Gürcüstan Azərbaycan və Türkiyəyə qarşı səlib yürüşünün iştirakçısı…

108

Əslində Gürcüstanı Saakaşvilinin dövründə itiləyib Rusiyanın qarşısına göndərən, sonra isə “rus şilləsi”nin qarşısında dayana bilməyən, Tiflisi tankların qarşısında tək qoyan güclər indi də Azərbaycana qarşı Ermənistana simpatiya bəsləməyə  meylləndirirlər. Hətta 2008-ci ildə Tiflisin yanında duran tək ölkənin Azərbaycan, dövlət başçıları qismində isə tək liderin İlham Əliyev olduğunu unutdular. Bizə belə düşünməyə 2-ci Qarabağ müharibəsi dönəmində Gürcüstanın Rusiyadan Ermənistana göndərilən silah trafikini dayandırması, Ağ evin müvəqqəti sahibi dəyişdikdən və Qarabağ məsələsi Türkiyənin ortaya qoyduğu mövqenin, hərtərəfli köməyin sayəsində həll olunduqdan sonra Tiflisin siyasətinin məşhur deyimdə söyləndiyi tək “ingilis bayrağı” kimi əsmə vərdişi ilə əks istiqamətə döndərməsi əsas verir. Azərbaycan-Türkiyə münasibətlərinin sistematik şəkildə yüksəliş və inteqrasiyası iki dövlətin hərtərəfli iqtisadi-siyasi-hərbi müstəvidə birləşməyə doğru getdiyinin bariz göstəricisidir. Bunu görmək üçün siyasət dahisi olmağa gərək yoxdur. Yəni Azərbaycana qarşı olmaq elə Türkiyəyə qarşı olmaq anlamına gəlir. Azacıq diqqətli olmaq bu yöndə gedən proseslərin fərqində olmağa kömək edir. İlk öncə Gürcüstanın Qərbin forpostu olmaq yolunda irəlilədiyini açıq ortaya qoydu. Fikrimizcə, Gürcüstanın hardan hara, necə və kimin sayəsində  gəldiyinə xatırlatma etməyə, yaddaş təzələməyə ehtiyac var. Söhbət əlbəttə dövləti yönəldənlərdən gedir, xalqdan yox.

Gürcüstanın Azərbaycana qarşı qərəzli qısqanclığı, Bakıya qarşı İrəvanın yanında durması yaxud İrəvanı yanına çəkməsi yeni hal deyil. İlk öncə “Rəqəmsal İpəkyolu” layihəsinin baş tutmaması üçün Gürcüstanın əməlli-başlı qollarını çirmələyib işə girişməsindən danışaq. Söhbət bir il əvvəl Azərbaycanın “Neqsol Holding” şirkətinin Qara dənizin dibi ilə gedən fiberoptik kabelin operatoru “Caucasus Online” şirkətinin səhmələrinin 49%-ni almasından, amma baş nazirə yaradılan maneədən gedir.  M.Baxtadzenin xələfi Q.Qaxariyanın onu əvəzləməsindən sonra problemlər, anlaşılmazlıqlar ortaya çıxdı və razılaşma baş tutmadı. Gürcüstan İran-Qətər-Ermənistanı birləşdirən başqa layihəyə qoşularaq Azərbaycanın təklif etdiyi layihəni blokladı.

2021-ci il aprelin 19-da Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyan həm Azərbaycanın, həm də Ermənistanın bu ölkədəki səfirləri ilə ayrılıqda görüşdü. Mətbuatdakı açıqlamada göstərildi ki, Laşa Darsaliya Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib: “Görüşdə bölgədəki vəziyyətə xüsusi diqqət ayırılıb, regionda sülh və sabitliyin önəmi vurğulanıb. Qeyd olunub ki, yeni reallıqları nəzərə almaqla region ölkələri sıx iş aparmalıdırlar”. Eyni cümlələr Laşa Darsaliyanın Ermənistanın Gürcüstandakı səfiri Ruben Sadoyanla görüşündən sonra da yayınlanıb: “Görüşdə ölkələr arasında əməkdaşlıq və bölgədəki vəziyyət ətrafında fikir mübadiləsi aparılıb”. Tiflis özünün Azərbaycan-Ermənistan arasında vasitəçilik cəhdlərində nə qədər səmimi idi? Ümumiyyətlə bizimlə və Ermənistanla, yaxud ermənilərin ərazi iddialarını, bizim isə ərazi iddiasında olmadığımızı, bu ölkəyə qazandırdıqlarımız-həm siyasi, həm iqtisadi mənada- müqayisədə sərgilənən münasibət nə qədər etikdir?

Bir neçə gün əvvəl isə Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisdə erməni həmkarı Armen Sarkisyanla görüşmüşdü və erməni həmkarıyla birgə bəyanatla çıxış edərkən bunu demişdi: “Regiondakı istənilən münaqişə bütün bölgəyə təsir edir, buna görə də Qafqazın inkişafı üçün sülh və əməkdaşlığın alternativi yoxdur”. Salome Zurabişvili Azərbaycan və Ermənistan arasında vasitəçi ola biləcəyinə bu cümləylə işarə etmişdi: “Biz dialoq üçün platforma təklif etdik və bu təklifimiz qüvvədə qalmaqda davam edir”.

Gürcüstan Türkiyənin Qarabağ müharibəsi bitdikdən sonra 10 dekabr 2021-ci il tarixində Qələbə paradına Bakıya səfəri zamanı təklif etdiyi “Altılıq formatında iqtisadi əməkdaşlıq bloku”na Rusiyanın iştirakını əsas gətirərək qoşulmayacağını bəlli etdi. Türkiyənin 3+3 formatı təklif etməsinə baxmayaraq Tiflis yenə də bu təklifdən yan keçdi.

Salome Zurabişvilinin Armen Sarkisyanla görüşündə isə Ermənistan prezidenti gürcü həmkarının fəxri qonaqlar kitabına ürək sözlərini yazdıqdan sonra Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkdi, Salome Zurabişvili isə bunu sükutla qarşılayaraq sosial şəbəkədə də paylaşdı. Zurabişvili Gürcüstan prezidenti olsa da, sanki  siyasəti küləyini Fransadan əsdirən nümunədir.

Həmçinin, aprelin 19-da türk mediasında Azərbaycandan Naxçıvana yol infrastrukturunun tikintisinə başlanılması haqda xəbər verildi. Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismayiloğlu 19 aprel tarixində bu barədə açıqlama verdi. Gürcü aktivist Nikolay Levşits isə teleqram kanalında “Türkiyə və Azərbaycan iki ölkə arasında birbaşa dəmir yolu inşasına başladılar, amma Gürcüstandan yox” başlıqlı yazı paylaşdı. Teleqram kanalnda gedən müzakirələrdən gürcülərin narahat  narahat olduqları göründü.

Qayıdaq xəbərə. Qaraismailoğlu qəzetə verdiyi müsahibədə əvvəllər Azərbaycan hökumətinin baş nazirinin müavini ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında əlaqəsini təmin etmək üçün planlanan tikinti işləri məsələsini müzakirə etdiyini bildirdi. Türkiyəli nazirin sözlərinə görə, eyni zamanda, Qarsdan Naxçıvanla sərhəddə Dilucu keçid məntəqəsinə qədər dəmir yolunun inşasına başlamaq lazımdır. Bunun üçün Karaismailoğlunun qeyd etdiyi kimi, Naxçıvan Muxtar Respublikasında dəmir yollarını modernləşdirmək və Azərbaycandan Naxçıvana birbaşa dəmir yolunun tikintisinə başlamaq, “beləliklə, Türkiyə ilə Azərbaycan arasında dəmir yolu əlaqəsini Gürcüstandan deyil, birbaşa təmin etmək lazımdır”. Burada bir haşiyə çıxaraq deyək ki, bu xəbərin eadaily.com saytında dərc olunan variantında Türkiyəli nazirin qeyri-səmimi olduğu və bu dəmir yollarının mütləq Ermənistan ərazisindən keçməli olduğu, Ermənistanın dəmir yollarının isə Rusiya Dəmir Yolları şirkətinin ixtiyarına verilməsi səbəbindən Azərbaycan ilə Türkiyə arasında dəmiryolu əlaqəsini “birbaşa” təmin edilməsinin alınmayacağı barədə şəhr verilir. Bu marşrutun təhlükəsizliyinin isə Rusiya sərhəd və xüsusi xidmət orqanları tərəfindən də təmin ediləcəyi bildirilir. Qərəz və həsədin gücündən Türkiyəli nazirə qeyri-səmimi yarlığını yapışdırmadan münasibət bildirmək iqtidarında deyillər.

Məlumdur ki, İpək Yolu layihəsinin Azərbaycanla Türkiyəni birləşdirən kommunikasiya marşrut xətti hazırda Ermənistan ərazisi olan Zəngəzur üzərindən açılmağa çalışılır. Bu taktika alınarsa iqtisadi zəmində bundan Gürcüstanın qazancı olmayacaq. Ümumiyyətlə, Ermənistan Azərbaycan-Türkiyə işbirliyinə qoşularsa, Gürcüstan ərazisindən keçən marşrut xəttlərinə gərək qalmayacaq. Düşünə bilərik ki, ermənilərə inam və etibar yoxdur. Sözsüz ki, belədir. Amma dövlət olaraq Gürcüstan fərqlidirmi? İllərdir ki, Tiflis Azərbaycan-Ermənistan gərginliyindən öz məqsədləri üçün istifadə edərək iqtisadi güc toplayaraq ayağa qalxdı. İndi Tiflisin siyasətini dəyişəcəyini və Ermənistanla Azərbaycanı barışdırmaq üçün var gücüylə çalışacağı qeyri-realdır. Güman ki, Azərbaycanın da 2-ci Qarabağ müharibəsini qazanmasını səmimi olaraq istəməyib. Hətta indi də, bundan sonra da Ermənistanın Azərbaycanla yaxınlaşmaması üçün gərəkəni edərlər.

ardı var…

Ülviyyə Şükürova