“Gürcüstan Qərbə inteqrasiya xəttini davam etdirəcək”

294

Taliyət Əliyev: “Bundan sonra Cənubi Qafqazda gedən proseslər ABŞ və Rusiya arasındakı mübarizədən çox asılı olacaq”

“…Bu, təkcə Gürcüstanda deyil, Azərbaycanda da özünü göstərəcək”

“Gürcüstandan fərqli olaraq Azərbaycanda məmurlar kreslolarına gəlir mənbəyi kimi baxırlar”

“Azərbaycanda məmurların təyin edilməsi şəxsi sədaqət və qohumbazlıq prinsipiylə həyata keçirilir. Məmurlar da kreslolarına gəlir mənbəyi kimi baxır və vəzifələrində olarkən rüşvətlə məşğul olmağa başlayır. Nəticədə xalqın qanını sovurmağa davam edir. Son bir il ərzində Azərbaycanda həbs edilən rayon icra başçılarının mülklərə və maddi resurslara malik olduğunun şahidi olduq. Çünki onlar rüşvətxor məmurlardır və kreslolarına gəlir mənbəyi kimi baxırlar”

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Gürcüstan hökuməti tam tərkibdə istefa verdi. Bu, baş nazir Giorgi Qaxarianın istefasından sonra baş verdi. Hansı ki, hökumət tam tərkibdə istefa verməklə yanaşı, növbəti baş nazir müəyyən edilənədək səlahiyyətlərini davam etdirəcək. Qanunvericiliyə əsasən, ölkə parlamenti 2 həftə ərzində yeni baş nazirə və hökumətin tərkibinə etimad göstərməlidir. Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvilinin baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb.

Qaxaria istefasının səbəbini müxalif “Vahid Milli Hərəkat” Partiyasının sədri Nika Melianın həbsi ilə əlaqələndirdi. O qeyd etdi ki, N. Melianın həbsi məsələsində komandası ilə razılığa gələ bilməyib və istefa vermək barədə qərar qəbul edib: “Mən öz vəzifəmdən istefa vermək barədə qərar qəbul etmişəm. Əlbəttə, inanıram ki, bu addım ölkəmizdə siyasi sahədə qütbləşməni azaldacaq. Əminəm ki, qütbləşmə və aramızdakı qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və hər növ böhranla mübarizə istiqamətində ən böyük riskdir”.

Maraqlıdır ki, Gürcüstanda hökümətin tam tərkibdə istefası daxili və xarici basqılardan qaynaqlanır, yoxsa Qaxaria səmimi olaraq demokratik mühitin qorunmasına çalışır?

ADP sədrinin müavini Taliyət Əliyev “Hürriyyət”ə müsahibəsində bildirdi ki, Cənubi Qafqazda gedən proseslər ABŞ və Rusiya arasındakı mübarizədən çox asılı olacaq: “Gürcüstanda bir qanad Qərbə inteqrasiyanın tərəfindədir. “Qızılgül” inqilabından sonra tamamilə Avropaya inteqrasiya xətti tutulub. Bu istiqamətdə də kifayət qədər yol qət edilib. Hazırda Avropa Birliyi ilə Şərq Tərəfdaşığı Proqramı üzrə çox ciddi inteqrasiya içərisindədir, danışıqlar davam etdirilir. Gürcüstan və Ukrayna Avropa Birliyinin qoyduğu öhdəlikləri üzərinə götürdüklərinə görə, vizasız gediş-gəlişləri var. Hazırda Gürcüstan NATO ilə çox ciddi əməkdaşlıq aparır. Bu təşkilatla ciddi layihələr həyata keçirilir. Bu, o deməkdir ki, Gürcüstan NATO-nun da üzvü olmağa can atır.

Digər tərəfdən isə, Cənubi Qafqazda Rusiyanın ciddi təsir imkanları var. Rusiya Gürcüstanı Avropaya inteqrasiyadan çəkindirməkdən ötrü yaxın keçmişdə bu ölkədə baş verən proseslərin şahidiyik. Demək olar ki, Cənubi Abxeziya və Osetiya Gürcüstandan tamamilə qopardılıb. Gürcüstan höküməti isə bununla barışmaq istəmir.

Əslində, Qərblə Rusiyanın savaşının getdiyini deyə bilərik. Hansı tərəfin qalib gələcəyini də zaman göstərəcək. Gürcü xalqı azadlığı dadıb. Ola bilər ki, hakimiyyətdə olan ruspərəst qüvvələr Gürcüstanı yolundan döndərməyə çalışsın. Amma inanmıram ki, gürcü xalqı bununla razılaşsın. Yenə də Gürcüstan Qərbə inteqrasiya xətti istiqamətindəki fəaliyyətini davam etdirəcək.

Bilirsiniz ki, Bayden hakimiyyəti Rusiyaya qarşı ciddi təzyiqlər siyasəti aparır. Hətta bu təzyiq toqquşma həddinə qədər yüksəlib. Bir neçə gün əvvəl NATO-nun baş katibi açıqlama verib ki, əgər Rusiya döyüşmək istəyirsə, biz hazırıq. Bundan sonra Cənubi Qafqazda gedən proseslər ABŞ və Rusiya arasında gedən mübarizədən çox aslı olacaq. Bu faktorlar çox ciddidir.

Bu, təkcə Gürcüstanda deyil, Azərbaycanda da özünü göstərəcək. Qərb və Avropa çalışır ki, Rusiyanı Cənubi Qafqazdan ümumiyyətlə sıxışdırıb çıxartsın. Sözsüz ki, Rusiya da həmiş olduğu kimi buna dirəniş göstərir. Hesab edirəm ki, Gürcüstandakı hakimiyyətin dəyişməsi də məhz bu iki qüvvə arasında gedən mübarizənin nəticəsidir. Yəqin ki, yaxın gələcəkdə baş verənlərin şahidi olacağıq”.

Taliyət Əliyev deyir ki, Azərbaycan hakimiyyəti də xalqın iradəsiylə formalaşmayıb. Sədr müavini Azərbaycanda dövlət məmurlarının əksəriyyətinin şəxsi maraqlarını güddüyünü vurğuladı: “Etiraf edək ki, əsrin əvvəllərində də Gürcüstan ilk dəfə müstəqilliyini elan edib. Onlarda bu proses bizdən daha yumşaq gedib. “Qızılgül” inqilabı baş verən mərhələdə Şevardnadze istefa verib. Daha sonra Saakaşvili hakimiyyətə gəlib. Həmin vaxtı Şevardnadzeyə sual verilmişdi ki, niyə istefa verdiniz? Cavab vermişdi ki, mən istefa verməyəcəyim təqdirdə qan töküləcək, tökülən qan da gürcü xalqının qanı olacaq.

Görünür, insanlarda siyasi şüur səviyyəsi xeyli səviyyədə inkişaf edib. Bunu etiraf etməliyik. Yəni gürcü xalqında və siyasətçilərində kifayət qədər siyasi mədəniyyət formalaşıb. Son illər Gürcüstanda bunu dəfələrlə görmüşük. Sadəcə, siyasi etika naminə bu edilir. Lakin Azərbaycanda bunun şahidi olmuruq. Çünki Azərbaycanda hakimiyyət xalqın iradəsiylə formalaşmayıb. Müxtəlif zamanlarda seçkilər saxtalaşdırılıb. Azərbaycanda məmurlar xalqın qarşısındakı xidmətlərinə görə deyil, müəyyən şəxslərin qarşısında göstərdikləri xidmətlərə görə vəzifəyə təyin olunub. Bu baxımdan, onlar həmin şəxslər qarşısında hesabatlıdırlar. Yalnız həmin şəxslərin diqtəsiylə istefa verə bilərlər. Yaxud da onlar vəzifələrindən uzaqlaşdırıla bilər.

Baxmayaraq ki, Gürcüstanda Rusiya faktoru öz təsirini göstərir, amma gürcü hakimiyyətində kifayət qədər siyasi mədəniyyətə və şüura malik olan şəxslər var. Onların böyük əksəriyyəti də xalqın iradəsiylə həmin vəzifələrə irəli çəkiliblər. Vaxtı gələndə onlar da xalqın maraqları naminə asanlıqla vəzifələrindən gedə bilir. Sözsüz ki, Azərbaycanda bunu görmürük. Azərbaycanda olan dövlət məmurlarının əksəriyyəti öz şəxsi maraqlarını güdür. Yəni onlar üçün dövlət və xalq maraqları bəlkə də ən axırıncı yerlərdə dayanıb. Bu baxımdan, Azərbaycanda siyasi mədəniyyət formalaşmalıdır. Kadr siyasəti düzgün təşkil olunsa, yalnız qohumluq prinsipi və şəxsi sədaqət prinsipi olmasa, Azərbaycanda da bu tipli istefaların şahidi ola bilərik”.

Sədr müavini onu da dedi ki, son bir il ərzində Azərbaycanda həbs edilən rayon icra başçılarını nümunə gətirsək, onların vəzifələrinə gəlir mənbəyi kimi baxdığı aydın olur: “Azərbaycanda məmurların təyin edilməsi şəxsi sədaqət və qohumbazlıq prinsipiylə həyata keçirilir. Məmurlar da kreslolarına gəlir mənbəyi kimi baxır və vəzifələrində olarkən rüşvətlə məşğul olmağa başlayır. Nəticədə xalqın qanını sormağa davam edir. Son bir il ərzində Azərbaycanda həbs edilən rayon icra başçılarının mülklərə və maddi resurslara malik olduğunun şahidi olduq. Çünki onlar rüşvətxor məmurlardır və kreslolarına gəlir mənbəyi kimi baxırlar. Ona görə də məmurlar rahat şəkildə kreslolarından əl çəkmək istəmir. Bu yaxında ölkə başçısının yüksək vəzifəli məmurlarla bağlı çıxışı oldu. Adları çəkilən məmurlardan biri özündə siyasi mədəniyyət nümayiş etdirib, vəzifəsindən istefa verdimi? Təbii ki, vermədi. Hansısa sivil və demokratik prinsiplərlə idarə olunan dövlətdə olsaydı, həmin məmur vəzifəsindən istefa verərdi. Ən azından, bu, siyasi etikadır. Təəssüf ki, Azərbaycanda bunun şahidi olmuruq”.

YƏHYA