Göyçaydakı dəhşətli qətlin təfərrüatı…

126

Qətl törədərək qaçan şəxsin kimliyi müəyyən edilib

Srağagün saat 11:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində rayonun Yalman kənd sakini, 1989-cu il təvəllüdlü Salehov Polad Rəhman oğlunu bıçaqlayan şəxsin adı məlum olub.

Hadisəni törədərək qaçıb gizlənən Göyçay şəhər sakini Ruslan Xəlilovun tapılaraq istintaqa təhvil verilməsi üçün rayon polis şöbəsinin və prokurorluğun əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Məlumata görə, Ruslan Xəlilov qətl hadisəsini Heydər Əliyev prospektində yerləşən və özünə məxsus ərzaq mağazasının qarşısında törədib. Yalman kənd sakini, bir uşaq atası Polad Salehov isə həmin ərazidə ailəsi ilə birgə kirayədə yaşayırdı. Onların arasında davanın hansı səbəbdən baş verdiyi  dəqiq məlum deyil.

Qeyd edək ki, bud nahiyəsindən bıçaq xəsarəti alan Polad Salehov təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə aparılıb. O, çoxlu qan itirdiyi üçün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.