HEYDƏR ƏLİYEVİN DOSTUNDAN PREZİDENTƏ MÜRACİƏT – “…Bu adamlar Emin Əmrullayevi də “fırlayırlar””

774

AYB-AJB-nin üzvü, Əməkdar müəllim, Prezident təqaüdçüsü, mərhum dövlət başçısı Heydər Əliyevin dostu olduğunu bildirən İlham Musa oğlu Həsənov tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi Ədalət Vəliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Bu, mənim Sizə Təhsil Nazirliyindəki özbaşnalıqlar və biabrçılıqlar barədə 5-ci müraciətimdir. Lakin təəssüf ki, ay yarım müddətində heç bir müraciətimə rəsmi cavab verilməyib. Mən indi yəqin etdim ki, ölkədə Sizi yalnız sadə xalq kütləsi istəyir. Məmurlar, xüsusilə öz təyin etdiyiniz məmurlar isə Sizin qanlı düşmənlərinizdir.

Siz televiziyada təhsil naziri Emin Əmrullayevi bu vəzifəyə təyin edəndə, o bildirdi ki, “Cənab Prezident, mən Sizin etimadınızı doğruldacağam”. Amma belə olmadı. Mənim kimi bir adamı, tanınmış şairi, 8 şeir kitabının müəllifini, Prezident mükafatçısını, Əməkdar müəllimi 65-yaşım tamam olan kimi dərhal işdən çıxartdılar. Amma respublikada 100-150 nəfər məktəb direktorlarını müqavilə bağlayıb, saxladılar.

Təkcə Gəncə şəhərində 3 əməkdar müəllimdən 2-ni çıxardıb, birini heç bir əsaslı səbəbi olmadan saxladılar. Çünki Təhsil Nazirliyinin 2 əsas fiquru – Eşqi Bağırov və Muxtar Məmmədova biz sərf eləmirdik. Çünki mən və həmkarım Valeh müəllim dövlətə və dövlətçiliyə sadiq adamlarıq. İşlədiyimiz müddətdə Məntəqə Seçki komissiyalarının sədri olmuşuq. Amma vəzifəsində saxlanılan məktəb direktoru məntəqə sədrliyini qəbul etməyib. Bu da onun siyasi baxışı.

Cənab Prezident! Siz Şuşada olarkən qeyd etdiniz ki, ermənilər Molla Pənah Vaqifin qəbrini dağıdıblar. Burada isə Emin Əmrullayevin qeyri-qanuni, gözüyumulu bir əmri ilə məni – Yazıçılar və Jurnalistlər birliklərinin üzvünü, Gəncə və Gəncəbasarda tanınmış ictimai xadimi “diri-diri basdırdılar”. İndi mən ermənilərlə bunlar arasında heç bir fərq görmürəm. Mənə görə, bunlar ermənilərdən də təhlükəli və qorxuludur.

Ermənilər görünən, Eşqi Bağırov, Muxtar Məmmədov isə görünməyən tərəfdi. Xaricdə bir il kurs keçib təhsil almaq hələ püxtələşmiş kadr demək deyil. Adlarını çəkdiyim bu adamlar Emin Əmrullayevi də “fırlayırlar”. İndi bunların bir yolu var: ya məni yerimə qaytarmalıdırlar, ya da saxladıqları 70-85-yaşlı direktorları da işdən azad etməlidirlər. Çünki qanun hamı üçündür”.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.