GÜNDƏLİKLƏR

21

                      1952 -2020-ci illər

(əvvəli ötən saylarımızda)

  Martin İden, böyük Martin sənin günündəyəm. Ancaq mən sənin kimi etməyəcəyəm mən qalib gəlib ağlasığmaz işlər görəcək, ən uca zirvəyə çıxıb laqeydliyimlə bütün bu ədəbiyyyat dəllallarının, bütün bu yazıçılar və şairlər sürüsünü öz əsərlərimlə həşərata döndərəcəyəm. Gecə də olsa. Ancaq mütləq döndərəcəyəm.

 Sevdiyim dahi Kafka  məni həyatdan uzaqlaşdırmır, əksinə mənə güc, səbr və inam verir. Bütün ədəbiyyatımız üçün, bəlkə də lap dünya ədəbiyyatı üçün yeni hadisə olacaq roman, povest və şeirlər yazmağa ruhlandırır. Kafkaya pərəstiş etmək o  demək deyildir ki, insanların qəddarlıq və miskinliklərinin tərənnümçüsü olasan. Xeyr, Kafkanı sevmək o deməkdir ki əvvəlində çox pis olan həyatı bütün mahiyyəti ilə anlayıb dərk etmiş olursan. Yüzlərl şair, yazıçı və tənqidçilərimiz içində bir nəfər də olsun Kafka pərəstişkarı, nəinki heç nə demək olduğunu bilənə də rast gəlmək olmur. Bütün bu sürü ədəbiyyatın nə olduğunu və nə olmalı olduğunu bilməyən qələm əhlidir.

 

                                                                                      20 mart 1967

 

Tale məni çox amansız sınaqlardan keçirib və keçirir.  Məni nələr gözləyir, tale mənə nə mükafatlar hazırlayıb? Bu qədər acılıqlar, məyusluqlar arxasında məni necə bir səadət gözləyir? Ölümmü? Onda heç nə! Dünya şöhrətimi? Əgər odursa, deməli hələ iki-üç il də beləcə davam etməlidir. Deməli hələ iki-üç böyük əsər də lazımdır.

 

                                                                                      20 aprel

 

Heç bir şey yazmıram. Həvəs yoxdur. Mirzə Şəfi şeirlərinin nəşrini gözləyirəm. Sadəcə illüstrasiyalar “Hafizə”ni başlamaq üçün kifayət edərdi.

                                                                                       6 dekabr 1967

 

Samuel Bekket də çapdan çıxdı. Elə bil Kafkadan doğulub. Kafka bitməz-tükənməzlikdir. O durduğu zirvədən nələr görürdü… Hər insan taleyi təkrarolunmaz olduğu kimi hər insan taleyinin faciəsi də təkraredilməzdir. Faciələr rəngarəngliyi! Bu Kafkanı heyrətə salırdı və həyatın doğrudan da müəmma olduğunu bir daha dərk edirdi. Kafkanın təkcə durduğu səviyyə kifayət idi ki o düşündüklərinin müstəqim əks etdirməkdən imtina etsin. Hər hadisə və əşyanın iki qütbü olduğu kimi insanlar da Kafka üçün eləcə çoxqütblü idi. Həyatı  “rekonstruksiya” adlandırmaq məhz onu ən aydın şəkildə görə bilməyin nəticəsi idi. Amma eyni balaca  “Fırfıra” pritçasında, eləcə də “Yan ötənlər” pritçasında  olduğu kimi düşündüklərinin əksinə olan nəticələrə gəlirdi. Əslində Kafka büsbütün instinktlə yaşayan xalq üçün deyil, hətta xalqın bu səviyyəsindən də aşağı olan əksər ziyalı kütləsi üçün də deyildi. Kafka yalnız filosoflar, böyük yazıçılar üçündür.

                                                                                              7 dekabr 1967

 

 Kafka üçün dünya bir ovuc içi idi. Əslində dünyanı bu cür görən sənətkarlar az olmamışdı. “Hamlet”də,  “Don Kixot”da,  “Qulliverin səyahəti”ndə Kafka elementləri vardır…

                                                                                   

                                                                                       9 dekabr 1967

   Roman (“Nəğməyə dönmüş ömür”) axırı ki çapdan çıxdı. “Azərbaycan” jurnalının birinci nömrəsini alıb baxdım, baxdım və baxdım. Dörd-beş il qabaq olsaydı!!! Ey Mirzə Şəfi! Heç kim bilmir ki mən yenidən dünyaya gələn sənəm. Yenidən dünyaya gəlib sənin kimi həyatı, gözəlliyi, təbiəti sevib qüssəli və şux şeylər yazmaq istəyirəm və yazıram.

                                                                                        2 fevral

 

Hələlik həyatımın ən böyük nailiyyəti lent yazılarımdakı musiqilərdir. Onlardan başqa heç nəyim yoxdur. Amma heç nə deyəndə heç özüm də bilmirəm ki nəyi  “bir şey”  hesab etmək olar.

 

                                                                                     8 fevral

 

  İşdə bütün günü həşəratların içindəyəm. Bütün Azərbaycanda bir cüt Əsgər və Gülçöhrə tapmaq olarmı? Hamı bütün cütlüklər erkək-dişi kimi, heyvanlar kimi qoşa olur, ailə qururlar.

                                                                                          14  fevral

 

        Bir günəş istəyirəm gecə məndə qalası…

                                                                             17 fevral

 

                                                *   *   *

                                                                                

       Necə olur ki həyat belə inadla davam etmək istəyir. Necə olur ki, bütün canlı aləm bu qədər fədakarlıqla, bu qədr ağlasığmaz bir həvəs və qüvvə ilə nəslinin qayğısına qalır. Niyə təbiət və cəmiyyətdə hər şey bizə qanunauyğunluq kimi görünür. Çünki ağlımız yalnız bu qanunauyğynluq dairəsində düşünməyə məhkumdur.

                                              

                                                                                   19 fevral  

 

 Kafkanın “Gündəliklər”ini aldım və insanın bu qədər dərinə gedə bilməsinə – belə bir imkanın mövcud olmasına məəttəl qaldım.  Bu nadir və qəribə insan sanki hara isə gedirmiş, amma səhvən dünyaya gəlib. Amma təbii ki, nə qədər çalışıbsa yaşasın, mümkün olmayıb.                         

 

                                                                                        10 mart 1968

 

Üzeyir nəsli (Cəfər Cabbarlı, N.Nərimanov) xalqımızın qu nəğməsi imiş.

 

                                                                                          11 mart 1968

 

“Qızılbaşlar” və “Mirzə Şəfi”dən sonra heç vaxt tarixi şey yazmayacağam. Çünki xeyli əziyyət tələb edir.

 

                                                                                           15 mart

 

 

 Lap yaxın vaxtlarda bir il, iki il ancaq hekayələr yazacağam. Gəzib yorğun-arğın evə gəlirəm.

 

                                                                                       24 mart 1968

 

  Evlənməkdən – yəni oğul atası olmaqdan başqa elə bir problem qalmayıb. Canlı bir varlıq kimi məqsəd və vəzifəni yerinə yetirmək mütləq lazımdır.

 

                                                 *   *   *

 

 Bir zərrə də olsa sevincimi yaxın adamla bölüşmədən yaşaya bilmirəm…

 Dünyada nə qədər xoşuma gələn musiqi varsa, demək olar ki hamısını lentə yazıb götürmüşəm. Dünyanın ən böyük xoşbəxtliyini – əlbəttə sevgidən başqa – bu musiqilərdə görürəm.

 İşdə və şəhərdə Arif Mustafayevlə oluram. Nə qədər gözəl insandır. Gürcüstanlılar içində belə yaxşı insanlar az deyil.

 Vidadi Paşayev bir vaxt yaxşılıq eləmişdi. İndi namərdlik edib mənim üçün bir dost kimi öldü.

  Mən “indi”dən heç nə götürə bilmirəm və təzə xatirələr nadir hallarda bədii əsərə dönə bilir.

 

                                                                          25 mart 1968

                  

 

  Məni  bu qədər musiqinin  gözləməyinə baxmayaraq yenə evə gəlmək istəmirəm. Heç bir şey məni çağırmır. Yaza bilmirəm, oxuya da bilmirəm.

 

                                                                                           26 mart 1968

 

“Qodonun intizarında” axı artıq əlimdədir. Ancaq qorxumdan oxuya bilmirəm. Əsəblərimin dincliyini gözləyirəm. Bu qış da qurtarır. Heç nə yaza bilmədim. Ancaq hiss edirəm ki, qabağı alınmış sel kimi içim doludur.

 

 28 mart 1968.

(ardı var)

   Əlisa  NİCAT