GÜNDƏLİKLƏR

30

1952 -2020-ci illər

Gündəliklərə burada fasilə verilib. Yəni 18 illik boşluq var. Həm bəzi illər yazılmayıb, çünki  əsas əsərlərim çap olunmadan qalıb. Belə vəziyyətdə gündəlik yazmaq təbii ki, adamın yadına düşmür. Üstəlik mənəvi cəhətdən sıxıntılar, bütün dost və tanışlardan gələn namərdliklər sözsüz ki, gündəlik yazmağa ruhlandırmır. Amma mənə elə gəlir ki, az da olsa yazılıb, amma  yaşadığım evlərin tez-tez əvəzlənməsi zamanı görünür itib-gediblər. Ona görə bu gün 1968-ci ildən 1986-cı ilə keçirik.

Qeyd etməliyəm ki həmin illərdə nəşriyyatlar və Yazıçılar birliyində mənə müharibə elan olunmuşdu. Doğrudur, 1970-ci ildə nəhayət Rəsul Rzanın “hördüyü hasarı”  Mirzə İbrahimovun köməyilə aşa bildim və Yazıçılar İttifaqının üzvü kimi necə deyərlər tarixə düşdüm. Lakin ədəbiyatımız üçün tamamilə yeni olan romanlarımı  kitab kimi heç vəchlə çap olnmurdu. Azərbaycan jurnalında nə  Cəlal Məmmədov, nə İsmayıl Şıxlı, nə də Əkrəm Əylisli  “Qızılbaşlar”ı  çapa layiq bilmədilər. Amma buna baxmayaraq “Nəğməyə dönmüş ömür” romanım  (“Gəncəli müdrik”) 1968-ci ildə  “Azərbaycan” jurnalının 3 nömrəsində çap olunduğuna görə hörmətim bir az artmışdı və həmin ildə də Radio və Televiziya verilişləri komitəsinin  “İncəsənət”  redaksiyasında ədəbi işçi kimi işə götürülmüşdüm. Əlbəttə, (sonralar namərdlik etsə də) Vidadi Paşayevin köməyi ilə. Bundan sonra  mərhum Teymur Əliyevin (Teymur Elçin) köməyi ilə “Elm və həyat” jurnalında işə düzəldim. Demək olar ki, ayda 150 manat alıb firavan yaşayırdıq. Çünki evlənmişdim və 1970-ci illərin ortalarında mərhum İshak İbrahimovun köməyilə İmran Qasımov mənə bir otaqlı mənzil də vermişdi. 1978-ci ilin yanvarında  oğlum Üzeyir də dünyaya gəldi və bununla da bir növ qayğısız və deyərdim ki, xoşbəxt günlərimiz başlandı.

 1980-ci ildə “Nəğməyə dönmüş ömür” romanım  “Yazıçı” nəşriyyatında böyük tirajla çapdan çıxdı. Və hardasa beynimə düşdü ki, daha əsərlərimi çap etditərə bilirəm, ona görə çoxdankı arzumu yerinə yetirib Lənkərana köçüb özümə həyət evi tiaə bilərəm.

 1983-cü ilin mayında Lənkərana köçdük və elə həmin ilin payızında nəhayət 20 ildən sonra  “Qızılbaşlar” romanım da çapdan çıxdı. Və bu roman mənə çox böyük  şöhrət gətirib əldən-ələ gəzdi. Əlbəttə, nə tənqidçilərdən,  nə də Yazıçılar Birliyindən bir kəlmə də səs çıxmadı ki, bu da təbii idi.

Mərd xarakteri və şüurlu xeyirxahlığı ilə seçilən və o zaman Lənkəranın demək olar ki, sahibi olan raykomin I  katibi İsa Məmmədov mənə ev tikmək üçün yer verdi. Və çox təəssüf ki, elə bir il sonra  Bakıda mərkəzi komitədə işləməyə başladı. Onu əvəz edən dılğır bir məxluq – Dilruba  adlı keçmiş müəllimə məni süngü ilə qarşıladı. Əlbəttə, səbəbini bilmədim, amma nə fərqi? Lənkəranda yaşadığım 8 ili işsiz qaldım. Və yalnız  atamın və böyük qardaşım Səadətin yardımı ilə yaşamalı olduq.

 Ev də, həyət də gözəl idi. Atam Qulam və  anam Qızbəs də bizimlə Şağlaküçə kəndində yaşayırdılar.  Həyətdə yaxşı ağaclar əkmişdim. Yavaş-yavaş meyvələrini də yeyirdik.

  Lakin 1980-ci illərin axırlarında, məlum olduğu kimi, keçmiş SSRİ bir-birinə dəydi. Qorbaçovun qəhrəmanlığı, Yeltsinin əzəmətli qətiyyəti sayəsində SSRİ imperiyası yavaş-yavaş dağıldı. Sosializm və kolxoz təsərrüfatları ləğv oldu. İqtisadi vəziyyətlər gərginləşdi. Amma qəzetlər, nəşriyyatlar da azad və müstəqil oldu. Artıq rayonda yaşamağın mümkünsüz olduğunu görüb 1991-ci ilin noyabrında  Bakıya qayıtmağı qərara aldıq. Yaxşı ki, həmin birotaqlı mənzilimiz qalırdı. Həmin illər – yəni 1991-ci ildən 1996-ci ilə kimi həyatımız çox ağır şəraitdə keçirdi. Lakin həmin illər artıq gündəliklərdə öz əksini tapıb. Belə ki, hələ Lənkəranda ikən – yəni 1986-cı ildən yenidən gündəlik yazmağa başladım.

 

                                        *    *    *

 

 Beləliklə, yanvar 1986-cı il, Lənkəran.

 

                                        *    *     *

 

  Bu il kitabdan başqa heç nəyə ümidim yoxdur. Səhərdən-axşamacan evdəyəm.  Arabir yazmağa başladığım  “Zərdüşt” povestinə bir-iki cümlə əlavə edirəm.

 Həyəti gəzir, toyuq-cücəyə dən verir, musiqiyə qulaq asır, çay içir və beləliklə bir də görürəm ki, axşam düşüb.

                                                                                         03.01.1986

 

Bu gün bazara çıxdım. Ən yaxın dostum Məqsudu başqa bir yaxın dostum Yusubla gözlədik. Ancaq gəlib çıxmadı. Maşına minib ikilikdə çay qırağı tərəfindəki yeməkxanaların birinə gedib küplərdə bişirilən piti yedik. Sonra bazara gedib iki kiçik kitab şkafı alıb evə gəldim. Həvəslə öz balaca otağımda ən sevdiyim kitabları səliqə ilə düzdüm. Baxıram, ləzzət verir.  Balaca kağız ramkalarda Rankenin, Qobinonun, Burkhardın, Tenin, Lebonun, Şpenqlerin, Kamyunun və nəhayət Məhəmməd peyğəmbərin portretlərini düzmüşəm. Bu ağlasığmaz həqiqət carçılarının alicənab üzlərinə baxıb ürəyim açılır. Elə bil hamısı mənimlə söhbət edir.  Yuxarı altı böyük portretlərdən isə Həzrət Əli, Epikur, Şopenhauer,  Nitşe, Coys və  Lev Qumilyev otağımı bu müqəddəs dahilərin ruhu ilə doldurub. Bunlar mənim atalarım, qardaşlarım və ən etibarlı dostlarımdır. Bir şey təəccüblüdür, yaxşı, S. Rüstəm, S.Vurğun, Süleyman Rəhimov, Məmməd Cəfər, Məmməd Ariflər  bu dahilərin adlarını çəkə bilməz, əsərlərini də nə oxuya, nə də bəyənə bilməzdilər. Bu aydındır. Bəs axı inqilabdan qabaq yaşamış H. Zərdabilər, Ə.Haqverdiyevlər, N.Vəzirovlar ki, Şopenhauer və Nitşeni oxuya bilərdilər. Bəs onlar niyə Lebon kimi nəhənglərin hüç adlarını belə, çəkməyiblər. Gündəlik yazmaslar da, axı hardasa dünya mədəniyyətinə, eləm və fəlsəfəsinə, eləcə də ədəbiyyatına bu qədər böyük yeniliklər gətirən, bu qədər böyük nəhənglərdən tamamilə xəbərsiz ola bilməzdilər.  Amma bu yoxdur. Necə ki, hətta bu gün də sadaladığımız və adlarını çəkmədiyim başqa dahilərin  əsərlərini oxumaq imkanı əldə etsələr belə, Anarların, Əkrəmlərin, Elçinlərin, F.Qocaların, R.Rövşənlərin də Nitşe və Lebonlardan güman ki, xəbərləri yoxdur. Bəlkə də xəbərləri var, inanmaq olmur ki Nitşe və Kafkadan az da olsa  oxumasınlar. Amma səviyyəsizlikləri, həqiqətdən qorxmaları buna imkan vermir Axı onlar öz əsərləri və qəhrəmanları səviyyəsindədirlər – cılız və dılğır.  Və ümumiyyətlə bir millət kimi də ziyalılarının çəkisi ilə o qədər də fərqlənməyərək hələ də yüz il qabaqkı vəziyyətdə və səviyyədəyik.

                                                                            

                                                                                          10.01.1986

 

“Zərdüşt”ün ardı gəlmir. Gecə-gündüz o barədə düşünsəm də irəli getmək olmur. Elə bil tunelqazanlar  qranit süxurlara rast gəliblər. Musiqinin gücü ilə ilhamı oyatmaq istəyirəm.

        

                                                     *   *   *

 

Üzeyir bəyin keçən il qeyd olunan 100 illik yubileyini düşünürəm. Xalqından böyük olmaq doğrudan da bədbəxtlikdir.

 

                                                  *    *    *    

“Xalqların dəyəri ancaq və ancaq onların ruhən və mənən yetirdiyi böyük şəxsiyyətlərin sayı ilə ölçülməlidir” – deyən böyük Nitşe nə qədər mübahisəsiz dərəcədə haqlıdır.

 Ey tanrı, öz sehrli, qüdrətli, gözəgörünməz əllərinlə təmizlə dünyanı!!!

 Nə qədər ölkələr var ki bu cəhətdən əhalisi yalnız və yalnız sürüdür və sürü sayılmalıdırlar. Çünki kaftar sürüsündən və hətta siçovul sürüsündən zərrə qədər də fərqlənmirlər. Nəyə lazım Avstraliya aborigenləri və ya Afrika xalqları? Hətta onlardan xeyli üstün olanlar da eləcə dünya sivilizasiyasına, dünya zəka tarixinə, zəka aləminə heç nə bəxş etmədən otlaya-otlaya yaşayırlar. Əlbəttə, işçi qüvvəsi və ya top gülləsinin hədəfləri kimi olmasalar. Eləcə də intibah dövrü rəssamlarının əsərlərindəki afrikalı qullar nə qədər gözəldir.

13.01.1986.

  Əlisa  NİCAT