Hindistan Pakistandakı hərbi təlimlərdə iştirak edə bilər – Tarixdə ilk dəfə

156

Pakistan bu il Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) himayəsi altında keçiriləcək “Pabbi-Antiterror-2021”-ə ev sahibliyi edəcək.
Hindistan bu il Pakistanın Xeyber Paxtunxva şəhərinin Nauşera bölgəsindəki ilk əsas antiterror mərkəzi olan Pabbidəki çoxmillətli hərbi təlimlərdə iştirak edə bilər.

Bu, Dehli ilə İslamabad arasındakı soyuq münasibətlərin getdikcə yumşalmasını göstərən növbəti hadisə sayılır. Bu, Hindistan ordusunun təmsilçilərinin ilk dəfə Pakistana hərbi təlimdə iştirak üçün səfər etməsi deməkdir. Ona görə də buna tarixi hadisə kimi baxılır.

Xatırladaq ki, keçən həftə keçirilən İslamabad Təhlükəsizlik Dialoqunda Pakistan Ordusunun Baş Qərargah rəisi, general Qəmər Cavid Bəcvan Hindistanla əlaqələrə toxunaraq “keçmişi dəfn etməyin və irəliləməyin vaxtının gəldiyini” demişdi.

Fevral ayında isə iki ölkə Nəzarət Xətti (Line of Control -LoC) boyunca atəşkəs barədə razılığa gəldiklərini elan edib.
Bəzi mənbələr Hindistan əsgərlərinin “Pabbi-Antiterror-2021” təlimlərində iştirakı barədə son qərarın hələ verilmədiyini, təklifin Milli Təhlükəsizlik Şurası Katibliyi tərəfindən nəzərdən keçirildiyini bildirib.

Çinin dövlət xəbər agentliyi olan “Sinhua”-nın ötən həftə verdiyi məlumatda bildirilir ki, “Pabbi-Antiterror-2021”- in keçirilməsi qərarı Regional Terrorla Mübarizə Qurumunun (RATS) Özbəkistanın Daşkənd şəhərində keçirilən 36-cı iclası zamanı elan edilib. İclasda Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və RATS İcraiyyə Komitəsinin səlahiyyətli nümayəndələri iştirak edib.

Bu arada Pakistan mənbələri, tarixlərin və iştirakçıların hələ təsdiqlənmədiyinə baxmayaraq, səkkiz ölkədən ibarət olan hökumətlərarası təşkilatın himayəsi altında təlimin Mangla Həbsxanası yaxınlığındakı Milli Terrorla Mübarizə Mərkəzində (National Counter Terrorism Centre (NCTC)) – Pabbidə təşkil ediləcəyini bildirib.

Pakistan nümayəndə heyəti fevral ayında ŞƏT-in Daşkənddə yerləşən Regional Terrorla Mübarizə Qurumunu ilin ikinci yarısında keçirilməsi ehtimal olunan hərbi təlimin hazırlığını sona çatdırmaq üçün ziyarət edib. \\AzPolitika