GÖYÇAYDA GƏNCLƏR 8 MİN MANATA NECƏ “HƏRBİ XİDMƏTƏ YARARSIZ” OLUR…

444

“Famil Qasımov hərbi komissarlığı bazara döndərib”

Göyçay rayon sakinləri Həsənov Hüseyn Yadigar oğlu, Azadov Gəray Sədi oğlu, Məmmədov Bəhruz Tofiq oğlu və Nağıyev Azər Niftalı oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Qasımovdan şikayət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:

“Famil Qasımovun korrupsiya əməlləri nəticəsində dövlətə, Azərbaycan ordusuna ciddi ziyanlar dəyməkdədir. Belə ki, o, Göyçay hərbi komissarlığını açıq-aşkar bazara döndərib.

Hərbi xidmətə yararsız hesab edilən vətəndaşlar üç ildən bir təkrar tibbi müayinədən keçmək üçün əvvəl qiymət 300 manat idisə, hazırda Famil Qasımov bu məbləği 500 manata qaldırıb. Bunu isə onunla əsaslandırır ki, qiyməti “yuxarı”dan qaldırıblar.

Həmçinin Famil Qasımovun köməkliyi ilə sağlam, hərbi xidmətə tam yararlı vətəndaşlar saxtakarlıqla “hərbi xidmətə yararsız” edilmişdir.

Göyçay rayonunda “hərbi xidmətə yararsız” edilmiş sağlam insanlar var ki, onlar uzun müddət ölkədən xaricdə olsalar da, özləri burada olmadan tibbi müayinədən keçirilib, saxta və qanunsuz rəy verilib. Ölkədən kənarda olan şəxslərin tibbi komisiyadan keçirilməsi üçün Famil Qasımov onların hər birindən 2000 manat pul alır. Buna görə də, özü ölkədən kənarda olan, ancaq saxtakarlıqla tibbi komissiyadan keçirilmiş şəxslərin sənədləri yoxlanılmalıdır.

Zərurət var ki,  5 il ərzində tibbi komissiyadan keçirilib, “hərbi xidmətə yararsız edilmiş” şəxslərin sənədləri yoxlanılsın. Obyektiv yoxlama aparılarsa, bu fakt təsdiqini tapacaq. Famil Qasımov bu cinayəti həkimlərlə əlbir edib.

Həmçinin sağlam şəxsin “hərbi xidmətə yararsız” edilməsinin qiymətini müharibədən sonra Famil Qasımov 8000 manata qaldırmışdır. Səbəbini isə belə izah edir ki, müharibə şəraitindəyik.

Hətta komissar Famil Qasımov öz qohum tanışlarını da hərbi xidmətdən yayındırmışdır. Onların təkrar tibbi müayinədən keçirilməsini də heç bir yoxlama aparılmadan özü təşkil edir.

Bunlardan biri isə hərbi komissar Famil Qasımovun qohumu, şübhəli təhsili və saxta diplomlu olan Göyçay şəhər sakini Dadaşov Adil Qadir oğludur.

Dadaşov Adil Qadir oğlu sağlam və hərbi xidmətə tam yararlı olsa da, qohumu Göyçay rayon hərbi komissarı Famil Qasımovun köməkliyi ilə, saxta həkim rəyi ilə, “hərbiyə yararsız” edilmişdir.

Əgər Dadaşov Adil Qadir oğlu Bakı şəhərində ixtisaslaşdırlmış xəstəxanada müasir tibbi aparatlar vasitəsi ilə müayinə edilərsə, hərbidən yararsız edilməsinə əsas kimi qeyd edilmiş xəstəlik onda mövcud olmayacaq. Bu cinayətdir ki, hərbi komissar Famil Qasımov həkim komissiyası ilə əlbir etmişdir.

Hazırda Dadaşov Adil Qadir oğlunun təkrar tibbi müayinədən keçirilmə müddəti gəlib çatmışdır. Buna görə zərurət var ki, tam sağlam olan Dadaşov Adil Bakı şəhərində ixtisalaşdırlmış xəstəxanada müasir aparatlar vasitəsi ilə müayinə edilib, hərbi xidmətə göndərilsin. Ancaq hərbi komissar Famil Qasımov buna qətiyyən imkan verməz.

Famil Qasımov talançılıqla əldə edilmiş kapitalı hesabına Bakı şəhərində 2 böyük villaya, mərkəzdə 8 mənzilə və 12 böyük ticarət obyektinə sahib olmuşdur. Famil Qasımovun Azərbaycan Ordusuna vurduğu zərərin miqyası çox böyükdür.

İnanırıq ki, Ali Baş Komandan prezident cənab İlham Əliyev bu cinayət faktlarıının araşdırılıb, korrupsiya əməlləri ilə məşğul olan hərbi komissir Famil Qasımovun barəsində ciddi tədbirlər görülməsinə tapşırıq verəcək”.