Həkimlərin əlavə maaşları nə üçün verilmir?

135

1 saylı Kliniki Tibbi Mərkəzin əməkdaşlarının redaksiyamıza müraciətinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi cavab verdi

“Artıq bir sıra tibb müəssisələrində yanvar ayına olan müddətli əlavələr ödənilib. Qalan tibb müəssisələri, eləcə də 1 saylı Kliniki Tibbi Mərkəzi də yaxın günlər ərzində ödənişlərini ala biləcəklər”

Nazirlər Kabineti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar verib. Lakin, “Hürriyyət”ə daxil olan məlumata görə, bir sıra xəstəxanalarda həkimlər 2021-ci ilin yanvar ayından COVID-19-la bağlı maaşlarına edilən əlavəni ala bilmirlər. Konkret olaraq “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin əməkdaşları redaksiyamıza müraciət edərək, maaşlarının tam şəkildə verilməməsinə etiraz ediblər.

Qeyd edək ki, hazırda “Semaşko”nun direktoru İlham Qafarovdur. O, keçən ilin iyulunda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə həmin vəzifəyə təyin edilib.

Maraqlıdır ki, 1 saylı Kliniki Tibbi Mərkəzin əməkdaşları nə üçün yanvar ayından maaşlarına əlavə edilən vəsaiti hələ də ala bilmir? Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən “Hürriyyət”ə bildirildi ki, artıq bir sıra tibb müəssisələrində yanvar ayına olan müddətli əlavələr ödənilib. Qalan tibb müəssisələri, eləcə də 1 saylı Kliniki Tibbi Mərkəzi də yaxın günlər ərzində ödənişlərini ala biləcəklər: “Həkimlərə əlavə maaşların ödənilməsi prosesi başa çatmaq üzrədir. Artıq bir sıra tibb müəssisələri yanvar ayının ödənişlərini alıb. Yəqin ki, son bir-iki günə digər tibb müəssisələri də əlavə maaşları alacaqlar. Bununla bağlı tibb müəssisələrinə də məlumat verilib. Mərhələli şəkildə bütün tibb müəssisələrinə əlavə ödənişlər veriləcək.

Digər aylara olan ödənişlər isə tibb müəssisələrindən agentliyə daxil olan siyahıya əsasən ödəniləcək. Müddətli əlavələr hesablanandan üç gün sonra ödənilir. Hazırda tibb müəssisələrindən ancaq yanvar ayının siyahısı agentliyə daxil olub. Yanvar ayının ödənişi də demək olar ki, ödənilib. Qalan tibb müəssisələri, eləcə də 1 saylı Kliniki Tibbi Mərkəzi də yaxın günlər ərzində ödənişlərini ala biləcəklər”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmisi müddətli əlavələrin gecikməsinin səbəblərini də açıqladı: “Nazirlər Kabinetinin qərarına əsasən, martın 31-dək olan müddətli əlavələr ödəniləcək. Daha sonra, Nazirlər Kabinetinin qərarından aslı olaraq ödənilə bilər. Hələ ki, mart ayının 31-dək nəzərdə tutulub. Müddətli əlavələrin gecikməsinin əsas səbəbi tibb müəssisələrində tibb işçiləri və qeyri-tibb işçilərinin iş saatının hesablanmasıdır. Daha sonra siyahı agentliyə təqdim olunur. Təqdim ediləndən üç gün sonra təmin olunur. Çünki tibb müəssisələri tibb heyətinin iş saatını hesablayıb, təqdim etməlidir”.

YƏHYA

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.