Gürcüstanda müxalifət birləşdi, baş nazir istefa verdi

411

Hurriyyet.org xəbər verir ki, Gürcüstanın baş naziri Georgi Qaxariya bu gün keçirdiyi brifinqdə istefa verəcəyini bildirib. Siyasətçi ölkədəki siyasi böhran fonunda belə qərar qəbul elədiyini bildirib: “Mən tutduğum vəzifəni tərk eləməyi qərara almışam. Şübhəsiz, inanıram və inanmaq istəyirəm ki, bu addım ölkəmizdə qütbləşmənin azalmasına səbəb olacaqdır. Mənim fikrimcə, bizim aramızdakı ziddiyyət və qütbləşmə – ölkəmizin gələcəyi, iqtisadi inkişafı və istənilən böhran üçün ən böyük riskdir”.

Hökumət başçısı bildirib ki, istefanın əsas səbəblərindən biri  müxalifətdə olan “Vahid hərəkat partiyası”nın lideri Niki Meliyanın məhkəmənin qərarına tabe olmadığı üçün hakim “Gürcü arzusu” partiyası ilə fikir ayrılığının meydana çıxmasıdır.

Xatırladaq ki, Tbilisi şəhər mərkəməsi ölkənin ana müxalifət partiyası olan “Vahid milli hərəkat”ın lideri Niki Meliyanın 2019-cu ilin 20 iyun aksiyalarında baş vermiş hadisələrin araşdırılması çərçivəsində tutulub saxlanılması qərarını verib.  Lakin siyasətçi öz tərəfdarları ilə birlikdə “Vahid milli hərəkat” partiyasının qərargahına çəkilərək qapıları bağladığı üçün polis qərarı icra edə bilməyib.

Bundan başqa, məhkəmənin iclasından dərhal sonra gürcü müxalifəti birləşmək və milli hərəkata başlamaq qərarını elan edib. Bu gün səhərin erkən saatlarında 20 partiyanın imzaladığı birgə bəyanat elan edilib. Bəyanatda təşkilatlar “Cənab Meliya və “Vahid milli hərəkat” partiyasının “Gürcü arzusu” hərəkatına və total avtoritarizmə müqavimət göstərmək cəhdi ilə dinc həmrəylikdə olduqlarını bildirir və onun həbs edilməsi qərarının dəyişdirilməsini tələb edirlər”.

Bu gün səhər binaya Gürcüstan DİN-in nümayəndələri yaxınlaşaraq məhkəmənin müxalifət lideri ilə bağlı qərarını yerinə yetirmək istəsələr də, axşamdan növbətçilik edən fəallar onları içəri buraxmayıblar.