“İkinci Qarabağ müharibəsi bizi “diriltdi””

84

Mehriban Nəsib: “ABŞ-da müharibədən əvvəl Azərbaycan adlı bir ölkə tanımırdılar”

“Amma müharibədə erməniləri məğlub etsək də, hələ dünyada onlara qalib gələ bilməmişik…”

Bostonda 26 fevral tarixini Xocalı Günü elan etmişdilər, amma ermənilər şəhərin merinə o qədər təzyiq etdilər ki, o, bunu ləğv etməyə məcbur oldu…”

ABŞ çoxlarının arzuladığı, can atdığı ölkədir. Həm də dünya siyasətində sözü keçən, dunyaya yön verən ölkələrdən biridir. Odur ki, bu ölkədə güclü diaspor təşkilatlarımızın olması daha prioritet məsələlərdəndir. Bəs, ABŞ-da Azərbaycana bağlı diaspor təşkilatlarının durumu, fəaliyyəti nə yerdədir? ABŞ-ın Nyu-York şəhərində yaşayan həmyerlimiz Mehriban Nəsiblə bu mövzulara işıq tutmağa çalışdıq.

– Ölkəmizin tanıtımı üçün fəaliyyətinizi necə qurmusunuz? İkinci Qarabağ savaşı zamanı nə kimi işlər görüldü?

– Azərbaycanı tanıtmaq üçün dəfələrlə mədəni gecələr keçirmişik. Qonaqpərvərlik tərəfdən tanıtım etmişik. Həm də ölkəmizin işğala məruz qalması və mədəni irsimizin məhv edilməsi, 1 milyon qaçqın və köçkünümüzün olması barədə ətraflı məlumat verməyə çalışmışıq. Bunu əsasən akademik çevrədən olan insanlara çatdırmaq lazımdır. Biz onlarla görüşəndə bu məlumatları çatdırırıq. Amma onu da nəzərə almalıyıq ki, böyük tədbirlər keçirmək üçün böyük maliyyə lazımdır. Puldan da önəmli, bu işləri görmək üçün savadlı və maraqlı gənclərin yoxluğu, yaxud azlığı problemi var. Əvvəllər diaspor təşkilatları Azərbaycan hökumətindən o qədər pul götürüblər, gərəksiz işlərə xərcləyib, mənimsəyiblər ki, indi insanlarda diaspor təşkilatlarına ümidsizlik, inamsızlıq var. Onlar inandıqları insanlarla işləmək istəyirlər. Məsələn, mən 2020-ci ilin oktyabr ayında Azərbaycana getdim və bu ərəfədə bir həftənin içində 10 min dollar pul yığıldı. İnsanlar heç bir şey soruşmadan pulu mənim hesabıma keçirdilər və mən vatsap qruplarında bu məbləğləri paylaşdım ki, hər kəs verdiyi pulu görsün. Çünki bizdə şəffaflıq problemi var. Bizim diaspor təşkilatlarının çoxuna insanların inamı ölüb. Biz “Sədərək”dən nələr aldıqsa onların çeklərini paylaşdım, aparıb əsgərlərə çatdıranda onların şəkillərini paylaşdım ki, insanlar pullarının nəyə xərcləndiyini görsün. Yəni əsas problemlərimiz şəffaflıq, dil və lazımlı gənclərin cəlb edilməsi porblemidir.

Onu da deyim ki, ən önəmli problemlərdən biri də dövlət orqanlarında çalışan şəxslərlə əlaqə yaratmağımızdır. Haradan, necə başlamaq lazımdırsa, Tərlan Əhmədov, İradə Axundova, Günel Musəvi, Samir Novruzov, Esmira Bayramova (Mayami, Florida) və s. insanlar öz ştatlarında şəhərin meri ilə əlaqə yaradır və böyük işlər görürlər. Bostonda Tünzalə Eynulla var, böyük işlər görür. Onların hamısının gözəl ingiliscələri var. Bir dəfə təklif etdim ki, “zoom mitinq” edin. Sizin təcrübəniz var, bizi, ABŞ dövləti ilə işləmək istəyən gəncləri öyrədin. Onlar da dedilər ki, sən görüş təşkil et, bunu edək. Planımızda bunu etmək var.

– ABŞ-da ermənilərin gücünə bələdik. Onlarla rəqabət vəziyyəti yaranırmı? Onları üstələmək üçün nə kimi işlər görülməlidir?

– Biz başımıza gələnləri öz aramızda danışırıq. Ermənilərin isə çoxu güc strukturlarında çalışır. Daha çox 1-ci, 2-ci vəzifələrdə ermənilərdir. Kaliforniyada isə çox güclüdürlər. Maliyyə, vəzifə cəhətdən bizdən üstün durumdadırlar. Onların damarlarındakı erməni qanı assimlyasiyaya uğramayıb, uşağından böyüyünə kimi hamısı istəyir ki, ölkələrinə kömək etsin. Bizimkilər isə gələn kimi deyir ki, mənə maraqlı deyil. Halbuki çoxunun yetərli imkanı var, bu işə zaman, resurs ayıra bilərlər. Amma çoxu deyir ki, mən özümə biznes qurmuşam. Vətənin probelmləri çoxlarına önəmli deyil. Bu səbəbdən, üstünlüyü bu sahəyə marağı olan insanlara vermək, onları seçmək, onlarla çalışmaq gərəkdir. Necə ki, ermənilər bunu edib, bacarıqlı, maraqlı insanları seçib dövlət qurumlarına yerləşmək lazımdır. Bu sahədə ermənilərə batmağımız çox çətin məsələdir.

Amma İkinci Qarabağ müharibəsi bizi çox “diriltdi”. İnternet üzərində çox aktiv olduq. Hətta bir dəfə də ermənilər demişdilər ki, biz elə bilirdik azərbaycanlılar qorxaqdırlar, amma müharibə göstərdi ki, elə deyilmiş. Baxmayaraq ki, müharibədə erməniləri məğlub etdik, hələ dünyada ermənilərə qalib gələ bilməmişik. Məsələn, Bostonda Tünzalə xanımın köməyi ilə 26 fevral tarixini Xocalı Günü elan etmişdilər, amma ermənilər şəhərin merinə o qədər təzyiq etdilər ki, o, bunu ləğv etməyə məcbur oldu. Hətta sonra ermənilərdən üzr istədi. Bizim fəallığımız şox zəif səviyyədədir. Hətta adını çəkmək istəmədiyim, ABŞ dövlətindəki general səviyyəsindəki azərbaycanlı məmurun Azərbaycan naminə hansısa iş gördüyünü bilmirəm.

Buradakı yəhudi təşkilatları ilə çox yaxşı münasibətlərimiz var. Onlarla, daha çox Bədəlova Alyona xanımla çalışırıq. Özbək, türk təşkilatları var, onlarla da əlaqələrimiz var. Amma hələ ki, bu görüşlər bayramdan bayrama baş tutur. Biz tədbirlərə gedəndə, yaxud çalışdığımız iş yerlərində insanları Azərbaycan haqda məlumatlandırırıq. Amma bunu hamı etmir. Sosial şəbəkələrdə xarici dostlarım var, bu yolla da işlərimizi çatdırırıq. Niyyətim var ki, ABŞ-da jurnalistika oxuyum. İngiliscəm də yaxşıdır. Jurnalistika ilə qəzetdə çalışaraq işlər görə bilərəm.

– ABŞ-ın QHT-ləri ilə əlaqələriniz varmı? Yerli amerikalıların toplum olaraq bizə münasibəti necədir?

-Akademik səviyyədən danışsaq, müharibədən əvvəl Azərbaycan adlı bir ölkə tanımırdılar. Daha aşağı səviyyədən heç danışmıram. Müharibədən sonra tanıdılar. Bəzilərinin münasibəti yaxşıdır, bəziləri deyirlər ki, siz erməniləri öldürmüsünüz. Bu təlqini dəyişmək üçün insanlarla işləmək lazımdır. Təəssüf edirəm ki, Nyu-Yorkdakı diaspor təşkliatımız yerli orqanlarla yaxşı işləməyib, əlaqə qura bilməyib. Məktəblərlə əlaqə yaradıb, tədbirlər keçirmək olardı. 30 illik fəaliyyətdə mən belə bir şey görmədim. Mer ofisi çox önəmlidir, bu spektrdə fəaliyyət aparmaq olardı. Nəsimi Ağayev Kaliforniyada “Leyli və Məcnun” tamaşası təklif etmişdi. Burada da etmək olardı. Pulsuz biletlər təşkil etmək olardı. Mən Kolumbiya universitetində oxuyanda tədbir keçirmək istədim, 500 nəfərlik zalı pulsuz kirayə götürmüşdüm. Bizim nümayəndəliyə getdim, görüşmək istədim. O zaman Aqşin müəllim orada çalışırdı. Məni mühasiblə görüşdürdülər. Dedim ki, belə bir tədbir keçirmək istəyirəm, mənə pul lazım deyil, muğam üçlüyü, rəqqaslar lazımdır. Yeməyi də Tomris Azəri təşkil etməyi öhdəsinə götürmüşdü. Onlar mənə dedilər ki, “siz nə danışırsınız, onları ABŞ-a gətirmək, otel xərcləri üçün 10 min dollar lazımdır”. Dedim ki, olsun, Azərbaycanı tanıdırsan, 10 min dollara qıymırsan? Azərbaycanı xaricdə təmsil edən orqanlarda milli, ürəyi Azərbaycanla döyünən insanlar işləməlidir. Bundan sonra bir də onlara-BMT-dəki nümayəndəliyimizdə işləyən insanlara müraciət etmədim. İndi isə bu idarədə – Azərbaycanın BMT-dəki nümayəndəliyində 1-ci katib Cavid İsmayılov çalışır, tez-tez mənimlə əlaqə saxlayır, deyir ki, hansı tədbirlər istəyirsinizsə keçirək. O zaman Kolumbiya universitetində erməni, gürcü, özbək, tatar, rus, Hindistan gecəsi keçirildi, amma Azərbaycan gecəsi keçirilmədi.

– Yaşadığınız yerdə azərbaycanlı iş adamları varmı və bu işə dəstək verirlərmi?

– İş adamları deyəndə, restoranları olan həmyerlilərimiz var. Əsgərlərlə bağlı pul yığanda onlara müraciət etdim, onlar 100$ pul göndərilər. Ən çox verən 300 dollar verdi. Təəssüf edirəm ki, daha geniş kampaniya başlatmadım. O zaman əsgərlərlə görüşdə Ağcakəndə getmişdim, orada bir dərzi qadın dedi ki, əsgərlər hər gün gəlir, mən onların paltarlarını tikib verirəm…

– Hazırda Azərbaycan səfirliyi ilə əlaqələriniz hansı səviyyədədir?

– Əlaqəmiz var, amma indi zoom-la görüşlər olur. 2013-cü ildə mən tədbir keçirəndə dəstək ala bilmədiyimə görə, Azərbaycan təşkilatlarına inanmıram. İndi öz gücümlə nəsə etmək istəyirəm. Bəlkə də indi yardım edərlər. Ümumilikdə isə, münasibətlərimiz, hansısa tədbirlər olanda əlaqələrimiz olur.

– Bəs Diaspor Komitəsi ilə necə, əlaqələriniz varmı?

– Onlara əvvəlki rəhbərlərin vaxtında heç vaxt inanmamışam. O rəhbər ki, tədbir keçiriləndə deyirdi: “Mən sizə pul göndərirəm, amma yarısı sizə, yarısı mənə”. Mən bu insanlara inanmamışam. Amma yeni rəhbərin idarəçliyi altında güclü iş gedir. Əsasən də bizimlə əlaqəni Diaspor Komitəsində Amerika üzrə nümayəndə Lalə İsmayılova qurur. Demək olar ki, hər həftə, hər gün bizimlə əlaqə saxlayır. Əvvəllər bunu heç vaxt görməmişəm. Onlarla çox sıx işləyirik. Diaspor Komitəsinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Görülən işlərin, çalışmaların effektini artırmaq üçün təklif edərdim ki, ingilisdilli gənclərin sayını artırsınlar. Diaspor Komitəsinin əvvəlki rəhbərliyinin, onların çalışıdğı bəzi diaspor təşkilatları heyətinin pis imici var. Burada təmizlik getməlidir. Pisniyyətli, milli olmayan, pul yeyintisində iştirakçı olan kadrları uzaqlaşdırmaq lazımdır. Elə gənclərimiz var ki, diaspor işlərinə maraqlıdırlar. Onlar siyasiləşmiş və perspektivli gənclərdir. Onları bu işə cəlb etmək lazımdır. Tərlan Əhmədov, İradə Axundova, Tünzalə Eynulla, Günel Musəvi kimi insanların təcrübələrindən yararlanmaq lazımıdr, gənclərə öyrətmək lazımdır.

– Yəni məsələyə konseptual şəkildə yanaşmaq, işləri strategiya müstəvisində qurmaq, yönəltmək lazımdır…

– Bəli, bu, sadə məsələ deyil. İnsanları küsdürmək yox, cəlb etmək lazımdır. Pis imicli, neqativ insanları isə uzaqlaşdırmaq gərəkdir. Nazim İbrahimovun vaxtinda “yarısı sizin, yarısı mənim” prinsipi ilə fəaliyyət göstərildiyindən, həmin dövrlə bağlı çox pis imiclər qalıb. Bunlar təmizlənməlidir.

“Hürriyyət”