“Hürriyyət”də İslam dini haqda yanlış fikirlərin dərci…

18

Texniki səbəblərdən redaktəsiz variantı dərc olunan yazı ilə bağlı oxucularımıza müraciət…

Növruz bayramı günü “Hürriyyət” qəzetinə kənar müəllif kimi yazı göndərən Şapur Qasıminin “Turan hansı əsaslar üzərində qurulmalıdır?” sərlövhəli məqaləsinin sonuncu hissəsi dərc olunub. Texniki səbəblərdən yazının redaktə olunmayan variantı qəzetdə işıq üzü gördüyündən, məqalədəki bəzi fikirlər oxucularımızın haqlı narazılığı ilə qarşılanıb. Buna səbəb yazı müəllifinin Məhəmməd peyğəmbərin ünvanına xoşagəlməz ifadələrə yer verməsi olub.

Məlumat üçün qeyd edək ki, Şapur Qasımi tərəfindən redaksiyamıza təqdim olunan yazılarda dəfələrlə İslamın, peyğəmbərimzin, eləcə də əksər dinlərin əleyhinə kəskin fikirlər yer alsa da, redaktorlarımız tərəfindən həmin fikirlər kəsilib-doğranaraq, qəzetdə nəşrinə imkan verilməyib. Lakin çox təəssüf ki, yuxarıda da qeyd etdiyimiz kimi, İslam peyğəmbərinin ünvanına kəskin ifadələr səslənən sonuncu yazı texniki səbəbdən oxucularımıza redaktəsiz təqdim olunub. Əslində isə dəyərli oxucularımız da bilirlər ki, biz “Hürriyyət” olaraq öz yazılarımızda bütün dinlərə hər zaman sayqı göstərmiş, xüsusilə də İslam dini və onun peyğəmbərinə hörmətlə yanaşmışıq. Buna da nəinki hər bir müsəlmanın, hətta hər bir sivil insanın borclu olduğunu hesab edirik. Elə sonuncu yazının müəllifinin də. Bu səbəbdən bir daha dəyərli oxucularımızın diqqətinə çatdırırıq ki, yazıda yer alan ifadələr qəzet kollektivinin mövqeyi deyil, məhz yazı müəllifi Şapur Qasiminin fikirləridir.

Ümumiyyətlə, dünyamızda mənəviyyatın, mənəvi dəyərlərin ilahi mənşəli olmasını anlamayan, dərk etməyən bir çox insanların olması bariz təkəbbür nümunəsidir. Dünyanın qloballaşması dövründə önəmli alət kimi çıxış edən müxtəlif əxlaqsız cərəyanlarının təbliğatı, insanın öz mahiyyətini itirməsinə, milli-mənəvi dəyərlərin itirilməsinə hesablanmış yeni istiqamətlərin meydana atılmasının qarşısı yalnız mənəviyyatın qaynağı olan dinlə alına bilər. İnsanın insan kimi qalmasının əsas qarantı da İslamdır. Özünüzü mütəfəkkir sayanlaradır sözüm. Heç düşünmüsünüzmü, bütün səlib yürüşləri iudaizmin, xristianlığın, heç bir hədəfi olmayan, kapitalizmin uydurma nəzəriyyəsi olan deizmin, buddizmin üzərinə yox, məhz islamın üzərinə edildi və edilir? Özünüzü “mən Allahı qəbul edirəm, amma dini yox” deyə ağıllı sanmayın!!!

Oxucularımıza gəldikdə isə, onların bizi anlayacağını və texniki səbəbdən qaynaqlanan anlaşılmazlığa görə bizi ittiham etməyəcəklərinə inanırıq. Yox, hələ də bu yazıya görə məhz “Hürriyyət”I ittiham edənlər olacaqsa, onlardan da bəri başdan üzr istəyirik!

Ülviyyə ŞÜKÜROVA

P.S. Sonda onu da xatırladaq ki, qəzetimizin sonuncu səhifəsində də qeyd etdiyimiz kimi, “Hürriyyət”də dərc olunan hər bir yazı qəzetin mövqeyini əks etdirmir. Belə ki, müəllfin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə də bilər.