Hüquqşünas: “Təhsildə gecikməni bərpa etmək mümkündür, lakin həyatını itirənləri yox”

33

Tanınmış hüquqşünas Ələsgər Məmmədli Azərbaycanın bir neçə şəhər və rayonunda məktəblərin bağlanması ilə bağlı Təhsil Nazirliyinin qərarına münasibət bildirib.

“Report”un xəbərinə görə, ekspert COVID-in yayılmasında məktəblərin də ciddi rol oynadığını bildirib:

“Bəli, pandemiya təhsilə ciddi zərbə vurub. Sadəcə bizdə deyil, dünyanın bir çox yerində. Dünən bir ingilis araşdırmasını gördüm, təhsilin pandemiya öncəki vəziyyətə dönməsi üçün 7 il lazımmış. Lakin təəssüflə qeyd etməliyəm ki, COVID-in yayılmasında məktəblər də ciddi rol oynayır. Mənim də çox ağır keçirdiyim bu xəstəliklə məhz məktəbdən yoluxan övladım vasitəsi ilə “tanışdım””.

Hüquqşünas vurğulayıb ki, məktəblərin bağlanması ilə bağlı Təhsil Nazirliyinin qərarı doğru addımdır:

“Unutmayaq, virusun yeni ştammı daha təhlükəli və öldürücüdür. Hər gün rəsmi statistikaya baxdıqda 20-30 insan itiririk. Halbuki hamımız bilirik ki, istər yoluxma, istər ölüm statistikaya daxil olan rəqəmlərdən xeyli çoxdur. Təhsildə gecikməni, əksikləri zamanla bərpa etmək mümkündür. Lakin həyatını itirən dəyərli insanları bir daha geri gətirmək mümkün deyil. İnsan həyatı mı, üz-üzə təhsil mi seçimi qarşısında qalarkən mən insan həyatını seçərdim. Təhsil Nazirliyinin qərarını bu baxımdan doğru hesab edirəm”.

Qeyd edək ki, nazirliyin qərarına əsasən, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil ediləcək.