GÜRCÜSTANDAN AZƏRBAYCANA GÖZLƏNİLMƏZ ZƏRBƏ… – AŞPA-da ermənilərin Azərbaycana qarşı haqsız mövqelərinin gürcü deputatlar tərəfindən dəstəklənməsinin arxasında hansı maraqlar dayanır?

183

Hüseyn Yusubov: “Avropa Şurası Parlament Assambleyasında təmsil olunan bütün deputatlarımızı nifrət və hiddətlə qınayıram”

Fazil Mustafa: “Bu məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz”

“…Buna bir həftə öncə Gürcüstan prezidentinin erməni qəlbdaşının imzaladığı sənədin altında çəkdiyi Ağrı Dağının rəsmini fəxrlə mediada paylaşması kimi səviyyəsiz davranışının davamı olaraq baxmaq lazımdır”

Aprelin 20-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclası keçirilib. İclasda Ermənistanın təşəbbüsü ilə 44 günlük Vətən müharibəsində – ikinci Qarabağ savaşında “əsir düşmüş” erməni hərbçilərinin qaytarılmasını əks etdirən qətnamə səsverməyə çıxarılıb. Məsələnin maraqlı tərəfi ondadır ki, daim özünü Azərbaycanın strateji tərəfdaşı kimi təqdim edən, ölkəmizin siyasi və iqtisadi dəstəyi sayəsində ayaqda duran Gürcüstanın AŞPA-dakı nümayəndə heyəti tam tərkibdə sözügedən qətnamənin lehinə səs verib. Bununla da rəsmi Tiflis Azərbaycanla münasibətlərində səmimi olmadığını, necə deyərlər, zorən strateji tərəfdaş olduğunu bir daha sərgilədi.

Bu gün hər kəsə, o cümlədən Gürcüstan rəsmilərinə də bəllidir ki, İrəvanın “hərbi əsir” kimi qələmə verməyə çalışdığı hərbçilər 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanatdan sonra Azərbaycan ərazisinə göndərilib və çoxsaylı təxribatlar törədiblər. Nəzərinizə çatdıraq ki, müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər. Odur ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin bunu bilə-bilə Azərbaycanın əleyhinə olan qətnaməyə səs verməsi rəsmi Bakının Tiflislə münasibətlərində ciddi korrektələr etməsinə zəmin yaradır.

“Hər iki ölkənin əraziləri təcavüzkarlar tərəfindən işğal olunub, bu səbəbdən də Azərbaycanla Gürcüstan bu mübarizədə eyni cəbhədən çıxış etməlidir”

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov mövzu ilə bağlı “Hürriyyət”ə müsahibəsində bildirdi ki, o, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin tutduğu mövqeyi nifrətlə qınayır: “İlk öncə onu qeyd edim ki, bu məsələdə Azərbaycanla Gürcüstan eyni gəmidədir. Yəni hər iki ölkənin əraziləri təcavüzkarlar tərəfindən işğal olunub, həmin bölgələrdə separatçı qüvvələr, üçüncü ölkənin qoşunları yerləşdirilib. Məhz bu səbəbdən də Azərbaycanla Gürcüstan bu mübarizədə eyni cəbhədən çıxış etməlidir. Təbii ki, Gürcüstanda yaşayan azərbaycanlılar üçün Gürcüstan bizim vətənimizdir, Azərbaycan və Türkiyə isə bizim milli dövlətlərimizdir.

Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin addımına gəlincə, mən buna rəsmi Gürcüstanın tutduğu mövqe deməzdim. Lakin bununla yanaşı, onların bu addımını, Avropa Şurası Parlament Assambleyasında təmsil olunan bütün deputatlarımızı, siyasi partiyasından, milliyətindən asılı olmayaraq, hamısını nifrət və hiddətlə qınayıram. Çünki söhbət hərbi əsirlərdən getmir. Söhbət ərazisini işğalçılardan təmizləmiş dövlətdən gedir. Əslində, bu gün Gürcüstanın özünün də buna ehtiyacı var. Bu praktika Cənubi Qafqazda nə qədər geniş yayılarsa, bu, Gürcüstana da fayda verə bilər. Ona görə ki, hazırda Gürcüstanın 3 bölgəsi işğal altındadır. Belə ki, 100 il öncə ermənilər Lori bölgəsini (Şəmşədil-müəl.) işğal ediblər. Bundan başqa, Abxaziya və Çxinvali bölgəsi də işğal altındadır. Lakin nədənsə Gürcüstan ictimaiyyəti Lori bölgəsiylə bağlı susur. Onu da bildirim ki, Gürcüstanın bəzi “vətənpərvərləri” işğal altında olan bölgələri buraxıb “David Qareci” kilsəsi (“Keşikçidağ” monastır kompleksi-müəl.) haqqında söhbət edirlər. Bəli, bu kilsə bu gün Azərbaycanın ərazisindədir və bu iki ölkə arasında razılaşdırıla bilən bir məsələdir. Yəni, bu, işğal faktı deyil”.

“Dünyanın heç bir yerində “terrorçular azad olsun”, deyə bir şey yoxdur, terrorçuların azadlığı tələb edilməməlidir”

GAK sədri hesab edir ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra saxlanılan silahlı ermənilər hərbi əsir hesab oluna bilməz: “Bildiyiniz kimi, hərbi əsir müharibə edən ölkələr arasındakı əsgərlərin əsir düşdükdə aldığı statusdur. O da məlumdur ki, ötən ilin noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyi üçtərəfli bəyannamə imzaladı. Bununla da Ermənistan təslimçilik aktına imza atmaqla qoşunlarını Azərbaycan ərazilərindən geri çəkdi. Bundan sonra Azərbaycan ərazilərində əli silahlı ermənilər terrorçu, separatçıdır. Onlar hərbi əsir-filan deyil. Beynəlxal qanunlarda da bununla bağlı konkret müddəalar mövcuddur. Eyni zamanda, terrorizmə qarşı mübarizənin necə olmasına dair qanunlar da var. Dünyanın heç bir yerində “terrorçular azad olsun”, deyə bir şey yoxdur. Ümumiyyətlə, belə bir yanaşma olmamalı, yəni terrorçuların azadlığı tələb edilməməlidir. Odur ki, Avropa Şurası Parlament Assambleyasının bu məsələni müzakirəyə çıxarması kökündən səhvdir. Bizim gürcü deputatlar isə həmin səhvi davam etdiriblər. Mən bir daha onları qınayır və “ar olsun” deyirəm, gürcüstanlı olduğum üçün onların yerinə utanıram. Bizim milli dövlətimiz olan Azərbaycandan bütün Gürcüstan adına üzr istəyirəm. Yəqin ki, bu, gürcü xalqının fikri deyil. İnanıram ki, gürcü xalqı həmin şəxsləri mütləq cəzalandıracaq və bu, gələcək nəsil üçün dərs olacaq ki, Azərbaycanla Gürcüstan arasına nifaq salmaq olmaz”.

“Gürcüstanın Azərbaycana qarşı bu cür davranışı heç şübhəsiz ki, bəzi erməni himayəçisi olan Qərb dövlətləri tərəfindən stimullaşdırılan hərəkətdir”

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa isə bu qənaətdədir ki, Gürcüstanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətinin üzvləri tam tərkibdə sözdə “erməni əsirlərinin qaytarılması” formatında erməni deputatları tərəfindən təqdim olunan qətnamə layihəsinə səs verməklə birbaşa rəsmi Gürcüstanın mövqeyinin ifadə ediblər: “Burada məsələyə sadəcə bir qrup deputatın fərdi mövqeyi kimi yanaşmaq doğru sayılmaz. Buna bir həftə öncə Gürcüstan prezidentinin erməni qəlbdaşının imzaladığı sənədin altında çəkdiyi Ağrı Dağının rəsmini fəxrlə mediada paylaşması kimi səviyyəsiz davranışının davamı olaraq baxmaq lazımdır. Adam özünü anlamaz yerinə qoyub, qosqoca Türkiyəyə qarşı ermənilərin ərazi iddialarını dəstəklədiyini nümayiş etdirməkdən çəkinməmişdir. Gürcüstanın Azərbaycana qarşı bu cür davranışı heç şübhəsiz ki, bəzi erməni himayəçisi olan Qərb dövlətləri tərəfindən stimullaşdırılan hərəkətdir və dərindən təhlil edərsək, heç bu davranışın həmin dövlətin öz maraqlarına da uyğun gəlmədiyini görərik. Çünki Gürcüstanın illərdir həyat yolu kimi baxdığı Türkiyə və Azərbaycan kimi dövlətlərin dəstəyini itirməyin hansı nəticələr doğuracağını ayrıca izah etməyə zərurət yoxdur”.

“Beynəlxalq platformada Gürcüstanın “işğal olunmuş əraziləri” ifadələrini görməzdən gəlməliyik və bu ifadəni işlətməkdən çəkinməliyik”

“Gürcüstanın xəyanətinə qarşı nədən başlamalıyıq” sualını cavablandıran millət vəkili bildirdi ki, Türkiyə ilə birlikdə beynəlxalq platformada Gürcüstana qarşı Rusiyanın mövqelərini açıqca dəstəkləməliyik: “Beynəlxalq platformada Gürcüstanın “işğal olunmuş əraziləri” ifadələrini görməzdən gəlməliyik və bu ifadəni işlətməkdən çəkinməliyik. İqtisadi sahədə Gürcüstana qarşı Türkiyə ilə birlikdə müəyyən islahedici addımlar barədə düşünməliyik. Ağrı dağında Türkiyə və Azərbaycan bayraqlarının işıqlandırılmasını bir an öncə gerçəkləşdirməliyik ki, Salome (Gürcüstan prezidenti Salome Zurabişvili nəzərdə tutulur-müəl.) də ermənilər kimi bu möhtəşəm tablonu seyr edib ürək ağrısı ilə paylaşa bilsin. Bir sözlə, rəsmi Gürcüstan xəyanətkar davranış sərgiləyib, Azərbaycana qarşı AŞPA-dakı təmsilçiləri ermənilərlə birlikdə xüsusi canfəşanlıq göstərib, habelə qardaş Türkiyə üçün həssas mövzu olan Ağrı dağı məsələsində sayğısızlıq nümayiş etdirib. Həm də dəfələrlə bu cür davranışlara rəvac verib. Bunun mütləq cavabı olmalıdır. Təbii ki, qonşuluq münasibətlərini pozmadan, beynəlxalq hüquqa zidd davranmadan bunları etməliyik. Biz dəmir yumruğu işğalçı, faşist erməni başına endirərək onları az da olsa, reallığa qaytardıq, indi bu yumruğu uzaqdan da olsa başqa bəd niyyətlilərin də görə biləcəyi məsafədən vaxtaşırı yuxarı qaldırmamız artıq zərurətə çevrilməkdədir. Bizim dəmir yumruğumuz Osmanlı tokatı ilə birlikdə ayrı bir islahedici vasitədir”.

“Hürriyyət”