“Gürcüstan Qərbə inteqrasiya xətti istiqamətindəki fəaliyyətini davam etdirəcək” – TALİYƏT ƏLİYEV

600

Gürcüstan hökuməti tam tərkibdə istefa verib. Baş nazir Giorgi Qaxarianın istefası ilə əlaqədar olaraq hökumət tam tərkibdə istefa verib, bununla yanaşı, hökumət növbəti Baş nazir müəyyən edilənədək səlahiyyətlərini davam etdirəcək. Qanunvericiliyə əsasən ölkə parlamenti 2 həftə ərzində yeni Baş nazirə və hökumətin tərkibinə etimad göstərməlidir.

Qaxaria istefasının səbəbini müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbsi ilə əlaqələndirib. G. Qaxaria qeyd edib ki, N. Melianın həbsi məsələsində komandası ilə razılığa gələ bilməyib və istefa vermək barədə qərar qəbul edib: “Mən öz vəzifəmdən istefa vermək barədə qərar qəbul etmişəm. Əlbəttə, inanıram ki, bu addım ölkəmizdə siyasi sahədə qütbləşməni azaldacaq. Əminəm ki, qütbləşmə və aramızdakı qarşıdurma ölkəmizin gələcəyi, iqtisadi inkişafı və hər növ böhranla mübarizə istiqamətində ən böyük riskdir”.

Maraqlıdır ki, Gürcüstanda hökümətin tam tərkibdə istefası, hökümətə olan basqılardan qaynaqlanır yoxsa Qaxaria səmimi olaraq demokratik mühitin qorunmasına çalışır?

ADP sədrinin müavini Taliyət Əliyev Hurriyyet.org-a müsahibəsində deyib ki, Cənubi Qafqazda gedən proseslər ABŞ və Rusiya arasında gedən mübarizədən çox aslı olacaq:

“Gürcüstanda bir qanad Qərbə inteqrasiyanın tərəfindədir. “Qızılgül” inqilabından sonra tamamilə Avropaya inteqrasiya xətti tutulub. Bu istiqamətdə də kifayət qədər yol qət edilib. Hazırda Avropa Birliyi ilə Şərq tərəfdaşığı proqramı üzrə çox ciddi inteqrasiya içərisindədir. Danışıqlar davam etdirilir. Gürcüstan və Ukrayna Avropa Birliyinin qoyduğu öhdəlikləri üzərinə götürdüklərinə görə vizasız gediş-gəlişləri var. Hazırda Gürcüstan NATO ilə çox ciddi əməkdaşlıq aparır. Bu təşkilatla ciddi layihələr həyata keçirilir. Bu o deməkdir ki, Gürcüstan NATO-nun da üzvü olmağa can atır. Digər tərəfdən isə, Cənubi Qafqazda Rusiyanın ciddi təsir imkanları var. Rusiya Gürcüstanı Avropaya inteqrasiyadan çəkindirməkdən ötrü, yaxın keçmişdə Gürcüstanda baş verən proseslərin şahidiyik. Demək olar ki, Cənubi Abxeziya və Osetiya Gürcüstandan tamamilə qopardılıb. Bununla da Gürcüstan höküməti barışmaq istəmir. Əslində, Qərblə Rusiyanın savaşının getdiyini deyə bilərik. Hansı tərəfin qalib gələcəyini də zaman göstərəcək. Gürcü xalqı azadlığı dadıb. Ola bilər ki, hakimiyyətdə ruspərəst qüvvələr Gürcüstanı yolundan döndərməyə çalışsın. Amma, inanmıram ki, gürcü xalqı bununla razılaşsın. Yenə də Gürcüstan Qərbə inteqrasiya xətti istiqamətindəki fəaliyyətini davam etdirəcək. Bilirsiniz ki, Bayden hakimiyyəti Rusiyaya qarşı ciddi təzyiqlər siyasəti aparır. Hətta bu təzyiq toqquşma həddinə qədər yüksəlib. Bir neçə gün əvvəl NATO-nun baş katibi açıqlama verib ki, əgər Rusiya döyüşmək istəyirsə biz hazırıq. Bundan sonra Cənubi Qafqazda gedən proseslər ABŞ və Rusiya arasında gedən mübarizədən çox aslı olacaq. Bu faktorlar çox ciddidir. Bu təkcə Gürcüstanda deyil, Azərbaycanda da özünü göstərəcək. Qərb və Avropa çalışır ki, Rusiyanı Cənubi Qafqazdan ümumiyyətlə sıxışdırıb çıxartsın. Sözsüz ki, Rusiya da həmiş olduğu kimi buna dirəniş görsədir. Hesab edirəm ki, Gürcüstandakı hakimiyyətin dəyişməsi də məhz bu iki qüvvə arasında gedən mübarizənin nəticəsidir. Yəgin ki, yaxın gələcəkdə baş verənlərin şahidi olacayıq”.

YƏHYA