“Hər kəs güvəndə olana qədər, heç kim güvəndə deyil” – Dünya liderlərindən çağırış

21

Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, İngiltərə Baş naziri Boris Conson, Avropa Şurasının başçısı Çarls Mişel və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Gebreyesus da daxil olmaqla, 24 lider dünyanın gələcəkdə qarşılaşa biləcəyi qlobal xəstəliklərə qarşı beynəlxalq müqavilə (anlaşma) imzalanması üçün çağırış edib.

Liderlər dünyanın dörd bir tərəfində yayımlanan qəzetlərə yolladıqları çağırış məktubunda Covid-19 pandemiyasının İkinci Dünya Müharibəsindən bəri bəşəriyyətin üzləşdiyi ən çətin böhran olduğunu vurğulayıblar.

İngiltərədəki “Daily Telegraph”, Fransadakı “Le Monde” və İspaniyadakı “El Pais” daxil olmaqla, bir çox məşhur qəzetdə dərc olunan məktubda iki dünya müharibəsindən sonra liderlərin yenidən beynəlxalq bir sistem yaratmaq üçün bir araya gəldikləri xatırlanıb. Liderlər “hər kəs güvəndə olana qədər, heç kim güvəndə deyil” sözləri ilə bəşəriyyətin başqa bir sağlamlıq böhranı ilə üzləşməsinin yalnız bir an məsələsi olduğuna diqqət çəkiblər.

Məktubda millətçilikdən çəkindirməklə ölkələri bir araya gətirmək, yalnız həmrəylik və əməkdaşlıq yolu ilə qlobal problemləri həll etmək kimi hədəflər qeyd olunub.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Tzisinpin məktubu imzalayan liderlər arasında deyillər.

“AzPolitika”