GÜNDƏLİKLƏR

285

       1952 -2020-ci illər

 

(əvvəli ötən saylarımızda)

 

Bu gün Səadət  yenə işdən  xəstə gəldi… Ey qadir Allah, bu qədər amansız rəftar, sərt imtahanlar nəyin əvəzinədir? Bu qədər qəzəbin, kinin səbəbi nədir? Bütün gecəni onunla əlləşdik. Axı səhər hökmən işə getməlidir.

 Səhər sanki möcüzə baş verdi. Səadət qalxıb işə getdi.

 

                                            *     *    *

 

Nə müddətdir ki daha quxularda  “qızıl qaz” olmuram. Hər şey keçib gedir. Sevinc də, həsrət də ölüb-unudulur. Demək olar ki, heç nə yazmıram. Nə Gülarə haqda, nə də Hafizə haqqında. Bir çap yarımlıq balaca povesti başlaya bilsəydim, mövzu məni evə qovub yazmağa məcbur etsəydi… Axı mən üslubumun, gücümün nədə olduğunu bilirəm. Axı nəyin dünya və bizim üçün təzə və maraqlı olduğunu bilirəm. Di gəl ki, yazmaq çətindir.

 

                                                                         2 dekabr 1966

 

 Kafkanı  bu yürüşündə həyatın  heç bir parıltısı, adi insanları sürünməyə məcbur edən hüç bir cazibəli, hətta sehrli ləzzət və maraq qaynağı, böyükləri əyləndirən heç bir ideya və məqsəd mənbəyi saxlaya, özünə çəkə bilmədi. Kafka  iki min illik sivizasiyanın bütün topladıqlarını dərk edib insanlara bu sivilizasiyanın nailiyyətlərindən daha çox şey verən yaradıcılığını təfəkkürün mifik və müdhiş zirvəsini fəth edərkən əldə edə bildi. Kafka yalnız qorxaqları qorxudur, məhz bu qorxunu gizlətmək üçün və ya ondan gizlənmək üçün özünü optimist adlandıranları qorxudur.

 

                                     *    *     *

 

 Lənkərandan gələn anamın mənim arıqlamağımdan şikayət etməsi və kədərlənməsi  xeyli təsirli idi.

 

                                    *    *    *

 

Bu gün “Azərnəşr”in planına baxdım. Məndən başqa hamının kitabları çap olunur.

                                                                               5  dekabr

 

 

 Kafkanın baxışlarının və düşüncələrinin sabitliyi və qətiliyi heyrətamiz dərəcədə dəqiqliklə onun yaradıcılığında əks olunub. Elə bil insanlar onun gözünə öz astarlarında görünürdülər. Kafka öz qeyri-adi görmə üstünlüyündən istifadə edib dəətli psixoloji vaqeələr, hadisələr yazıb qələmə ala bilirdi. Bununla Natali Sarronu bir neçə onillik, hətta yarım əsr qabaqlaya bilərdi. Lakin əvvələn artıq bu sahədəəyyən dərəcədə bəsit olsa da, hər halda yenə Dostoyevski kimi bir sələfi var idi. İkincisi istər-istəməz üslubda müəyyən sentimentalizmə yer verməliydi ki, bu da Kafka üçün dözülməz bir şeydi. Və nəhayət bütün bunlarsız Kafka sözsüz ki indiki tənha və əfsanəvi mövqeyində dura bilməzdi.

  Ya bilərəkdən, ya da bilməyərəkdən Kafka başqa bir ifadə tərzi seçdi.

 

               

                                          *    *     *

 

 Heç bir şey yazmıram. Həvəs yoxdur. Bircə Mirzə Şəfinin kitabı gəlsəydi, adının yazılışı şəkli, bir-iki illüstrasiya və şeirləri “Hafizə”ni başlaya bilməyim üçün bəlkə də kifayət edərdi.

                                                                                 6  dekabr

 

 Samuel Bekket də çapdan çıxdı. Bircə Freydi də əldə etsəydim…

 

                                      *    *    *

 

 Kafka bitib-tükənməzlikdir.  O dayandığı zirvədən nələr gördü? Hər insan taleyi təkrarolunmaz olduğu kimi, hər insan taleyinin faciəsi də təkrarolunmazdır. Bu faciələrin rəngarəngliyi Kafkanı heyrətə salmışdı və həyatın doğrudan da əcaib, müəmma və dərkolunmaz olduğunu bir daha dərk etdi.

Hər bir hadisə və əşyanın iki zidd qütbü olduğu kimi həyat və insan da Kafka üçün həm aydın, həm də dərkedilməz idi. Həyatı  “konstruksiya”  adlandırmaq məhz onu aydınca görə bilməyin nəticəsi idisə, “Fırfıra” və başqa pritçalarında mənalar bu fikrin tam əks qütbünü ifadə edir. Kafkanın təkcə durduğu səviyyə kifayət idi ki, düşündüklərini müstəqim  əks etdirməkdən imtina eləsin.

 Əslində Kafka büsbütün instinktlə yaşayan xalq üçün deyil, hətta xalqın bu səviyyəsindən də aşağı olan əksər ziyalı kütləsi üçün də deyildi. Kafka yalnız filosoflar, böyük yazıçılar üçündür. Məhz bu cəhətdən yanaşdıqda onun bütün ideologiyalar – o cümlədən kommunizm üçün də heç bir təhlükəsi olmadığı aşkar olacaq.

 

                                                                        7 dekabr

 

 Kafka üçün dünya bir ovuc içi idi. Əslində dünyanı bu cür görən sənətkarlar az olmayıb. “Hamlet”də,  “Don Kixot”da, ən çox isə  “Qulliverin səyahəti”ndə bir çox səhifələr var ki, onlara görə Şekspir, Servantes və Svifti də Kafkanın sələfləri adlandırmaq olar. Bu cəhətdən Svift xüsusilə nəzərə çarpır. Onun əsərlərindəki I-II və III fəsillərdəki sarkazmı yalnız o dövrkü ingiltərəyə və ümumiyyətlə ingilislərə aid etmək sadəlövhlük və ya saxtakarlıq olardı.

   XX əsrdə isə Kafka yaradıcılığının ədəbi davamı  kimi “Martin İden”i qeyd etmək olar. Oradakı cəmiyyəti də eynilə dünyəviləşdirməklə  Kafkanın  öz ədəbi səltənətini bilavasitə möhkəm bir zəmin üzərində ucaltdığını görmüş olarıq.

 Lakin Kafka XX əsrin sənətkarı olmaq etibarilə səhnəyə həyatın bütün ictimai aləmin, fəlsəfi kateqoriyalarını cəmiyyətlərin özünə göstərmişdi.

  Əlbəttə Kafkanın realizminə minnətdar olmağa bir çox böyük sənətkarların borcudur. Kafka onlar üçün yeni bir aləmin qapısını açmışdır. Və bu qapıdan içəri daxil olub Kamyu, Sartr və ya XX əsrin bir çox ingilis dahiləri, ilk növbədə Coys, Qoldinq və başqaları nəsrin zirvəsini fəth etmişlər. Yapon Kobo Abe də bu cür sənətkarların sırasına daxilldir.

                                                               

 (ardı var)

 Əlisa  NİCAT