GÜNDƏLİKLƏR

66

1952 -2020-ci illər

(Əvvəli ötən saylarımızda)

Avropa sivilizasiyası və ümumiyyətlə boş-boşuna fırlanan dünyanın nə mənası vardı? Avropa xalqları içərisində birincilik almanlara, krallıq çələngi onlara və sonra da fransızlara yaraşır. Bu iki dahi xalq öz qüdrətli beyinləri, odlu ürəkləri ilə nələr düşünməyib, nələr yaratmayıblar? Doğrudur, əsrimizin sonlarında onlar da xeyli tükənib. Amma əlbəttə başqaları ilə müqayisədə çox-çox yüksəkdədirlər. Xarakterləri, ədalət hissi, şərəf və ləyaqət bu iki xalqın timsalında saysız-hesabsızdır. Əlbəttə, çexlər də mərkəzi Avropada və seçilən millətdir. Qalanları da elə-belə. Hərçənd ki orta Asiya və ya Yaxın Şərq xalqları ilə müqayisədə onlar da irəlidədir.

                                                        *     *     *

Adamın nə qədər oxumaq, öyərnmək, düşünmək həvəsi olar? Beynim doymaq nə olduğunu bilmir ki, bilmir.

Bu gün, eləcə də 40-cı, 50-ci illərdən sonra da özünü ləkələməyən azərbaycanlı varmı? Elə-belə alayarımçıqlar olub. Amma bütövlükdə Mirzə Fətəli, Üzeyir bəy kimi möhtəşəmlər doğulmur.

                                                                                           16 yanvar 1986

 

Neçə müddətdir ki, söhbət ediləsi, fikir bölüşəsi heç kim yoxdur. O qədər aşağılarda, o qədər uzaqlardadırlar ki, danışsam elə bil Çin dilində danışacağam. Heç nə başa düşməyəcəklər. Beləliklə beynimdəkilər, ürəyimdəkilər ya qələmə alınır, ya da ölüb gedirlər. Gör mən Fransada olsaydım, nələr olardı. Görünür burda doğulmağımın da bir mənası, bir qanunauyğunluğu var. Gecə-gündüz Zibel, Ranke, Tard, Çemberlen (filosof), Sorel, Massar, Treytçke, Kidd və başqa sosioloqları oxuyuram. Nə qədər yeni, orijinal, heyrətaimz fikirlər, düşüncələr, nəzəriyyələr… Moskvaya gedə bilsəm, nə qədər əlçatmaz və Lebon kimi unudulmuş dahilərin kitablarını olmasa da, surətlərini çıxarıb gətirəcəyəm. Düzdür, Avropada da Höte kimi böyük istedad sahibi olub hakimiyyətlərə köləlik edən dahilər də olub. Ancaq belələri çox azdır. Bizdə isə riyakar köləlik səltənətinin ağalarına mədhiyyələr yazmaq üçün hamı bir-biriylə yarışır. Kim daha güclüsünü yaza bilər? Doğrudan da Səməd Vurğun kimi mənfur kommunist partiyasına, Rəsul Rza kimi rəzil Leninə heç yerdə bu qədər ilhamlı mədhiyyələr yazılmayıb.

Bəli, bəzən ağa da qara demək olar. Kiçik, gözədəyməz şəkildə. Amma “böyük xilaskarımız rus xalqına eşq olsun” demək heç tacikin də, türkmənin də, özbəkin də ağlına gəlməyib. Körpə uşaq da bilir ki, Azərbaycanı XI Qırmızı ordu işğal edib, on minlərlə ləyaqətli insanlarımızı harda gəldi güllələyib xəndəklərə töküblər. Sən bu cür hadisəyə, bu cür rəzillik törədənlərı xilaskarımız adlandırasan?!

                                                                                 

                                                                                        20 yanvar 1986 

 

  Mirzə Şəfini (“Gəncəli müdrik”) nəzərə almasaq üç ildir esse və bir neçə hekayədən başqa demək olar ki, heç nə yazmamışam. Yazdıqlarımı da Sabir Əhmədov, Cabir  Novruz, Nəriman Həsənzadə mətbuata yaxın qoymurlar.

 

                                                  *     *      *                                                   

Hey Nizamini vərəqləyirəm, oxuyuram, əhəmiyyətli heç nə tapa bilmirəm. Amma qəzəlləri, “Qocalıq” qəsidəsi və onun əsərlərinə əsasən yaranmış xalq rəvayətləri nə qədər gözəldir. 

 

                                                 *     *      *

 

Səadətin sayəsində keyfi kök, demək olar ki, qayğısız yaşayırıq.

 

                                                   *     *     *

 

Gecələr saat 10-da yuxuya gedib üçdə, dörddə oyanıram. İki saat ləzzətlə fikirləşib düşünüb öz-özümə  danışıram. Üzeyirin mışıl-mışıl yatmasına ləzzətlə qulaq asıram. Olub-keçənləri, olacaqları dönə-dönə götür-qoy edirəm.

 

                                                  *     *    *

 

1913-cü il fransız ensiklopedik lüğətində Lebon, Lyapuj, Burkhard kimi dahi insanların adlarını görməyib adam çaşıb qalır. Elə bil həmin dövrdə orda da hakimiyyətdə rus və yəhudi kommunistlər olub. Əvəzində Jorj Sand və daha aşağı “sağmal inəklərin” portretləri ilə birgə bioqrafiyaları da çap olunub. Belə çıxır ki, dahi doğulmaq dünyanın hər yerində adam üçün bir növ bədbəxtlikdir.

 

                                                  *    *    *

 

Cəfər Cabbarlı görkəmli dramaturq Fridrix Şillerə “dahi”  deyir. Amma düşünmür ki, dostu Höte kimi yalnız 20 yaşına qədər olanlar üçün maraqlıdır. Lebon və Burkhardları tanıyanlar üçünsə Şiller və Hötelər yalnız görkəmli dramaturqlardır.

 

                                                                                       25 yanvar 1986

 

Şuberton “Serenada”sı da çox gözəldir. Elə bil kədər seli, qüssəli dalğalar bir-birinin arxasınca axıb gəlir. Əbəs deyil ki Şopenhauer musiqini insan hisslərinə təsir etməkdə ədəbi əsərlərdən yüksəkdə hesab edir. Doğrudan da, musiqi əsərlərindən illərlə doymaq olmur. Bu sehrli səslər illər boyu hisslərimizi oxşayır və şəxsən mənə nə qədər xoşbəxtlik bəxş edir, Allah bilir. “Gülçöhrənin elegiyası” həyat və xoşbəxtlik çeşməsi sayıla bilər.

                                        *     *       *

 

Gecələr kədər, ümidsizlik, məğlubiyyət dolu yuxularımı nəzərə almasaq, yatmaq ləzzət verir. Peçin və Üzeyirin xorultusu da öz yerində.

 

                                          *    *    *

 

“Zərdüşt” povesti üçün hadisələrin variantlarını axtarıb tapıram.

 

                                         *    *     *

 

Hər ölkədə  üç-dörd nəfəri nəzərə almasaq, insanlar nə qədər ucuz məhsul imiş. Dünyanın ən gözəl təmsillərindən biri də  keçi ilə qoyunun əhvalatıdır. Bir qoyun xəndəkdən atılarkən arxadan gələn keçi qəhqəhə ilə gülüb deyir: – Vay-vay, utanmırsan, ayıb deyil, ölmürsən?

 – Nə olub ki? – deyə qoyun təəccüblə soruşur.

 – Necə nə olub? Sən xəndəkdən tullananda ayıb yerin göründü.

Qoyun başını bulayıb deyir:

 – Əgər bu bir anlıq görüntü ayıbdırsa, axı səninki gecə-gündüz açıqdadır, hamı görür. Necə olur sənə ayıb olmur, amma mənə ayıbdır?

 Doğrudan da, keçinin vəziyyətində olan və bundan zərrə qədər də utanmayan, yerə girməyən nə qədər ziyalılarımız var, ay Allah? Quldurlar partiyasına daxil olurlar ki, vəzifə alsınlar, pul qazansınlar.

 Əgər bazarlıq məsələsi olmasa, on günlərlə, lap aylarla evdən, həyətdən çıxmaram.

 

                                             *   *    *

“Zərdüşt” povestindən sonra yalnız pritça və fəlsəfi dialoqlar yazacağam.

                                             *    *     *

      Əlisa  NİCAT