II Qarabağ müharibəsinin dərsləri – Almaniya HHM sistemlərinə əl gəzdirəcək

132

Hurriyyet.org xəbər verir ki, Almaniyanın nüfuzlu nəşrlərindən olanFrankfurt Allgemeine Zeitung qəzeti Azərbaycanda Türkiyə və İsrailin istehsal elədiyi pilotsuz uçuş aparatlarının uğurlarının Almaniya ordusunda şok yaratdığını yazıb.

Qəzetdə dərc edilən məqalədə, türk dronlarının Azərbaycandakı Vətən müharibəsindəki uğurlarının alman ordusunu tədbir görməyə məcbur elədiyi qeyd edilir. Müdafiə Nazirliyiyinin alman ordusunun Hava Hücumundan Müdafiə Sisteminin dronların qarşısını almaq işində aciz olduğunu bildirdiyi vurğulanır.

Almaniyanın Müdafiə naziri Annaqret Kramp Karrenbauerin bu problemi həll eləmək üçün bütövlükdə Hava Hücumundan Müdafiə Sistemini yenidən qurmaq məqsədi ilə bir sıra təkliflər irəli sürdüyü qeyd edilib.

Məqalədə ehtiyac olmadığı üçün Almaniyanın Hava Hücumundan Müdafiə Sistemində 2013-cü ildən bəri heç bir modernləşdirmə işinin aparılmadığı bildirilir və əlavə edilir: “İndi Silahlı PUA hücumları təhdidi səbəbindən təcili şəkildə HHM sistemlərinin dəyişdirilməsinə ehtiyac yaranıb. Silahlı Qüvvələr mükəmməl vəziyyətdə deyil. Alman ordusunun silahlı pilotsuz uçuş aparatlarının hücumlarına qarşı demək olar, ki, müdafiəsiz olması bir sürpriz oldu”.

Məqalədə döyüşlər zamanı Azərbaycanın İsrail və Türkiyə istehsalı olan silahlı dronlarının 190-dan artıq erməni tankını və zirehli texnikasını məhv elədiyi yazılıb. Dronların erməni yaraqlılarına güclü psixoloji təsir göstərdiyi qeyd edilib. Məqalədə deyilir: “Bu xəbərlər Almaniya ordusunda şoka səbəb olmuşdu”.

Məqalədə Almaniyada Amerikanın “Patriot” sistemlərinin mövcud olduğu, lakin həmin sistemlərin tez bir zamanda modernləşdirilməsinə ehtiyac yarandığı və bu modernləşdirmənin 600 milyon avroya başa gələcəyi bildirilir. Almaniyanın Müdafiə Nazirliyinin hazırda müasir Almaniya Hava Hücumundan Müdafiə Sistemi (TLVS) hazırlanması üçün 13 milyard avrodan artıq büdcə ayrılması nəzərdə tutulduğu da qeyd edilib.