Gəncləri intihara aparan səbəblər…

189

Psixoterapevt Paşa Yaqub: “İntiharı yaradan başlıca səbəb orqanizmdəki sabitliyin pozulmasıdır”

Sosioloq Aynur Hacıyeva: “Onlar özlərinə qarşı diqqət çəkməyin və mövcud problemlərin həllinin rahat yolunu intihar cəhdlərində görür”

Son dönəmlərdə intihar hadisələrinin sayı əvvəlki illərə baxanda kəskin şəkildə artıb. Ən acınacaqlısı isə intihar edənlərin gənc yaşda olmasıdır. İntihara cəhd edənlərin əksəriyyəti 15-34 yaş arasında olan gənclərdir. Araşdırmalar göstərir ki, Azərbaycanda, əsasən sağalmaz xəstəliyi olan, o cümlədən ruhi xəstələr, ailə üzvlərinin vəfatından depressiya keçirən, narkomaniyaya düçar olmuş, ali məktəbə daxil ola bilməyən şəxslər intihar yolunu seçir. Eyni zamanda, bəzi hallarda məcburi evləndirmə, ailə münaqişəsi, internetdə asılılıq səbəbindən özünə qəsd faktları da qeydə alınıb. Pandemiya səbəbiylə bəzi iş yerlərinin bağlanmasını da nəzərə alsaq, maddi problemləri və borcu olan şəxslərin intihar etməsi faktını da bura əlavə edə bilərik.

Bir neçə həftə əvvəl 20 yaşlı Sevil Atakişiyevanın özünü binanın 20-ci mərtəbəsindən atması cəmiyyətə şok effekti yaratmışdı. Təəssüf ki, son günlər də azyaşlı və gənc yaşda olanların intiharları ilə bağlı informasiyalar verilməkdədir.

Məsələn, dünən səhər saatlarında Sumqayıtda intihar edən 18 yaşlı Könül Misirli haqda bəzi detallar məlum olub. Məlumata görə, K. Misirli Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə birinci yerə çıxıb. Ali məktəbə qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb. Bakıda universitetlərin birinə daxil olsa da, ailəsi onun paytaxta gedib-gəlməyinin çətin olacağını düşünərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini istəyib. Könül Misirli Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülüb, bundan savayı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib. Hətta o, intihar etməmişdən əvvəl axşam saat 10 radələrində qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib…

Ümumiyyətlə, Azərbaycan cəmiyyətini, eləcə də dünyada yaşayan 50 milyonluq soydaşımızı düşündürən əsas problemlərdən biri tarixən formalaşmış milli ailə dəyərlərinin, formalarının durmadan yad təsirlərə məruz qalması, aşınmalara tuş gəlməsidir. Günümüzdə ictimai-məişət münasibətlərinin, çoxuşaqlı ailə modellərinin, qohumluq-qonşuluq konsepsiyasının get-gedə zəifləməsi cəmiyyətimizin əsas ağrılı problemlərindən birinə çevrilib. Əbəs yerə milli ailə dəyərlərindən bəhs etmədik. Ekspertlərə görə, intiharların əsas səbəblərindən biri də Azərbaycanda hələ “ailə inistutu”nun tam olaraq formalaşmamasıdır.

Psixoterapevt Paşa Yaqub “Hürriyyət”ə müsahibəsində bildirdi ki, insan enerji daşıyıcısı olduğuna görə, ona həm mənfi, həm də müsbət enerjilər daxil olur: “Bəzən insanın üzərinə güclü neqativ enerji axını baş verir. Bu qara enerji ruhdakı sabit cərəyanı “dəyişən cərəyan” formasına keçirir. Beləliklə, orqanizmdə sabitlik pozulur. Bundan sonra insanda həyəcanlanma, qorxu, diksinmə, qarabasma və sair baş verir. İnsan özünə qapanır, sevgisiz, həvəssiz olur, səbəbsiz ağrıları, qəlbində sıxılmalar olur, yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır. Bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud həzm problemləri olur, bəziləri isə, ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir. Səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir”.

Psixoterapevt vurğulayır ki, intihara hazırlaşan insanda sevgi hissi qəzəblə əvəzlənir: “Onu da qeyd edim ki, neqativ təsirə məruz qalmış və intihar həddinə çatmış adamlarda inam hissi olmadığından, özləri gəlmək istəmirlər. Bəzi hallarda yaxınları tərəfindən zorla gətirilirlər. Belə pasiyentləri yaxşı olar ki, məcburi şəkildə evində birbaşa müalicə etmək lazımdır. Ümumiyyətlə, intihar fikrində olan insanda, bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinir. Kompüterə düşən virus fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir. Araşdırmalar insanda intihar fikrinin yaranmasının nə tibbin, nə də psixologiyanın qanunlarına uyğun olduğunu göstərir. Əslində, bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu, elmlə də aradan qaldırılmalıdır. İntiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni enerjinin “dəyişən cərəyan” formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də o qaydada (həmin prinsiplə) sabitləşdirilməlidir”.

Müxtəlif yaş qruplarının intihara meylliliyi fərqlidir. Müşahidələr göstərir ki, intihar edənlər arasında yeniyetmələr və gənclər üstünlük təşkil edir. Bu yaş qrupunun depressiyaya meylli olması əsas səbəblərdən biri kimi qeyd olunur. Xüsusilə müasir dövrümüzdə yeniyetmələrin intihara meylliliyi yüksəkdir. Son zamanlar tez-tez müxtəlif telekanallarda və sosial şəbəkələrdə həmin yaş dövründə olan şəxslərin intihar cəhdləri haqqında məlumatları eşidirik.

Sosioloq Aynur Hacıyeva düşünür ki, gənclər sosial şəbəkələrdə yayılan informasiyalar sayəsində özlərinə qarşı diqqət çəkməyin və mövcud problemlərin həllinin rahat yolunu intihar cəhtlərində görür. O, bu cür cəhdlərin gənclərin həyatlarının sonlanması ilə nəticələndiyi deyir: “Son günlərdə gündəmdə intiharla bağlı xəbərlərə daha cox rast gəlirik. Buna görə çox insan psixoloji sarsıntı yaşayır. Yaşlı insanlardan tez-tez “bizim gəncliyimizdə intiharların sayı az idi. İnsanlar daha rahat firavan yaşayırdı. Cinayət halları nadir hallarda baş verirdi” və s. bu kimi fikirlər eşidirik. Həqiqətənmi, bizdən əvvəlki gənc nəsil insanlar daha sağlam ruhda idi? Problemləri müsbət tərəfdən itkisiz, zərərsiz hell etmək bacarığına malik idilər? Yoxsa o zamanlar cəmiyyətdə baş verənlər az sayda mövcud olan televiziya kanalları və bir neçə qəzet buraxılışları tərəfindən, yalnız süzgəcdən keçirilmiş xəbər formasında, daha yetkin yaş qrupuna daxil olan insanlara çatdırılıb? Bəs, müasir dövrümüzdə cəmiyyət və media əlaqələri necədir? Nə qədər əlçatandır? Texnologiyanın və sürətli internetin inkişaf etdiyi dövrdə demək olar ki, media cəmiyyətin özüdür. Son zamanlar intihar xəbərləri mediada, xüsusilə sosial şəbəkələrdə və xəbər səhifələrində gündəmdədir. Xəbərlə yanaşı, video-görüntülər, şəkillər geniş şəkildə paylaşılır. Sosial şəbəkələrdən isə həssas, psixi pozuntulardan əziyyət çəkən insanlar, yeniyetmə və uşaqlar heç bir məhdudiyyət olmadan rahatlıqla istifadə edir. Onlar aldıqları informasiyalar sayəsində özlərinə qarşı diqqət çəkməyin və mövcud problemlərin həllinin rahat yolunu intihar cəhdlərində görür. Bəzən bu cəhdlər həyatlarının sonlanması ilə nəticələnir. Bu səbəbdən, bu tipli xəbərlərin cəmiyyətə təqdim edilməsi yalnız peşakar media nümayəndələrinə həvalə olunmalıdır. İntihar və ya bu kimi insanların həyatı və psixologiyası üçün təhlükə yarada biləcək xəbərlərlədən gündəmdə qalmaq üçün yox, problemlərin başqa həll yolları olduğunu, insanlara onların problemlərini həll etməyə köməklik göstərə biləcək təşkilatlar və mütəxəssislərin mövcudluğu haqqında marifləndirici məlumatlar vermək üçün istifadə edilməlidir”.

Düşünürük ki, düzgün maarifləndirmə və ölkədə “ailə inistutu”nun formalaşdırılması intiharlara qarşı əsas mübarizə üsuludur. Sosial şəbəkənin yaratdığı imkanlardan düzgün şəkildə istifadə edilməlidir. İntiharın təşviqi deyil, yolverilməzliyi təlqin edilməlidir…

YƏHYA

Qeyd: Mövzunu davam etdirəcəyik.