Hava niyə tozludur? – Açıqlama

180

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən aparılmış monitorinqin nəticələrinə əsasən, bu gün günorta saatlarından başlayaraq havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, hazırda müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır.

“Şimal-qərb küləyinin arabir güclənməsi istehsal sahələrində və torpağın üst quru səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasına səbəb olub. Hazırda avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, havada tozun miqdarının sanitar normadan 2 dəfə çox olduğu müəyyən edilib”.

U.Tağıyeva qeyd edib ki, tozlu hava meteoroloji şəraitlə bağlıdır və prosesin qısa müddətli olacağı gözlənilir.

“Sabah havada tozun miqdarı normaya yaxınlaşacaq. Tozlu hava ilə bağlı göstəricilər hər il qeydə alınır. Bu il apreldə daha çox küləkli günlər oldu, buna görə də toz qalxır. Bakıda avtomat monitorinq stansiyaları quraşdırılıb və onlayn informasiyalar daxıl olduqca, biz əhalini məlumatlandırırıq”, – deyə Xidmət rəisi bildirib. \\Axar