Hüquqi dövlət və vətəndaş cəmiyyəti…

279

Onların qarşılıqlı əlaqəsi nədir və hansı mənbədən qaynaqlanır?

Bir sıra mənbələrdə vətəndaş cəmiyyətinin gerçəkləşməsinin başlanğıcı kimi 16-17-cı əsrləri göstərir. Bəs, bu nə dərəcədə doğrudur? Bu suala cavab axtarmazdan öncə SSRİ dağıldıqdan sonra dəbə minmiş «hüquqi dövlət» anlayışına aydınlıq gətirmək zəruridir.

 Dövlətin, vətəndaş cəmiyyətinin və hüququn keyfiyyət etibarilə başqa mahiyyət durumundakı xüsusiyyətini izah etmədən, mən quldarlıq quruluşunun dövlət quldarlıq formasını da izah etmək istəyirəm. Çünki fərdi və dövlət quldarlığı forma, idarəetmə vasitələri və s. baxımından ilk baxışda müqayisəedilməz dərəcədə fərqlənsə də onların mahiyyəti eynidir. Bəşər tarixində ilk dövlət quldarlığı quruluşu 1918-ci ildə Leninin başçılıq etdiyi bolşeviklər tərəfindən «sosializm» adı ilə K.Marksın elmi sosializm nəzəriyyəsinin şüarları ilə pərdələnərək V.Leninin elmi, siyasi ədəbiyyatda «Hərbi kommunizm» adlandırılan dövlət quldarlığı nəzəriyyəsi əsasında qurulmuşdur. Fərdi quldarlıq və dövlət quldarlığı quruluşunun ilk baxışda gözəçarpan fərqləri bunlardır: – Fərdi quldarlıq quruluşunda cəmiyyətdə məhdud sayda qul sahibləri, istehsal vasitələrinə malik olan, eləcə də şəxsi bacarıq və qabiliyyətlərinin müstəqil tətbiqi əsasında özünün və ailəsinin mövcudluğunu təmin edən «azad» vətəndaşlar olub, ancaq dövlət başında duran mütləq hakimə münasibətdə quldar-qul münasibətləri çərçivəsində tabe olan insanlar olduğu halda, dövlət quldarlığı quruluşunda rəsmiyyətdə bütün cəmiyyət üzvləri mülkiyyət hüququndan məhrum edilən, hamının şəxsi inzibati və iqtisadi azadlığı, habelə əməyinin də iqtisadi, inzibati azadlığı dövlətə məxsus olan vətəndaş cəmiyyətinin mövcudluğudur.

Yəni rəsmən cəmiyyətdə mövcud olan yeganə sahibkar, təşkilati mexanizm olaraq, cansız təşkilati varlıq olduğundan, öz sahibliyində olan mülkiyyətini idarə etmək qabliyyəti olmayan dövlət və özlərinin və əməklərinin bütün inzibati və iqtisadi azadlıqları bu, yeganə sahibkar, dövlətin mülkiyyətində olan – yəni qul statuslu vətəndaşlardan ibarət vətəndaş cəmiyyətinin mövcudluğudur.

Dövlət texniki-təşkilati sosial kateqoriya, mexanizm olmaq etibarilə heç bir mülkiyyətə malik olmaq, onu idarə etmək qabiliyyətinə malik olmadığından dövlətin mülkiyyətini, fərdi quldarlıq quruluşunda mövcud olmuş, qulların üzərində olan nəzarətçilərin funksiyasını, başqaları kimi rəsmən heç bir mülkiyyət hüququ olmayan vətəndaşlar idarə etməklə, reallıqda dövlət ierarxiyasında tutduğu mövqeyə uyğun qeyri-rəsmi mülkiyyətçi, mülkiyyət sahibi hüquqilə birlikdə, bu hüquqa uyğun özlərinin və əməklərinin qeyri-rəsmi, şərti iqtisadi və inzibati azadlığını əldə etmiş olurlar. Bununla yanaşı onların ümumilikdə hamısı dövlət piramidasının başında duran baş nəzarətçi ilə münasibətləri quldar-qul münasibətlərinə əsaslanan hüquq vasitəsilə reallaşdırılır. Ölkədə ancaq bir mülkiyyətçinin və bir vahid mülkiyyətin miqyas etibarı ilə nəhəngliyi, qulların sayının ölkə vətəndaşlarının sayına bərabər olmaqla çoxluğu, istehsal, bölgü, mal dövriyyəsi, istehlak proseslərinin həcminin böyüklüyü ilə yanaşı, mürəkkəb olması, bu münasibətlərin iqtisadi proseslərini pul, mübadilə vasitəsilə, sosial münasibətləri çoxpilləli təyinat, seçki, hüquq mühafizə və s. sistemləri vasitəsilə tənzimlənir.

Bütün bu texniki, təşkilati vasitələrin müxtəlifliyinə baxmayaraq, dövlət piramidasında qərarlaşan məmur ordusu ilə vətəndaşlar arasındakı bütün münasibətlər quldar-qul münasibətlərinə əsaslanan hüquq sistemi vasitəsilə tənzimlənir. Yəni dövlət quldarlığı quruluşunda da dövlət-vətəndaş cəmiyyəti münasibətləri quldar-qul münasibətlərinə əsasən reallaşdırılır və formalaşdırılır.

Vətəndaş cəmiyyətinin inkişafının, formalaşmasının ikinci mərhələsi quldarlıq quruluşunun dağılmasının başlaması ilə feodalizm quruluşunun yaranması dövründən başlanır ki, bu da eramızın 6-cı yüzilliyinin başlanğıc dövrlərinə təsadüf edir. Feodalizm quruluşunun yaranması qullara şəxsi inzibati azadlıq verilməsi nəticəsində formalaşdı. Belə ki, mülkiyyətin beş elementindən (iş qüvvəsi üzərində qulun təbii mülkiyyətindən əlavə şəxsi inzibati azadlığı) ikisi artıq qulun mülkiyyətinə keçməsi onu felən tamam, reallıqda isə qismən azad etməklə təhkimliyə çevirdi. Bu dövlətin mahiyyətində, eləcə də vətəndaşın dövlətlə münasibətlərində o qədər də böyük dəyişiklik olmasa da öz əhəmiyyəti etibarilə həm dövlət mexanizminin özü ilə bərabər, vətəndaş cəmiyyətinin məzmununda keyfiyyət dəiyşikliyi olmaqdan başqa, dövlət-cəmiyyət münasibətlərinin qarşılıqlı inkişafı üçün yeni, daha geniş imkan və perspektiv açmış oldu. Bu quldarlıq quruluşunda mövcud olan son dərəcə sərt dövlət-vətəndaş cəmiyyəti münasibətlərini bütün sosial-iqtisadi müstəvilərdə xeyli yumşaltmış oldu. Bununla belə, cəmiyyətin təhkimli statusunda olan hissəsi inzibati cəhətdən felən şəxsi azadlıq əldə etsə də, vətəndaşa çevrilərək faktiki vətəndaş cəmiyyətinin üzvünə çevrilə bilmədi və çevilə bilməzdi. Bunun səbəbi də təhkimlinin əməyinin iqtisadi, inzibati və özünün iqtisadi cəhətdən azad olmaması idi. Başqa sözlə onun özünü, ailəsinin mövcudluğunu təmin etməsi üçün gəlir mənbəyi (gəlir gətirən kapitalı), nə istehsal vasitələri olmamaqla bərabər əməyi də inzibati cəhətdən feodala məxsus idi. Buna görə də o, həftənin çox hissəsini feodal üçün pulsuz, müftə işləməli idi. Hər halda feodalizm quruluşu çərçivəsində dövlət-vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqədə inkişafı, quldarlıq quruluşuna nisbətdə daha çox sürətlə inkişaf edərək, artıq 16-cı əsrdə feodalizm quruluşunun dağılaraq kapitalizm quruluşunun meydana gəlməsini qaçılmaz etdi. Kapitalizm quruluşuna malik olan dövlətlərdə yeni, kapitalist-muzdlu münasibətlərinə əsaslanan hüquqi sistemlə tənzimlənən dövlət-vətəndaş cəmiyyəti münasibətləri feodal-təhkimli münasibətlərindən mahiyyət etibarilə fərqlənməklə bərabər dövlət-vətəndaş cəmiyyəti münasibətlərinn inkişafının üçüncü mərhələsinin başlanğıcını qoymuş oldu.

Kapitalizm quruluşunun yaranması təhkimlinin əməyini də inzibati cəhətdən azad etməklə, dünənki təhkimliləri vətəndaş cəmiyyətinin felən də olsa bərabərhüquqlu üzvünə çevirməklə yanaşı, feodal dövlətinin mütləqiyyət məzmununu da əsaslı dərəcədə yumşaltdı. Bu amil həm dövlət mexanizminin həm də vətəndaş cəmiyyətinin yeni,daha mütərəqqi əsaslarla inkişafına daha geniş imkanlar açsa da, mülkiyyətsiz insanların reallıqda azad vətəndaş olmaqla, mülkiyyət sahibləri, dövlət məmurları ilə vətəndaş cəmiyyətinin bərabər hüquqlu üzvünə çevirə bilmədi. Eyni zamanda kapitalizm quruluşu dövlət mexanizmini də mülkiyyət sahiblərinin mülkiyyətsiz vətəndaşlar üzərində hakimiyyətini, mülkiyyətsiz vətəndaşların mülkiyyət sahibləri tərəfindən ədalətsiz istismarının təmin olunmasını qoruyan zor vasitəsi olmaq xüsusiyyətini də dəyişmədi. Təbii ki, mülkiyyətsiz vətəndaşların öz əməyini kimə, neçəyə, harada satmaq, yaşayış yeri seçmək, söz, peşə seçmək və s. bir çox məsələlərdə onlara felən azadlıq verməsi, yəni qanunvericiliklə inzibati cəhətdən hüquq verilməsi, dövlətin hüquqlarının müəyyən dərəcədə məhdudlaşdırılması dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı münasibətlərin daha mütərəqqi üsul və vasitələrlə aparılmasını, bu münasibətlərin daha intensiv inkişafına səbəb oldu. Lakin bu münasibətlər inkişaf edərək zaman-zaman öz forma və xüsusiyyətlərini nə qədər dəyişsə də, bu münasibətlər həm mülkiyyət sahibi ilə mülkiyyətsiz vətəndaşlar, həm də ümumilikdə dövlət və vətəndaşlar arasında sahibkar-muzdlu münasibətlərinin çərçivəsindən kənara çıxa bilməz və bu günə qədər çıxa da bilmir. Lakin hər bir dövr iqtisadi-ictimai, habelə elmi-texniki cəhətdən daha çox inkişaf etməklə, öxündən sonrakı, daha yüksək pilləli cəmiyyətin daha sürətli iqtisadi-ictimai, o cümlədən, dövlət-vətəndaş münasibətlərinin inkişafıba obyektiv şərait yaradır.

Bir sıra ekspertlər vətəndaş cəmiyyətinin gerçəkləşməsini üç tarixi mərhələyə – 16-17-ci, 18-19-cu və 20-21-ci əsrlərə bölür. Halbuki bunlar ümumiyyətlə vətəndaş cəmiyyətinin gerçəkləşməsinin tarixi mərhələləri olmayıb, ancaq kapitalizm quruluşunda vətəndaş cəmiyyətinin inkişaf mərhələləridir. Ümumiyyətlə, ekspertlər hüquqi dövlətin mövcudluğunu siyasi plüralizmin, bazar iqtisadiyyatının, ayrı-ayrı şəxslərin hüquqa hörmət etməsi və eyni münasibət bəsləməsi, demokratiya ilə, vətəndaş cəmiyyətinin mövcudluğunu isə sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi dərk olunduğunu bildirməklə, məscidi, kilsəni, sinaqoqu, siyasi partiyaları vətəndaş cəmiyyətinin struktur elementləri olduğunu, bazar münasibətlərini önə çəikb, sonda yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi demokratik dövlət qurmağın mümkün olmadığını iddia edirlər.

Bir sıra ekspertlərin hətta məscidin, kilsənin, sinaqoqun mövcudluğunu da vətəndaş cəmiyyətinin struktur elementləri kimi qələmə verməklə cəmiyyətdə vətəndaş cəmiyyətinin mövcudluğunu, dini qurumların mövcudluğunun zəruriliyi ilə bağlaması da ən azı gülünc haldır. Onlar bu gün cəmiyyətdə müəyyən siyasi məqsədlərlə dəbə mindirilən «tolerantlıq» şüarından çıxış edərək bu qərara gəlir. Halbuki tolerantlıq hər bir vətəndaşın vicdan azadlığının qanunla təsbit və təmin edilməsi olub, hər hansı bir dinin təşkilati mövcudluğunun təmin edilməsinin mütləqliyi anlamına gəlmir. Hər bir cəmiyyətdə insanların eyni düşüncə şüur, bilik, səviyyə və s. etibarilə eyni olmadığı obyektiv reallıqdır.

Məhz bu baxımdan hər bir vətəndaşın vicdan azadlığının təmin edilməsi qanunla təsbit və təmin edilməlidir. Dinin təşkilati mövcudluğu, yəni ayrı-ayrı din daşıyıcılarını məsciddə, kilsədə, sinaqoqda və s. özündə mərkəzləşdirərək dinləri bir-biri ilə barışmaz siyasi qüvvələrə çevirməklə, vətəndaş cəmiyyətinin vəhdətini çox ciddi olaraq parçalayan siyasi amildir. Hər hansı bir dindarın öz inancına uyğun ritual qaydada ibadət etməsi üçün məsciddə, kilsədə, sinaqoqda olması heç də vacib deyil və bu ibadətlər orkestr vasitəsilə ifadə edilən simfoniya kimi mürəkkəb musiqi və ya futbol kimi kollektiv idman növü deyil ki, dirijor, hakim tərəfindən idarə olunduğu kimi, molla və ya keşiş vasitəsilə idarə edilsin. Məscidlərin, kilsələrin, sinaqoqların, məbədlərin yaradılması insanların etiqadını, düşüncəsini məhz həmin məkanlarda mərkəzləşdirərək, məhz bunu siyasi qüvvəyə, vasitəyə çevirmək məqsədi güdmüşdür. Tarix boyu bütün dinləri təşkilatlandıraraq, ondan daim siyasi vasitə kimi istifadə edilməsi də, inkar edilməsi mümkün olmayan faktdır. Əslində kapitalizm sisteminin özü ilə bərabər gətirdiyi partiyaların hərəsinin bir məkanda cəmləşərək öz siyasi məqsədlərini həyata keçirməsi ilə, müxtəlif dini təşkilatların məsciddə, kilsədə və s. təşkilatlanaraq siyasi məqsədlərini reallaşdırması məqsədi də mahiyyət etibarı ilə tamamilə eynidir.

(Ardı var)

Şapur QASİMİ