Həbs edilən qazilərin cəzası yüngülləşdirilə bilər?

432

“Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunda göstərilməyən hallar belə, hakim tərəfindən yüngülləşdirici hal kimi nəzərə alına bilər

Son günlər Vətən müharibəsi qazilərinin həbsiylə bağlı xəbərlərlə rastlaşırıq. Əvvəlcə, Cəlilabadda müharibədən əvvəl oğurluq edən və narkotik satışıyla məşğul olan, Vətən Müharibəsində döyüşən qazi Aydın Ağazadənin həbs edilməsi müzakirələrə səbəb oldu. Sosial şəbəkələr istifadəçilərinin bir çoxu cəzanın ləğv edilməsini və ya yüngülləşdirilməsini tələb etdi.

Qeyd edək ki, A.Ağazadə döyüşdən qayıtdıqdan sonra məhkəmə prosesi bərpa edilib və Cəlilabad rayon məhkəməsinin hakimi Elxan Əmirəliyevin hökmü ilə ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Daha sonra Aydın Ağazadə ilə bağlı Baş prokurorun müavini protest verib.

Müharibədə yaralanan Aydın Ağazadə “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”“Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Çox keçmədi ki, Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun həbs edilməsiylə bağlı xəbərlər ortalığa çıxdı. Məlum oldu ki, mayor  09 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün travmalı döyüşçümüz Bakı şəhər Prokurorluğunun əməkdaşı tərəfindən aldadılaraq hospitaldan Hərbi Prokurorluğa aparılıb. Ziya Kazımovun həyat yoldaşının prezidentə edilən müraciətində qeyd edilib ki, o, Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb. Müraciətdə həyat yoldaşının günahsız olduğunu vurğulayan hərbçi xanımı buna əmin olduğunu, iki övladı ilə həyat yoldaşının yolunu gözlədiyini bildirərək, Prezidentdən zabitin azad olunması üçün işin nəzarətə götürülməsini xahiş edib.

Zabitin həyat yoldaşının bildirdiyinə görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları qazinin xəstəliyindən istifadə edərək, 2017-ci ildə baş verən hansısa cinayət işini onun qarşısına qoyaraq imzalatmaq istəyiblər. Polkovnik-leytenant Ağakişi Acalov onun qol çəkmədiyini gördükdə, ona “Sən yaralısan və müalicəyə ehtiyacın var”, – deyib. Lakin sonra “Amma psixoloji vəziyyətin hospitalda səni saxlamağımıza imkan vermir. Kiməsə ziyan verə bilərsən. Gəl, sən bunu imzala ki, biz səni polis nəzarətində hospitalda müalicə edək. Yoxsa sənə kömək edə bilməyəcəyik”, – deyə aldatmağa çalışıb.

Hərbi Prokurorluğun təsiri ilə hakim Rafiq Abbasov tərəfindən Şuşada döyüşlərin getdiyi gün – 09 noyabr 2020-ci il tarixində 2017-ci ilin cinayət işinə görə 3 (üç) il, bundan öncəki işə görə isə hospitala yenicə qəbul edilmiş döyüşçü barəsində ağır və xüsusilə ağır cinayət törədənlərə münasibətdə olduğu kimi 4 (dörd) aylıq həbs qətimkan tədbiri seçilib. Ziya Kazımov 09 noyabr 2020-ci il tarixindən hesablanmaqla, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında yerləşdirilib. Həyat yoldaşı ölkə başçısına etdiyi müraciətdə bildirir ki, onun hərbi Prokurorluq tərəfindən xüsusi nəzarətə alınması istənilib, ailəsi ilə görüş və telefon danışıq hüququndan məhrum edilib.

Mövzuyla bağlı ilk olaraq tanınmış hüquqşünas, professor Fərhad Mehdiyevlə danışdıq. O, “Hürriyyət”ə açıqlamasında bildirdi ki, Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunda göstərilməyən hallar belə, hakim tərəfindən yüngülləşdirici hal kimi nəzərə alına bilər: “Vətən müharibəsində iştirak edənlər üçün hər bir halda hakim tərəfindən yügülləşdirici hal kimi nəzərə alına bilər. Belə bir şey mümkündür. Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunda göstərilməyən hallar belə hakim tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınır. Orda hansı halların yüngüləşdirici hal olması qeyd olunub. Sadalanmayan halların da hakim tərəfindən yüngülləşdirici hal kimi qeyd edilməsi mümkündür. Düşünürəm ki, Vətən müharibəsində iştirak da belə hallardan ola bilər. Yüngülləşdirici halların da tətbiqi qaydası var. Hakim nə yüngülləşdirici, nə də ağırlaşdırıcı halı yox, cəzanın ortasını götürür. Yüngülləşdirici hal olarsa, cəzanı aşağı həddə doğru çəkməlidir. Birincisi, həbs edilən şəxsin hansı maddələrlə həbs edildiyini bilmək lazımdır. İkincisi isə, prokurorun nə qədər həbs cəzası istəməsi də mühümdür. Düzdür ki, prezident qazini medallarla təltif edib. Amma buna görə yüngülləşdirici hal olacağını düşünmürəm. Prezident yalnız əfv edə bilər. Bəlkə də hakim şərti cəza verə bilərdi. Hər halda cinayət işiylə yaxından tanış olmaq lazımdır.

İlk dəfə törədilən cinayətlərdə şərti cəza verilə bilər. Yalnız müstəsna hallarda hakim bunu edə bilər. Bildiyim qədəriylə Cəlilabadda həbs edilən qazi ilə bağlı Baş prokurorun müavini protest verib. Apellyasiya Məhkəməsi cəzanı aşağı sala, yəni şərti cəzayla əvəzləyə bilər. Hər bir halda prokurorun daha yüngül cəzanın verilməsiylə bağlı səlahiyyəti var idi”.

Daha sonra, Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun vəkili Bəhruz Bayramovla əlaqə saxladıq. O, Ziya Kazımovun 2017-ci ilin Tərtər hadisələrinə görə həbs edildiyini dedi. Qazinin vəkili həbsi qanunsuz və əsassız olaraq qiymətləndirir. Bəhruz Bayramov Müdafiə Naziyinin bəzi rütbəli şəxslərinin əsassız məlumatlarının belə problemlərə gətirib çıxardığını vurğuladı:

“Əslində, məhkəmə Vətən müharibəsində döyüşərkən yaralanan qazi Aydın Ağazadənin həbsiylə bağlı yüngül cəza verə bilərdi. Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziyanın vəkili də mənəm. O, 2017-ci ilin Tərtər hadisələrinə görə həbs edilib. Bəzi məqamlar var. İstintaq sirri olduğuna görə, hələ açıqlamıram. Hesab edirəm ki, hüquqlarını müdafiə etdiyim şəxsin bu işdə təqsiri yoxdur. Ona travmalı halda həbs qəti-imkan tədbiri seçilib. Hazırda Bakı şəhərində hərbi hospitaldadır. Onun həbs edilməsi düzgün deyil. Gələcəkdə bununla bağlı geniş açıqlamam olacaq. Dediyim kimi, bəzi məsələlər istintaq sirri olduğuna görə açıqlamıram. Amma Ziya Kazımovun həbsi qanunsuz və əsassızdır. Həyat yoldaşı da bununla bağlı ölkə başçısına müraciət edib. Hər nə olsa da, mayorun həbsi edilməsi düzgün deyildi. O, ən azından müharibə vaxtı travma alıb. Mayor Ziya Kazımov müharibə vaxtı çox böyük qəhrəmanlıqlar göstərib. Torpaqların 90 faizinin azad edilməsində yaxından iştirak edib. Vaxtilə xüsusi təyinatlıların taborunda xidmət edib. Bundan əlavə, Türkiyədə təhsil alıb, onlarla medalın sahibidir. O, ilk dəfə yaralandıqdan sonra, üçü gün hospitalda qala bilib. Daha sonra könüllü olaraq yenidən döyüş ərazisinə yola düşür. Burda bəzi məqamlar var ki, hələ açıqlanmır. Qeyd edim ki, Müdafiə Naziyinin bəzi rütbəli şəxslərinin əsassız məlumatları da belə problemlərə gətirib çıxardır”.

Hüquqşünas Roman Qaraşov isə, qazi Aydın Ağazadənin səhhətində olan narahatlığı və döyüşçü olmasını nəzərə alaraq, cəzasını yüngülləşdirməyin mümkünlüyünü qeyd etdi: “Azərbaycan Respublikasının Cinayət Qanunvericiliyinə əsasən, hətta ən ağır cinayət törətmiş şəxsə belə şərti cəza vermək mümkündür. Yəni şərti cəza o deməkdir ki, birbaşa cəzaçəkmə məntəqəsinə göndərilmir. Həmin şəxs faktiki olaraq cəza çəkmir. Lakin həmin müddət ərzində yeni cinayət törədilərsə, əvvəki törətmiş olduğu cinayətə görə də təyin olunmuş cəza həmin cəzanın üzərinə toplanılır. Cəlilabaddakı qazinin həbsində iki ayrı-ayrılıqda cinayət işindən söhbət gedir. Orda həm narkotik vasitələrin qanunsuz satış məqsədiylə daşımasından, həm də yaşayış sahəsinə daxil olmaqla 4000 azn oğurluqdan söhbət gedir. Hər ikisi qəsdən törədilən cinayət sayılır. Qaziyə 4 il 3 ay həbs cəzası  verilib. Amma səhhətində olan narahatlığı və qazi olmasını nəzərə ala bilərlər. Belə şəxslərlə bağlı cəzanın çəkilməsinin təxirə salınması mümkündür. Eyni zamanda, yüngül cəza da verilə bilər. Çünki qazinin cəzaçəkmə məntəqəsində cəza çəkməsi tibbi cəhətdən də müalicələrinin aparılmasında çətinlik yarada bilər. Onun xüsusən də Vətən qarşısında xidmətlərini, üç medalla təltif olunmasını nəzərə almaq olar. Bu kimi halları nəzərə alıb, ona şərti cəza vermək mümkündür.

Digər tərəfdən, Cəlilabad rayon Məhkəməsinin qərarı qəti deyil. Yəni həmin məhkəmə qərarına yenidən baxıla bilər. Məlumdur ki, Baş prokurorun müavini tərəfindən yenidən baxılmasıyla bağlı protest verilib.  Yəqin ki, bütün bu hallar nəzərə alınıb, ona yüngül cəza veriləcək. Adətən, verilən cəzalar iki yerə ayrılır: azadlıqdan məhrum etməklə bağlı olan və azadlıqdan məhrum etməməklə bağlı olmayan. Hesab edirəm ki, onun xidmətlərini nəzərə alıb, yüngül cəza veriləcək. Yəni cəzaçəkmə məntəqəsində cəza çəkmədən məsuliyyətə cəlb oluna bilər. Amma tutduğu mövqedən aslı olmayaraq, şəxs cinayət işi görübsə, onun heç bir üstünlüyü yoxdur. Qanunvericilikdə onlara cəza nəzərdə tutulub”. 

Maraqlıdır ki, müharibədən əvvəl oğurluq edən və narkotik satışıyla məşğul olan şəxs, döyüşlərdə necə iştirak edib?  Ümumiyyətlə, bu, qanunuyğun hal sayılırmı?

Hüquqşünas Roman Qaraşov, təqsirləndirilən şəxsin döyüşlərdə iştirak etməsinin qanunauyğun olmadığını bildirib: “Ola bilsin ki, çağırışla deyil, könüllü döyüşlərə yollanıb. Hərbi əməliyyatlar keçirildiyi zaman yalnız rəsmi çağırılan şəxslər ətraflı yoxlanılır. Adətən, müharibəyə könüllü qoşulan şəxslər imtina olunur. Əgər onlar inadkarlıqla döyüşlərdə iştirak etmək istəyirlərsə, həmin şəxslərə döyüşlərin ön xəttində olmasına imkan verilmir. Daha çox köməkçi məqsədlərlə istifadə olunur. Qazinin birbaşa həyatıyla bağlı məlumatlı deyilik. Ola bilsin ki, əvvəllər hərbçi və yaxud da idmanla bağlı yaxşı göstəriciləri olan bir şəxsdir. Təbii ki, bu, doğru hal deyil. Təqsirləndirilən şəxsin döyüşlərdə iştirak etməsi qanunauyğun deyil”.

Mövzu ilə bağlı “Hürriyyət”ə danışan deputat Fəzail Ağamalı isə, baş vermiş son hadisələrlə bağlı çox təəssüfləndiyini və qazinin bu taleni yaşamalı olmadığını qeyd etdi: “Baş vermiş son hadisələrlə bağlı çox təəssüf edirəm. Bizim qazimiz bu taleni yaşamalı deyil. Lakin Azərbaycan hüquqi dövlətdir, burda qanun qarşısında hər kəs eyni məsuliyyəti daşıyır. Bunu da hamı başa düşməli və qəbul etməlidir. Vəzifədən və göstərmiş olduğu xidmətdən aslı olmayaraq, hər kəs qanun qarşısında cavabdehdir”.

İctimai-siyasi xadim Xeyrəddin Qoca isə bildirdi ki, kimliyindən aslı olmayaraq, hər bir şəxs cinayət işi görübsə, ona heç bir güzəşt olunmamalıdır: “Əgər şəxs cinayət işi görübsə, ona heç bir güzəşt olunmamalıdır. Cinayət işi edən deputat da, nazir də həbs edilir. Kimliyindən və statusundan aslı olmayaraq, hər kəs məsuliyyətə cəlb edilə bilər. Millət bir dəfəlik anlamalıdır ki, cinayət işi görmək olmaz. Əgər cinayət işi varsa, şəxs məsuliyyətə cəlb edilməlidir.

Qazimizlə bağlı açılan cinayət işi ciddi maddələrdir. Hər halda qazilərimiz belə şeylərdən uzaq olmalıdır. İşin araşdırılması obyektiv şəkildə aparılmalıdır. Güzəşti isə məhkəmə etməlidir. Ola bilsin ki, məhkəmə onun döyüşlərdə iştirakını və xidmətlərini nəzərə alıb cəzasını yüngülləşdirə bilər”.

YƏHYA