“Hibrid avtomobillərin qeydiyyatına güzəştlər olunmalıdır”

144

İqtisadçı Rəşad Həsənov: “Bu avtomobillərə həm gömrük rüsumunun, həm də əlavə dəyər vergisinin tətbiqi dayandırılmalıdır”

Ekspert Elməddin Muradlı: “Aidiyyəti qurumlarımız bu məsələləri müzakirə etməli, hibrid avtomobillərə güzəştlər tətbiq olunmalıdır”

“Toyota”nın avtomobillərini İngiltərədə test ediblər. Testdə iştirak edən ingilislərin 89 faizi etiraf edib ki, bu avtomobili sürən zaman özünü xoşbəxt hiss edib. Çünki avtomobili sürən zaman səs gəlməyib. Bu da o deməkdir ki, avtomobildən gələn səslərin özü də insanları narahat edir. Bu da müxtəlif xəstəliklərə səbəb olur. Bu baxımdan aidiyyəti qurumlarımız – Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidməti birgə bu məsələləri müzakirə etməli, hibrid avtomobillərə güzəştlər tətbiq edilməlidir”

Azərbaycanda elektrik və hibrid avtomobillərinin istifadəsinin tətbiqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar. Statistikaya görə, son 3 ildə hibrid avtomobillərinin ölkəyə idxalı artıb. Lakin avtomobillərin ölkəyə gətirilməsinə tətbiq edilən rüsumun çox olması müəyyən çətinliklər yaradır. Bu baxımdan, hökumət faktiki olaraq hibrid avtomobillərin idxalını həm rüsum, həm də vergidən azad etməlidir.

İqtisadçı Rəşad Həsənov “Hürriyyət”ə bildirdi ki, son 3-4 il ərzində hibrid avtomobillərin idxalında sürətli artım baş verib. O, hibrid avtomobillərə tətbiq edilən rüsumun çox olduğunu və bunun azaldılmasının vacibliyini vurğuladı: “İndiki şərtlər daxilində Azərbaycanda mövcud infrastruktur avtoparkın tərkibində elektriklə işləyən avtomobillərin həcminin artırılması üçün ciddi imkanlar yaratmır. Hökümətin hibrid avtomobillərə verdiyi güzəştlər nəqliyyatın yaşıllaşması istiqamətində hədəflərə çatmaq imkanı yaratmır. Bizdəki infrastruktur bu gün hibrid avtomobillərə daha uyğundur. Bu avtomobilin hissələrinin satışı, texniki xidmətin göstərilməsi və qiymət əlçatanlılığı baxımından istehlakçıya münasibdir. Hökümət bugünki reallıqlardan çıxış edərək, hibrid avtomobillərə güzəştlər tətbiq etməlidir ki, proses sürətlənsin.

Statistikaya baxsaq görərik ki, son 3-4 il ərzində hibrid avtomobillərin idxalında sürətli artım baş verib. Təbii ki, bu, insanların öz gücü və yanaşması hesabına baş verib. Bu baxımdan, hökümət bunu daha da situmullaşdırmalıdır. Bu məqsədlə də hibrid avtomobillərə həm gömrük rüsumunun, həm də əlavə dəyər vergisinin tətbiqi dayandırılmalıdır.

Gömrükdə rüsumun alınması avtomobillərin qiymətindən asılı olaraq dəyişir. Orda konkret nominal ifadədə rəqəm yoxdur. Ümumilikdə götürdükdə hibrid avtomobillərə tətbiq edilən rüsum 15 faizdir. Yəni avtomobilin alınması qiyməti və onun daşınmasına çəkilən xərc üzərinə əlavə olunur. Bu o deməkdir ki, 15 faiz həcmində rüsum hesablanır. Hesablanmış cəm rəqəmə də 18 faizlik əlavə gəlir vergisi tətbiq edilir. Kifayət qədər öhdəlikdən söhbət gedir. Bu da normal deyil. Bu qədər gömrük rüsumu ləğv edilməldir”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da hibrid avtomobillərin insanlarda maraq oyatdığını deyir. O, Gömrük Komitəsi hibrid avtomobillərlə bağlı güzəştləri tətbiq edəcəyi təqdirdə, bu cür avtomobillərin insanlar tərəfindən rahat alınacağını bildirdi: “Hibrid avtomobillərə güzəştlərin tətbiq edilməsinin vacibliyi ilə əlaqdar illərdir ki, danışırıq. Hibrid avtomobillər də elektromobillər kimi güzəştli kateqoriyaya düşən nəqliyyat növləridir. Onlar da yarı elektriklə işləyir. Yəni tam elektirklə işləmir. Ənənəvi avtomobillərə yaxın sayılır deyə, insanların hibrid avtomobillərə marağı daha çoxdur. Tam elektrik mühərrikli avtomobillərin xərci bir qədər daha çox olur. Eyni zamanda, servis xidməti Azərbaycanda tam formalaşmayıb. Belə desək, insanların yanaşması dəyişməyib. Amma yarı elektrik, yarı benzin avtomobillər insanlarda maraq oyadıb. İnsanlar kütləvi şəkildə buna meyllənirlər. Təbii ki, alanlar da çoxluq təşkil edir. Çünki hibrid avtomobil benzinlə elektrikin qarışığıdır. Əslində bu tramplin rolunu oynayır ki, insanlar gələcəkdə tam elektriklə işləyən avtomobillərə keçid etsinlər. Gömrük rüsumlarını sadələşdirmək lazımdır ki, insanların bu cür avtomobillərdən anlayışı olsun. Çünki insanlar anlamalıdır ki, bu cür avtomobillərin olması ətraf mühit üçün də xeyirlidir. Eyni zamanda, cibə qənaət etmək üçün əhəmiyyətlidir.

Digər tərəfdən, belə avtomobillərin sayəsində küçələrdə səs-küy də azalmış olacaq. Ətraf mühitin qorunması dedikdə təkcə avtomobillərin ixrac etdiyi zəhərli qazları düşünməyək. Avtomobildən çıxan səs-küyün özü də ekoloji problemdir. “Toyota”nın avtomobillərini İngiltərədə test ediblər. Testdə iştirak edən ingilislərin 89 faizi etiraf edib ki, bu avtomobili sürən zaman özünü xoşbəxt hiss edib. Çünki avtomobili sürən zaman səs gəlməyib. Bu da o deməkdir ki, avtomobildən gələn səslərin özü də insanları narahat edir. Bu da müxtəlif xəstəliklərə səbəb olur. Bu baxımdan aidiyyəti qurumlarımız – Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidməti birgə bu məsələləri müzakirə etməli, hibrid avtomobillərə güzəştlər tətbiq edilməlidir.

Dediyim kimi, insanların bu cür avtomobillərə marağı çoxdur. Gələcəkdə tam elektrik mühərrikli avtomobillərə keçid dövrünü yaşamaq üçün, əvvəlcə bu keçid dövrünü yaşamalıyıq. Hibrid avtomobillər elektrik mühərrlikli avtomobillərlə eyni statusa malik olmalıdır. Gətirilən avtomobilin qiymətinin 15 faizini Dövlət Gömrük Komitəsi tələb edir. Bu da böyük məbləğ sayılır. Gürcüstanla Azərbaycan arasında hibrid avtomobillərin qiymətində 60 faiz fərq var. Məsələn, Azərbaycanda bir maşının əlavə dəyər vergisinin qiyməti 10 min manat çıxırsa, Gürcüstanda bu 4000 manata başa gəlir. Çox böyük fərq var. Görün ki, Gürcüstandan Azərbaycana gələn maşın nə qədər baha qiymətə gəlib çıxır… Hazırda 6000 manat bizim üçün az pul deyil. Əgər Gömrük Komitəsi güzəştləri tətbiq edərsə və gömrük rüsumları azaldılarsa, insanlar da rahat şəkildə hibrid maşınları ala bilər. Hibrid avtomobillərin sürülməsi ətraf mühitin zəhərlənməsini 50 faiz azaldacaq.  Bu, eyni zamanda, 50 faiz də yanacağa qənaət deməkdir”.

YƏHYA