Günümüz-güzəranımız

105

Axın şərəri etməz əsər kimsəyə Hop-hop

Bu od sənin ancaq  alışan canın üçündür.

 

İnternetdə Mirzə Ələkbər Sabirin portreti var. Şəkildən bizə dərsliklərdəki Sabir deyil – kök, məmnun bir sima yox, ordları batmış, gözlərində zərrə qədər də həyat eşqi olmayan bir insan baxır. Bəli, şair ağır xəstə olub, bu, aydındır. Amma axı, xəstəlik öz-özünə yaranmır. Vərəm mənəvi iztirablar, maddi ehtiyaclar, keyfiyyətsiz qidalanmağın nəticəsidir. Keçmişdə də, indi də. Bəs necə olur xalqı üçün pərvanə kimi yanan qüdrətli, qadir bir şair, söz ustası hamının gözü qabağında şam kimi əriyib getsin? Axı o dövrdə Bakıda nə qədər milyonçular olub, yəqin ki, yüzlərlə. Bəs yarım-milyonçular? Heç şübhəsiz ki, minlərlə. Bakı evlərində olan var-dövlət, ləl-cəvahirat, qızıl və başqa sərvətlər o vaxt bəlkə də dünyanın heç bir şəhərində olmayıb. Hardasa oxumuşam ki, sonrakı illərdə Stepan Şaumyan və Levon Mirzoyan Azərbaycana rəhbərlik edəndə Bakıdakı azərbaycanlıların evlərindən az qala tonlarla qızıl və daş-qaş sərvətləri yığıb Matendarana, Eçmiədzinə və başqa erməni şəhərlərinə göndəriblər. Sabir isə acından vərəm olub və 49 yaşında dünyadan köçüb.

A kişilər, axı sözün düzünü deyərlər. A balam, axı bu xalq millət deyil də! Zorla millət düzəltmək mümkünmü? Dünən internetdə Roman Tsıpin adlı ağıllı, qeyrətli bir yəhudi jurnalisti çıxış edirdi, bilmirəm qulaq asan oldu, ya yox. Çətin ki. Bu adam illərdən bəridir Youtube-da öz kəskin dili, zəngin erudisiyası, iti ağlı ilə Azərbaycanın haqq işini müdafiə edib, erməniləri və eləcə də başqalarını alt-üst edirdi. Neçə dəfə qulaq asmışam. Yəhudi üçün hər yanda yaşamaq asandır. Və hər kimi də istəsə hansı xalqı xoşlasa, haqlı bilsə müdafiə etməyə gücü çatar. Bu adam qeyd etdiyimiz kimi neçə ildir ən zorba erməni professorları ilə döş-döşə gəlib, hamsını məğlub və rüsvay edir. İndi budur, dünəndən artıq öz işini dəyişir, yəni gedib başqa işlərlə məşğul olmağa başlayır. Çünki verilişləri təşkil eləmək, kanalı işlətmək aydındır ki, pul tələb edir, məbləğ tələb edir. Azərbaycanlıların isə pulunu istəyəndə elə bil canını alırsan. Lap açığını deyim, arvadını qızını istə, pul istəmə. Ona görə mümkün deyil, bu xalqın ziyalılarını, pullularını, varlılarını, şöhrətlilərini hansı obrazlı ifadə ilə xarakterizə edim, bilmirəm. Sürü min il də qalsa, milyon il də qalsa yenə sürü olub qalacaq. Hətta guya bu xalqın zəkası idi, Amerikada Lütfi Zadə müsahibələrində dönə-dönə demişdi ki, mənim hansı bir millətə məxsus olmağımın elə bir əhəmiyyəti yoxdur. Qənimət Zahid adlı birisi illərdən bəridir Azərbaycandakı haqq və həqiqətləri az-çox dərəcədə yayır. Çünki vaxtı ilə “Azadlıq” qəzetinin redaktoru olub. Amma bilirsizmi, bu adam nə qədər riyakar və paxıl məxluqdur?  Bu hələ qeyd etdiyimiz kimi həqiqətpərəst jurnalist və qələm sahibidir. İndi gör başqaları, Azərbaycanda yaşayan xalq yazıçıları, xalq şairləri nə qədər müzürr məxluqlardır. Bu hələ xalqın qabaqda gedənləridir, indi gör 99 %-i, sürü əhli əlinə imkan düşsə nə oyunlardan  çıxar.

Bəli, Sabirin tunc heykəli ucalır, eləcə də infarktdan 35 yaşında ölən Cəfər Cabbarlının da. Lakin bu heykəllərin nə faydası? Bu heykəllərin görənlərin, yanlarından keçənlərin mində birinə də zərrə qədər dəxli varmı? Qətiyyən yox! Nəinki adi günlərdə, hətta onların doğulduğu günlərdə də bir dənə gül qoyan olubmu və ya olurmu? Ölkədə Ramiz Mehdiyev və Əli Həsənov kimi nə qədər milyonçularımız var. Hələ üstəlik bu gün də yüksək kreslolarda oturublar. Çünki kimə xidmət etmək lazım olduğunu yaxşı bilirlər. Başqa nazirliklərdə kimlər oturmuşdu? Hər hansı bir taxtadan yonulmuş heykəl Elmar Məmmədyarovdan qat-qat canlı, qat-qat zəkalı və beyin sahibi olar. Amma bu adam illərlə Azərbaycan Xarici İşlər Naziri olub. O, vəzifəyə göydən düşməmişdi ki, onu kim təyin etmişdi? Ya götürək keçmiş Mədəniyyət və Turizm nazirini. Dünyada mədəniyyətdən, ədəbiyyat və musiqidən bu qədər xəbərsiz və uzaq olan bir adam tapmaq olardımı? Bunun nazir olması səbəbindəndir ki, xüsusən Azərbaycan musiqisi və rəngkarlığı öz bədbəxt və faciəli günlərini yaşayır. Axı bizdə adamlar vəzifəyə bacarıqları, ağılları, səviyyələrinə görə təyin olunmurlar. Əsas bunlar deyil, bunların əksinə olan xüsusiyyətlərdir. Qanmazlıq, savadsızlıq, kütbeyinlik, ləyaqətsizlik yüksək vəzifə üçün ən sərfəli məziyyətlər sayılır. Eləcə də, dövlət mükafatları və prezident təqaüdləri  kimlərə verilir?

Rusiyada iki milyondan çox azərbaycanlı var. Pullu biznesmenlərin də sayı ermənilərdə olduğundan iki dəfə çoxdur. Amma bir yerdə, bir universitetdə, bir telekanalda, bir məktəbdə və ya ayrıca bir yerdə bir dənə elmi, milli, mədəni mərkəz yoxdur. Yoxdur da, ay balam! Bu xalqın beynində bu cür məsələlər yer tutmur. Bu xalqın beyin neyronları ancaq bircə şey bilir, qazanmaq, yığmaq, yemək, içmək vəssəlam. Dünyada yeganə xalqdır ki, milli şüur sıfıra bərabərdir. Sıfır, sıfır və yenə sıfır. Haçansa bu barədə yazmışam. Əlbəttə çox-çox illər qabaq. Bu gün xalq yazıçısı olan hamının tanıdığı həm də yaxşı vəzifə sahibi o vaxt Amerikada səfərdə imiş. ABŞ-da yaşayan bir azərbaycanlı xanım bu tanınmış ziyalının görüşünə gəlib şad xəbər verirmiş kimi ona deyir ki, bəs çox qiymətli bir qədim əlyazma əldə etmişəm. Gətirdim ki, itib-batar birdən, aparın vətənə. Xalq yazıçımız ona nə desə yaxşıdır? Bağışla xanım, apara bilmərəm.

  • Niyə? – deyə xanımı heyrət götürür.
  • Vallah-billah çamadanlarımda yer yoxdur, artıq hamısını doldurub bağlamışam.

O vaxt mən bunu adını unutduğum həmin xanımın “Azadlıq” radiosunda öz dilində eşitmişəm. Xanım az qala ağlayırdı.

Beləsinə, belə ziyalıya, belə xalq yazıçısına harda rast gəlmək olar?

110 il qabaq bədbəxt Sabir yazırdı:

 

   Arizi qəmlər əlindən ürəyim şişmiş idi,

   Zənn edirdim, edəcəkdim ona çarə ciyərim.

   Bəxti-mənsubimə bax, mən bu təmənnada ikən,

   Başladı şişməyə üzü qarə ciyərim.

 

Bəli bu cür xalqın, əsl xalq şairinin ürəyi şişməsin bəs neyləsin?

Bəli, 44 gün ərzində Dağlıq Qarabağın ətraf rayonlarını aldıq, əsgərlərimiz böyük hünər göstərdi, 3 min nəfərə qədər  qurban verdik, gərginlik hələ bitməsə də hər halda gözəl, səfalı bölgələrimizi geri aldıq. Bu yerdə əlbəttə ölkə başçısının ağıl və qətiyyət nümayiş etdirdiyini görməmək ədalətsizlik olardı. Ancaq bununla problemlər bitirmi? Xeyr, bitmir əksinə gündən-günə artıb çoxalır, böyük dövlətlərin bizə olan münasibəti daha da sərtləşir, çünki haqq-ədalət azdır, demokratiya cüzidir və bunlar uğrunda vətən müharibəsi olmalıdır. Ədalətli quruluş, ədalətli hakimiyyət, ədalətli seçkilər – xalqa nüfuz gətirən 6-7 rayonu almaq deyil, bunlardır. Yuxarıdakıların xoşuna kimlər gəlirsə yağ-bal içində üzürlər, kimlər xoşlarına gəlmirsə, kim olurlarsa-olsunlar, aclıq və ehtiyaca məhkum edilirlər.

Bütün ölkələrdə ən yüksəklikdə xalq qərar tutur, onun iradəsi, onun ədalət hissi qərar tutur və dövlət də, hakimiyyət də bu iradənin, bu ədalət hissinin icraçısı olur. Bizdə isə tamamilə əksinə. Xalq dövlətin, hakimiyyətin ağası deyil, köləsidir. Yəni ən alt pillədə. Az qala hakimiyyətin zirvəsində deyil zirzəmisindədir.

 

Əlisa  NİCAT