Hərbi xidmətdə olarkən xəstələnən Kəpəz sakininə niyə pensiya verilmir?

267

Emin Abdullayev: “Pensiya verilməsi adıylıa məni aldadıb, 130 manat müavinət verirlər”

Kəpəz rayonunun sakini Emin Abdullayev “Hürriyyət”ə müraciət edərək, Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən aldadıldığını bildirib.  1998-ci ildə ön xətdə hərbi xidmətdə olan Emin Abdullayevə pensiya verilməsi adıyla 130 manat sosial müavinət verilib. Hərbi xidmətdə olarkən aldığı xəstəliyiylə bağlı pensiya almalı olan rayon sakini hazırda acınacaqlı vəziyyətdə yaşayır:

“Evim pis vəziyyətdədir. İkinci qurup əliləm. Hazırda vərəm xəstəsiyəm. Dərmanlarımı almağa pulum yoxdur. Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şəhər üzrə nümayəndəsi deyir ki, “get bu qərarı dəyiş”. Mərkəzi Hərbi Klinikasının (“Papanin hospitalı”) rəhbərliyi yanlış qərarı inadkarlığla dəyişmirlər. Sanki, məndən umacaqları var…

Hazırda 42 yaşım var. Amma xəstəliyimlə əlaqədar ailə həyatı qura bilmirəm. Aidiyyatı qurumlardan xahiş edirəm ki, Mərkəzi Hərbi Klinikasının rəhbərliyinə mənim işimə düzgün baxılması üçün tapşırıq verilsin. Səkkiz ildir ki, xəstəliyimlə əlaqədar düzgün qayda da pensiya ala bilmirəm. Cəmi 130 manat müavinət alıram. Pensiya verilməsi adıylıa məni aldadıb, 130 manat müavinət verirlər”.

Sosial Müdafiə nazirliyinin Gəncə şəhəri üzrə Tibbi-sosial ekspert komissiyasının sədri Elxan Rüstəmov Hürriyyətə bildirib ki, Emin Abdullayev hərbi xidməti dövründə ağciyər xəstəliyinə tutulub. Həmin xəstəliklə bağlı tibb müəsisəsində yatıb və müalicə olunub:

“Emin hərbi xidməti dövründə ağciyər xəstəliyinə tutulub. Onun dediyi kimi vərəm deyil. Həmin xəstəliklə bağlı tibb müəsisəsində yatıb və müalicə olunub. Hərbi həkim komissiyasından keçib. Qərarda deyilir ki, hərbi xidmət dövründə xəstələnib. Ona hərbi həkim komissiyasının qərarına əsasən əlillik təyin edilib. O özünü qazi adlandırır. Amma qazi sayılmır. Hərbi xidmət dövründə xəstələnib. O qazilər üçün təyin edilən imtiyazlardan yararlana bilmədiyi üçün bu cür cəhd edir. Bu baxımdan narazılıq edir. Emin Abdullayev cəhd edir ki, hərbi xidmət vəzifəsini yerinə yetirərkən səbəbiylə əlillik alsın. Bu halda o prezident təqaüdü, pensiya məbləği arta və ya evlə təmin edilə bilər. Bunun üçün də ilk növbədə hərbi həkim komissiyasından keçməlidir. Hətta, dəfələrlə məni hərbi həkim komissiyası ilə danışdırıb. Komissiyadan da bildirilib ki, o müharibə dövrünə düşməyib. Sülh dövründə xidmət keçib. O ikinci qurup əlildir. Qanunauyğun olaraq da vətəndaşa pensiya təyin edilib”.

YƏHYA