə toplantısına İlham Əliyevi dəvət edərdisə, həmin “xoşməramlı” yazarlarımız bu dəfə Baydenin söyülmədiyi yerini qoymacaqdılar. İnanın belə olacaqdı. Bir sözlə, onlar necə olur-olsun İlham Əliyevin getməsinə çalışırlar. Sual edirəm, təsəvvür edək ki, rəhbəri yola saldıq. Bəs yerinə kimi qoyaq!? Varmı beləsi?! Tapın deyin, bərabər çalışaq və onun prezident olmasına yardımçı olaq.

Fikirləşirəm ki, İlham Əliyev 30 il erməni faşistlərinin tapdağı altında inildəyən 8 rayonumuzu geri qaytarmaq əvəzinə, əlavə olaraq bir-iki kəndimizin işğal altına düşməsinə fürsət vermiş olsaydı, az qala daş-qalaq edlirdi indi… O isə müharibəni uddu, erməniləri çıxdıqları deşiyə qədər aparıb soxdu. Amma yenə də bəzi “tənqidçilərimizin” hədəfindədir.

“Vətənsevərlərin” baxışarında mövcud kin-küdurət, qərəz və ədalətsiz münasibətlərin sərgilənməsi fərdlərdən daha çox dövlətin zəifləməsinə xidmət edir. Odur ki, xalqa məxsus olan dövləti qorumaq, bağrımıza basaraq onun keşiyini çəkmək hər birimizin ən ümdə hiss və duyğularımıza soykək durmalıdır.

Eldar SABİROĞLU

İstanbul. 28 mart, 2021