“Həmişə səksəkə içində yaşamışam”

144

Əhməd Əhmədzadə vəzifədən çıxarılmasından danışdı

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmiş Əhməd Əhmədzadə jurnalistlərə etiraf edib ki, uzun illər rahat yaşaya bilməyib.

“Mən 1967-ci ildən rahat yatmıram. Həmişə səksəkə içində yaşamışam. İndi istəyirəm ki, bundan sonrakı həyatımı, qocalığımı rahatlıqla keçirəm”,- deyə keçmiş məmur bildirib.

Yeri gəlmişkən, dünən Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Belə ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Muxalifet.az xəbər verir ki, Zaur Mikayılov “PAŞA Holdinq”ı daxil olan “Agro Supply” MMC-nin rəhbəri olub.

Xatırladaq ki, aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyev Əhməd Əhmədzadənin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ə.Əhmədzadə bu vəzifəyə 1993-cü ildə təyin olunmuşdu və 28 il ərzində ASC-yə rəhbərlik edib. 1993-cü ilə qədər isə Ə.Əhmədzadə partiya nomenklaturasına daxil idi və Azərbaycan Kommunist Partiyasının bir neçə rayon komitəsinə rəhbərlik etmişdi.

Hazırladı: İ.SABİRQIZI