Hüquqi dövlət və ictimai maraqlar…

2313

Onların qarşılıqlı əlaqəsi nədir və hansı mənbədən qaynaqlanır?

Bir sıra mənbələrdə vətəndaş cəmiyyətinin gerçəkləşməsinin başlanğıcı kimi 16-17-cı əsrləri göstərir. Bəs, bu nə dərəcədə doğrudur? Bu suala cavab axtarmazdan öncə SSRİ dağıldıqdan sonra dəbə minmiş «hüquqi dövlət» anlayışına aydınlıq gətirmək zəruridir.

Hələ ibtidai icma quruluşunun qəbilə, tayfa dövründən üzü bəri vətəndaş cəmiyyətinin müəyyən məzmun və formada inkişafını və formalaşmasını təmin edən amil bir-birini əvəz edən quldarlıq, feodalizm, kapitalizm dövlət quruluşlarının uyğun hüquqi sistemləri olmuşdur. Bu günə mövcud olan ən mütərəqqi Avropa dövlətlərinin hüquqi sistemləri belə, insanların antik dövrdən bəri arzuladıqları azad vətəndaş cəmiyyəti və bütün vətəndaşların real azadlığını təmin etməyə qadir olan hüquqi dövlət deyil. Həm də kapitalizm quruluşunun bundan sonra da nə qədər inkişaf etməsindən asılı olmayaraq, o özü-özünə kapitalizm dövlətindən daha yüksək səviyyəli hüquqi dövlətə və uyğun olaraq yetkin vətəndaş cəmiyyətinə çevrilməyəcək. Kapitalizm inkişaf etdikcə bu gün özünün 16-17-ci, 18-19-cu, 20-ci əsrlərdəki mərhələlərində olduğu səviyyədən daha yetkin vətəndaş cəmiyyəti yetişdirəcək və səbəb nəticə əlaqələrinin bir-birinə təsiri qaydasında kapitalist dövlətinin hüquqi sisteminin səviyyəsi də inkişaf edəcək. Lakin o heç zaman sahibkar-muzdlu münasibətlərindən kənara çıxıb, azad vətəndaş cəmiyyəti formalaşdıra biləcək hüquqi dövlətə çevrilə bilməyəcək. F.Engelsin 29.06.1891-ci il tarixli Kautskiyə göndərdiyi məktubda kapitalizmin inkişaf edərək özü-özünə sosializmə keçəcəyini iddia edənlərə dediyi; – «Köhnə donuhluğun «gümrah, sadə, şən, azad tərzdə» sosializm cəmiyyətinə çevrilməsi» -kimi.

Ötən yüz il ərzində bolşeviklər Leninin «Hərbi kommunizm» nəzəriyyəsi əsasında qurduğu Dövlət quldarlığı quruluşunu və Qorbaçovun isə Leninin «Yeni İqtisadi Siyasət» nəzəriyyəsi əsasında həyata keçirdiyi islahatlar nəticəsində Dövlət Feodalizminə çevirdiyi quruluşları bütün dünyaya, guya K.Marksın elmi sosializm nəzəriyyəsi əsasında qurulan sosializm olduğunu aşılamışlar ki, bu gün sosializm sözü eşidən hər kəs bunu Sovet dövlətində olan Dövlət quldarlığı, Dövlət Feodalizmi quruluşu olduğunu düşünür. Əslində isə K.Marksın elmi sosializm nəzəriyyəsi əsasında qurula biləcək dövlətin hüquqi sistemi kapitalizmdən fərqli olaraq vətəndaşı iqtisadi və inzibati cəhətdən azad etməklə AZAD VƏTƏNDAŞ CƏMİYYƏTİ formalaşdırmağın ilkin mərhələsini reallaşdırmağa qadirdir.

Bütün cəmiyyətlərdə mövcud olan “hüquqa hörmət” ifadəsinə gəldikdə, hansı quruluş olursa olsun, hüquqa hörmət yox, riayət etmək tələb edilir. Hüquqa hörmət dilənməyə heç ehtiyac da yoxdur, çünki hüquqa riayət etməmək məsuliyyət daşıyır. Əgər hansısa cəmiyyətdə kimsə, kimlərsə hüquqa riayət etmədikdə məsuliyyətə cəlb edilmirsə, deməli, problem ya hüquq sisteminin hansı münasibətlər üzərində qurulmasında, ya da qanunda boşluğun mövcudluğundadır.

Dövlət və vətəndaş cəmiyyəti haqqında danışanlar, fikir yürüdənlər daim dəbdə olan, lakin heç bir real məna və məzmun kəsb etməyib, çox zaman isə mövzu ilə ziddiyyət təşkil edən ibarələrlə nəinki dövlət və vətəndaş haqqında, onların mahiyyəti, xüsusiyyətləri, inkişaf şərtləri və istiqamətləri haqqında oxucuda tamamilə səhv təsəvvür yaradırlar. Oxucuda elə təsəvvür yaranır ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti ümumiyyətlə mövcud deyil, yaranmayıb. Əgər yaranıbsa da bizdə deyil, Avropada olan dövlətlər hüquqi dövlət, cəmiyyətlər isə vətəndaş cəmiyyətidir. Halbuki tarixdən məlum olduğu kimi dövlət elə yarandığı gündən hüquqi dövlət kimi, dövlətin yurisdiksiyasındakı, ərazisindəki cəmiyyət, vətəndaş cəmiyyəti olaraq ən azı 15 min ildən çox əvvəl yaranmışdır və bu gün də mövcuddur. Bu gün bəşəriyyəti düşündürən məsələ isə dövlətin azlıq təşkil edən mülkiyyət sahiblərinin, mülkiyyətsiz, imkansız vətəndaşlarını ədalətsiz istismara, digər iqtisadi-ictimai ədalətsizliklərə məruz qoymasına imkan verən sahibkar-muzdlu münasibətlərinə əsaslanan və bu çoxluğu əzmək üçün zor mexanizmi kimi qalan hüquqi dövlətin mülkiyyətsiz vətəndaşları mülkiyyətçiyə çevirən, iqtisadi-ictimai münasibətlərin dövlət-vətəndaş arasında bərabər hüquq əsasında tənzimləyən, azad vətəndaşlardan ibarət azad vətəndaş cəmiyyətinin formalaşmasına qadir olan dövlət sisteminin qurulmasıdır.

2020-ci ildə «Ecoprint» nəşriyyatında Azərbaycan dilində, «Elm və təhsil» nəşriyyatında rus dilində çap edilən «Obyektiv iqtisadi qanunların, iqtisadi-ictimai formasiyalarla qarşılıqlı əlaqəsi və Turan dövlətinin Anayasasının əsas müddəaları» kitabından bu Anayasanın bəzi müddəalarını qəzetin oxucularına təqdim edirəm.

  1. Dövlət təşkilati mexanizm olmaqla, canlı varlıq olmadığından mülkiyyət sahibi ola bilməz. Yəni ölkədə dövlət mülkiyyətinin mövcudluğu qadağandır. Vətəndaşların ümummilli bircə mülkiyyəti milli mülkiyyət statusu daşımalıdır.
  2. Hakimiyyət vətəndaşların və ümumilikdə xalqın iqtisadi-ictimai azadlığının önəmli bir hissəsi üərində sahiblik hüququ olduğundan, o dövlətə, hansısa şəxsə, qrupa məxsus ola bilməz. Hakimiyyət ancaq Anayasa və ondan irəli gələn qanunlara məxsusdur.
  3. Bu Anayasa zor və ya hər hansı siyasi üsul və texnologiyalar vasitəsilə qanunsuz olaraq hakimiyyəti ələ alanlara qarşı xalqın silahlı üsyan hüququnu tanıyır.
  4. Heç bir vəzifəli şəxs bütövlükdə xalqı təmsil edə bilməz və heç kəsə toxunulmazlıq statusu verilə bilməz.
  5. Heç bir dövlət qurumunun, heç bir yüksək vəzifəli məmuru, özündən aşağı vəzifə tutan şəxslərə, kimliyindən asılı olmayaraq heç bir vətəndaşa nəyə görəsə icazə vermək və ya qadağa qoymaq hüququ yoxdur. Bütün icazə və qadağalar təfsilatı ilə həmin məsələlər üzrə qəbul edilmiş qanunlarda əks olunmalıdır.
  6. Bütün dövlət qurumlarının istisna edilmədən bütün əməkdaşları Dövlət İmtahan Komissiyasının ixtisas və peşə üzrə təşkil etdiyi imtahanların nəticəsi olaraq vəzifəsini əldə etməlidir.
  7. Ümumi və fərdi bağışlama (əvf) hüququ, dövlət orqanları və ya dövlət məmuruna yox, ancaq zərərçəkmişə, o həyatda olmadıqda isə onun varislərinə məxsusdur.
  8. Bütün vətəndaşlar, dövlət orqanları, xüsusi mülkiyyət əsaslı hüquqi şəxslər, yerli idarəetmə orqanları, ictimai təşkilatlar bütün məsələlər üzrə qanunvericilik təşəbbüsü hüququna malikdir.
  9. Dövlət valideynlərinin imkanı olmayan hər bir vətəndaşı, ölkədə daimi yaşayıb vətəndaşlığı olmayan şəxsi, anadan olduğu gündən qanunda nəzərdə tutulan norma üzrə yaşayış yeri (mənzil sahəsi və ya torpaq) və ona minimum istehlak səbəti həcmində gəlir gətirən kapital ilə təmin etməlidir.
  10. Dövlət valideynlərinin imkanı olmayan hər bir vətəndaşı və ölkədə daimi yaşayıb vətəndaşlığı olmayan şəxsi, yetkinlik yaşına çatan gündən sahibkarlıqla məşğul olmaq üçün qanunla müəyyən edilmiş miqdarda birdəfəlik verilən ilkin (start) kapitalı ilə qeyd-şərtsiz, əvəzi ödənilmədən təmin etməlidir.
  11. Bu və ya digər səbəbdən müflis olmuş vətəndaşları təkrar sahibkarlığa cəlb etmək məqsədilə dövlət onları minimum tarif dərəcəsi ilə verilən kreditlə təmin etməlidir.
  12. Cəmiyyət üçün zəruri olan, strateji əhəmiyyətli sahələrə kapital qoyan sahibkarların vəsaiti yetərli olmadığı hallarda, dövlət onların əlavə kapital qoyuluşuna minimum tarif dərəcəsi ilə verilən kreditlə təmin etməlidir.
  13. Vətəndaşın minimum yaşayış sahəsi və onun mövcudluğunu təmin edən kapitalının heç bir dövlət qurumu, vəzifəli şəxs, məhkəmə qərarı, heç bir əsasla onun əlindən ala və ya müsadirə edə bilməz.
  14. İş yerinin milli mülkiyyətə və ya fərdi xüsusi mülkiyyətə aid olmasından asılı olmayaraq qadınlar qanunla müəyyən edilmiş vaxtdan analıq məzuniyyətinə çıxdığı gündən dünyaya gətirdiyi uşağın 3 (üç) yaşı tamam olanadək əmək haqqı 100% ödənilməklə və əmək haqqının səviyyəsi saxlanılmaqla üç ildən sonra öz işinə qayıtmaq hüququ ilə analıq məzuniyyəti hüququ var.
  15. On dörd yaşı tamam olmamış uşağı olan qadınlar 8 saatlıq iş günü üçün verilən əmək haqqı 100% ödənilməklə 6 (altı) saatlıq iş günü hüququna malikdir.
  16. Üç və daha artıq 14 (on dörd) yaşı tamam olmamış uşağı olan qadınlar 8 (səkkiz) saatlıq iş günü üçün ödənilən əmək haqqı 100% ödənilməklə 4 (dörd) saatlıq iş günü hüququna malikdir. İşəmuzd işlərdə də, əmək haqqı ödənilən istehsal və xidmət normaları da bu nisbətdə olmalıdır.
  17. Qanunla müəyyən edilmiş ağır və insan səhhəti üçün zərərli olan sahələrdə və işlərdə, gecə növbələrində, aktiv müharibə şəraiti istisna olmaqla qadınların və həddi-buluğa çatmamış oğlanların əməyindən istifadə etmək qadağandır.
  18. Bütün dövlət qurumlarının əməkdaşları (xidmətçi heyət istisna olmaqla) imtahan verməzdən əvvəl digər sənədlərlə bərabər özünün, həyat yoldaşının, onunla birlikdə yaşayan həddi-buluğa çatmış övladlarının daşınan və daşınmaz mülkiyyət və əmlakı barədə qanunda nəzərdə tutulan qaydada deklarasiya təqdim etməlidir.
  19. Orta məktəbin yuxarı siniflərində oğlanlara və qızlara müharibə və hərbi vəziyyət şəraitində özünümüdafiə üçün zəruri olan hərbi texnikadan istifadə üzrə 2 (iki) illik kurs keçilməlidir.
  20. Bütün kütləvi informasiya vasitələri hər gün qanunla müəyyən edilən həcmdə və vaxt ərzində, ictimai əsaslarla hüquqşunasların Anayasanın maddələri və qanunların elmi və populyar şəkildə vətəndaşlara izah və şərh edilməsini təmin etməlidir.
  21. Vətəndaşların ictimai birlik yaratması və onun fəaliyytəinə xitam verilməsi, habelə nümayiş, mitinq, yüyürüş, piket və s. dinc etiraz tədbiri keçirmək üçün yerli özünüidarə orqanına bu barədə qanunla nəzərdə tutulan vaxtda və qaydada müəyyən edilən məlumatları yazılı və ya elektron qaydada göndərmək kifayətdir.
  22. Prokuror dövlət ittihamçısı deyil, o Anayasa və qanunların düzgün tətbiqi və icrasına nəzarət edən dövlət orqanı əməkdaşıdır.
  23. Məhkəmənin vətəndaşın azadlıqdan məhrum edilməsi haqqında qərarı qanuni qüvvəyə minənədək saxlanılan və ya müvəqqəti həbs edilən şəxslərin müvəqqəti saxlanc yerləri təcrid edilmiş, daim ictimai nəzarət altında olan mehmanxana tipli qorunan yer olmalıdır.
  24. Polisin ictimai asayişi pozan və hər hansı bir səbəbdən saxladığı şəxsi polis idarəsinə və s. yerə aparması qadağandır. Polis saxladığı şəxsi dərhal gətirib onu saxlanma səbəbi, yeri vaxtı göstərilməklə müvəqqəti saxlanc yerinə təhvil verməlidir.
  25. Müstəntiq təqsirləndirilən şəxsə təqdim etdiyi ittihamı məhkəmədə müdafiə etməlidir. Yəni, məhkəmə prosesində ittihamçı funksiyasını müstəntiq icra etməlidir.
  26. Təqsirləndirilən şəxsin etirafı, şahid ifadələri cinayətin törədilməsinin sübutu və məhkəmə qərarının əsası ola bilməz.
  27. Təqsirləndirilən şəxsin, zərərçəkmişin iş üzrə məhkəməyə təqdim etdikləri sənədlərin surəti və şifahi faktların siyahısı hakimin imzası və möhürü ilə təsdiq edilib onlara və onların vəkilinə verilməlidir.

Bizim işləyib hazırladığımız Anayasa öz məzmun və mahiyyətinə görə bu günə ən mütərəqqi dövlət quruluşu və ən mükəmməl vətəndaş cəmiyyəti hesab edilən, inkişaf etmiş avropa dövlətlərinin dövlət sistemində və vətəndaş cəmiyyətlərində olan köklü çatışmamazlıqları, naqislikləri, hətta onlarda olan və müxtəlif demokratiya, insan hüquqları şüarları adı ilə bəşər cəmiyyətinə, insanların təbii hüquqlarına daban-dabana zidd olan mürtəce qaydaları, fərdlər, millətlər, dövlətlərə münasibətlərində mövcud olan, ikili standartların qaynaqlanması mənbələrini, inkişaf etmiş aparıcı qərb dövlətlərinin təşəbbüsü və təşkilatçılığı ilə qəbul edilmiş beynəlxalq insan hüquq və azadlıqlarının heç də dünya üçün etalon hüquq normaları deyil, ancaq sahibkar-muzdlu münasibətləri əsasında formalaşdırılmış hüquqi normalar olmasını göstərməklə bərabər insanların daim arzu etdiyi səviyyəli hüquqi dövlətin, yəni ədalətli hüquqa əsaslanan dövlətin və azad vətəndaşlar toplusu olan azad vətəndaş cəmiyyətinin formalaşdırmağın konkret məzmun və konstruksiyasını ortaya qoyur. Bu Anayasanın əsas müddəaları və onun bazisini təşkil edən iqtisadi nəzəriyyə ilə tanış olanlar daha dövlət və vətəndaş cəmiyyəti haqqında mənasız, ümumi söz yığınları, abstrakt düşüncələri, avropanın mövcud dövlət və vətəndaş cəmiyyətlərini kor-koranə etalon kimi qəbul etməkdən əl çəkib, dövlət və cəmiyyət, onların qarşılıqlı əlaqəsi və inkişafı haqqında obyektiv təsəvvür əldə etməklə bərabər, bu barədə yaradıcılıqla düşünərək cəmiyyətə yeni, orjinal və səmərəli təkliflər irəli sürə biləcəklər. Azərbaycan isdedadlı və əməksevər insanlar yurdudur. İstiqaməti düz götürdükdə ən yüksək zirvələri belə fəth etmək qabiliyyətinə malikdirlər. Qorbaçovun Azərbaycanlılar üçün Brejnevdən ən çox mükafat qoparmaqda günahlandırdığı H.Əliyevin: «Mən bunda günahkar deyiləm ki, Azərbaycanda çoxlu istedadlı adamlar yaşayır» – cavabı da məhz bu həqiqətdən qaynaqlanmışdı.

Şapur QASİMİ

***

“İctimai və dövlət maraqlarının müdafiəsi”